Xankəndidə bizim bayraq dalğalanacaq – TALEH ƏLİYEV

Ümid Partiyası İcra Aparatının rəhbəri, politoloq, Qarabağ qazisi, kapitan Taleh Əliyev Kanal13 İnternet Televiziyasına müsahibə verib. 

Qarabağ qazisi Taleh Əliyev veriliş zamanı bildirib ki, bu tarix Azərbaycanın tarixinin qızıl səhifələridir: “44 günlük müharibə tariximizin qızıl vərəqləridir. Düzdür, bu dövrdə həyəcan da, narahatçılıq da, nigarançılıq da var idi. Şəhidlər verdik. Onların ruhlarına borcluyuq. Allah cəmi şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun. Şəhidlərimiz canları bahasına bizə qələbə sevinci yaşatdılar. Yaralılarımıza şəfa, qazilərimizə can sağlığı arzulayıram. Bütün hərbçilərimizə minnətdarlıq düşür. Onlar 200 illik tariximizdə bizim mənliyimizi, qürurumuzu yüksəltdilər. Şərəfli millət, şərəfli dövlət olmaq zövqünü yaşatdılar. 44 günlük müharibədən acısız danışmaq mümkün deyil. Biz müharibəni filmlərdən görmüşdük, yaşlı adamlar danışanda eşitmişdik. Ağrı, acılarla yanaşı sevindiyimiz anlar da oldu. Nəticədə yeni tarix yazıldı. Adam öz yaxınını, şəxsi heyətindən kimisə itirəndə pis olur. Amma bir az soyuqqanlı davranmalıyıq, düşünməliyik ki, müharibədir və müharibə itkisiz olmur”.

Müharibədə müəyyən təxribatlar oldumu? – sualına Taleh Əliyev belə cavab verib: “Bəli, müharibə vaxtı müəyyən təxribatlar oldu. Biz isə hərbi qaydalara maksimum əməl edirdik. Amma hamı bilir ki, bütün bunlar düşmən təxribatıdır. Şayiələr idi. Guya fərarilik var. Guya özümüzünkülər nəsə pis nəticələnəcək oyunlar qurur və s. Hamısı düşmən təxribatı idi. Bizim qidalanma, geyim, silah-sursat cəhətdən heç bir problemimiz yox idi”.

Taleh Əliyev 10 noyabrdan sonrakı dönəm haqqında bildirib ki, 10 noyabr tarixindən sonra üç rayon boşaldıldı. Verilmiş qrafikdə Kəlbəcərdə dəyişiklik oldu. Xahiş etdilər, Azərbaycan tərəfi də onların xahişini nəzərə aldı. Bizim əlimizdə açıq məlumatlar yoxdur. Amma sosial şəbəkələrdə bəzi şeyləri oxuyub təhlil edirik. Erməni əsilli vətəndaşların yaşadığı ərazilərdə rus sülhməramlılarından ruhlanan adamlar özlərini partizan kimi aparmağa cəhd edirlər. Təbii ki, buna görə Azərbaycan tərəfi antiterror əməliyyatı aparır və bu istiqamətdə qətiyyətlidir.

Deyirlər, Rusiyanın razılığı olmasaydı torpaqları azad edə bilməyəcəkdik. Torpağı kim azad etdi və burada Rusiyanın rolu nədir? – sualına Ümid Partiyasının Aparat rəhbəri belə cavab verib: “Azərbaycanın itirilmiş torpaqlarını Azərbaycan ordusu azad etdi, burada xalqın da birmənalı dəstəyi özünü göstərdi. Bunu heç kim inkar etmir, edə də bilməz. Hətta bir çox dövlətlər ikinci Qarabağ savaşından özləri üçün nümunələr də götürürlər. Rusiya bölgədə siyasi gücdür və proseslərə təsir imkanları kifayət qədərdir. 10 noyabr atəşkəsinin əldə olunmasında Rusiyanın rolu müstəsnadır. Amma təbii ki, Azərbaycan atəşkəsdən uğurla çıxdı. Üç rayon bir güllə də atılmadan geri qaytarıldı. Artıq Azərbaycan qərargahı müəyyən edəcəkdir ki, erməni əsilli Azərbaycan vətəndaşları harada xidmət edə bilər. Xankəndi, Əsgəran, Xocalı, Xocavənd, Ağdərədə Azərbaycan bayrağı dalğalanacaq. Buna heç kimin şübhəsi olmasın”.

 

Verilişi izləyicilərə təqdim edirik:

 

 

 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz