Bu ilin III rübündə də Azərbaycan əhalisinin borclanmasında artım davam edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Sənədə əsasən, iyul-sentyabr aylarında respondent bankların 78 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 22 %-i isə orta dərəcədə artım olduğunu bildirib.
Nəticədə rüb üzrə diffuziya indeksi 17 % təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir.
III rübdə ümumi istehlak kreditləri üzrə standartlarda cüzi sərtləşmə müşahidə olunub. Bankların sorğudakı cavablarına əsasən əvvəlki rüblə müqayisədə ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayıb.
Respondentlər növbəti rübdə də ümumi istehlak kreditləri, o cümlədən ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Banklardan əldə edilmiş məlumatlara əsasən, 2026-cı ilin III rübündə ümumi istehlak kreditlərinə, o cümlədən ipoteka kreditlərinə tələb artıb.
Banklar növbəti rübdə ümumi istehlak və ipoteka kreditləri üzrə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar.
Əhalinin borclanma səviyyəsində artımı daha çox insanların istehlak imkanlarının genişlənməsindən, yoxsa gündəlik xərclərini qarşılamaq üçün kreditlərə üz tutmasından irəli gəlir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Anar İsayev bildirib ki, əhalinin borclanmasının artmasını yalnız istehlak imkanlarının genişlənməsi kimi qiymətləndirmək düzgün olmaz:
“Bu prosesin arxasında həm istehlak tələbinin artması, həm də əhalinin gündəlik maliyyə ehtiyaclarını kreditlər hesabına qarşılamaq məcburiyyətinin güclənməsi dayanır.
Hesab edirəm ki, 2026-cı ilin III rübündə əhalinin borclanmasının davam etməsini bir neçə iqtisadi amillə izah etmək olar. İlk növbədə, burada əhalinin gəlirləri ilə real xərcləri arasındakı münasibət mühüm rol oynayır.
Ərzaq, kommunal xidmətlər, nəqliyyat, səhiyyə və digər gündəlik tələbat xərcləri ailə büdcəsinə ciddi təsir göstərir. Əməkhaqqı və digər gəlirlər bütün hallarda bu xərclərin artımını kompensasiya etmədiyindən, müəyyən ailələr yaranan maliyyə boşluğunu istehlak kreditləri hesabına bağlamağa çalışırlar.
Bu baxımdan kreditə müraciət heç də həmişə əlavə istehlak imkanının yaranması demək deyil, bəzən mövcud həyat səviyyəsini qorumaq vasitəsinə çevrilir”.
Onun sözlərinə görə, ikinci mühüm amil istehlak bazarında kreditlə alış-veriş imkanlarının genişlənməsidir:
“Məişət texnikası, elektronika, avtomobil və digər uzunmüddətli istifadə mallarının kreditlə əldə edilməsi əhali arasında borclanma meyilini artırır. Bankların və qeyri-bank kredit təşkilatlarının təklif etdiyi müxtəlif kredit məhsulları da bu prosesi stimullaşdırır.
Burada rəqəmsal kreditləşmənin, onlayn müraciətlərin və sürətli kredit qərarlarının rolunu da nəzərə almaq lazımdır. Üçüncü amil daşınmaz əmlak bazarı və ipoteka kreditlərinə tələblə bağlıdır.
Mənzil əldə etmək istəyən, lakin bunu birdəfəlik ödənişlə həyata keçirmək imkanı olmayan ailələr ipoteka kreditlərinə üz tuturlar. Bu, müəyyən mənada əhalinin uzunmüddətli maliyyə planlaşdırmasına və mənzil təminatına xidmət edir.
Lakin ipoteka öhdəlikləri də ailə büdcəsinin gələcək illər üzrə müəyyən hissəsinin əvvəlcədən kredit ödənişlərinə bağlanması deməkdir”.
O əlavə edib ki, AMB-nin sorğusunda diqqət çəkən başqa bir məqam kredit tələbinin artması ilə yanaşı, bankların kredit standartlarında ciddi dəyişikliklərin müşahidə olunmamasıdır:
“Bu, kredit bazarında tələbin hələ də aktiv olduğunu göstərir. Bununla belə, bankların istehlak kreditləri üzrə standartları cüzi sərtləşdirməsi risklərin müəyyən qədər nəzərə alındığını göstərən siqnaldır.
Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, borclanmanın artması avtomatik olaraq əhalinin rifahının yüksəlməsi demək deyil.
Əgər kreditlər əsasən yeni istehlak və investisiya imkanları yaratmaq üçün götürülürsə, bu, iqtisadi aktivliyin göstəricisi sayıla bilər.
Ancaq kreditlər ərzaq, kommunal xidmətlər və digər zəruri gündəlik xərclərin ödənilməsinə yönəlirsə, bu, ailələrin maliyyə dayanıqlılığı baxımından müəyyən problemlərin mövcudluğuna işarədir.
Digər tərəfdən, borclanmanın artması ilə əhalinin ödəmə qabiliyyəti arasındakı tarazlıq qorunmalıdır.
Kredit öhdəliklərinin gəlirlərə nisbətən sürətlə artması gələcəkdə problemli kreditlərin çoxalmasına, ailələrin maliyyə yükünün ağırlaşmasına və istehlak imkanlarının məhdudlaşmasına səbəb ola bilər”.
Anar İsayev qeyd edib ki, hazırkı tendensiyanı yalnız əhalinin istehlak imkanlarının genişlənməsi ilə əlaqələndirmək olmaz:
“Burada həm istehlak tələbi, həm də gəlirlərin gündəlik xərcləri qarşılamaq imkanlarının məhdudlaşdığı ailələrin kreditlərə müraciəti rol oynayır.
Əsl iqtisadi qiymətləndirmə üçün isə təkcə kreditlərin həcminə deyil, onların hansı məqsədlə götürülməsinə, ailələrin borc yükünün gəlirlərinə nisbətinə və vaxtı keçmiş kreditlərin dinamikasına da baxmaq lazımdır.
Çünki sağlam kreditləşmə iqtisadi inkişafı dəstəkləyir, gəlirlərlə təmin olunmayan borclanma isə müəyyən müddətdən sonra həm əhali, həm də bank sektoru üçün riskə çevrilə bilər”.
Gülər Həsənli
Şərh yaz




