Tərtər İH başçısı şəhid ailələrinə və qazilərə laqeyd münasibət göstərir – ADİL QULAMİ

Partiya quruculuğu məsələsində liderimiz İqbal Ağazadənin cəmiyyətə ünvanladığı mesajlar partiya quruculuğundakı fəaliyyətimizə müsbət təsir göstərir.

Ümid Partiyası Ali Məclisin üzvü, Tərtər Rayon Şöbəsinin sədri Adil Qulami umidparty.org saytının müsahibidir.

Qarabağ müharibəsi dönəmində Tərtər cəmiyyət tərəfindən həm də “Qəhrəman şəhər” adı qazandı. Nə yaşandı rayonda?

Tərtər əhalisi bütün cəbhəyanı rayonların əhalisi kimi xüsusi müharibə dövründə bu qəhrəmanlıq nümayiş etdirdi. Və bu iş hal-hazırda da davam edir. Ötən dövr ərzində bütün məhrumiyyətlər tərtərlilərin əzmini qıra bilmədi. Düşmənin bütün cəhdlərinə, təxribatlarına baxmayaraq insanlarımız bir an belə öz mövqelərindən çəkilmədi.

Bu gün rayonda vəziyyət necədir?

Məsələyə sosial problemdən yanaşanda öncə onu deyə bilərəm ki, ürəkaçan deyil. Bu rayonda iş yerləri kifayət qədər azdır. İnsanların böyük əksəriyyəti qonşu rayonlarda, paytaxtda işləməyə üstünlük verirlər. Bu isə rayonun inkişafını ləngidir.

Yəqin son bir ilin pandemiya problemi də mövcud duruma təsir göstərib?

Sözsüz. Pandemiya dönəmində rayonlararası gediş-gəlişin məhdudlaşdırılması həmin şəxslərin iş yerlərinə getməsini də imkansız hala gətirdi. Bu sosial vəziyyəti daha da ağırlaşdırdı. Rayon ərazisində məlum xəstəliyin də geniş yayılması insanların vəziyyətini daha kritik vəziyyətə saldı. Dərmanların qiyməti süni şəkildə bahalaşdı. Bu da evdə müalicə almağa məcbur olan rayon sakinlərinin sağlamlığını, həyatını təhlükə altına atdı.

Tərtər rayon icra hakimiyyətinin başçısının da əhaliyə münasibəti ilə bağlı xeyli informasiyalar dolaşmaqdadır. Bu barədə nə deyə bilərsiniz?

Tərtər rayon icra hakimiyyətinin başçısı demək olar sakinləri düşünmür. Ancaq öz şəxsi kapitalını artırmaqla məşğuldur. Rayonda sıradan bir dövlət müəssisəndə xadimə işləmək üçün belə mütləq rüşvət tələb edilir.  

Tərtərlilər illərdir ki, müharibə şəraitində yaşadılar. Bu gün necədir vəziyyət?

Vətən müharibəsi dönəmində rayon ərazisində xeyli dağıntılar oldu. Dağıntıların aradan qaldırılması ilə bağlı konkret tapşırıq verilsə də, vəsait ayrılsa da təəssüflə qeyd edə bilərəm ki, gözlənilən nəticə əldə edilmədi. İşlər ciddi pozuntularla müşayət olunur. Çünki işlər doğru-düzgün qurulmayıb.

Millət olaraq tarixə yazılacaq bir zəfərə də imza atdıq. Lakin qələbəmiz itkisiz də olmadı. Tərtərdən neçə şəhidimiz olub?

Vətən müharibəsi dönəmində Tərtər rayonundan 72 nəfər qəhrəman övladımız şəhidlik zirvəsinə ucaldı. 150 övladımız isə müxtəlif dərəcədə yaralandı. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahda şəfa arzulayıram. Bununla paralel 17 dinc sakin də həyatını itirdi. 60-dan çox mülki şəxs isə ermənilər tərəfdən atılan bombalar nəticəsində ciddi şəkildə yaralandı. Bütün bunlara rəğmən rayonu tərk etməklə bağlı heç vaxt düşünmədik.

Şəhidlərin dəfnində fəallarımızla birlikdə icazə verilən formada iştirak edirdik. Bu bizim mənəvi borcumuzdur. Lakin yenə də qeyd edim ki, Tərtər rayon İcra hakimiyyətinin başçısı şəhid ailələrinə və qazilərə hələ də laqeyid münüasibət göstərir. Bu istər mətbuatda, istərsə də sosial şəbəkələrdə daha aydın öz əksini tapır.

Tərtərdə partiya quruculuğu ilə bağlı hansı yeniliklər var?

Partiya quruculuğu məsələsində liderimiz İqbal Ağazadənin cəmiyyətə ünvanladığı mesajlar bizim işimizə kifayət qədər müsbət təsir göstərir. Bilirik ki, hakimiyyətə gəlməyin bir yolu var – o da demokratik seçkilərdir. Biz vətəndaşlarımıza seçkidə fəal olmağı tövsiyyə edirik, rayonda seçki mədəniyyətinin formalaşması üçün maarifləndirmə işləri görürük.

Qeyd:  Qulami Adil Miriş oğlu 15 may 1955-ci ildə Tərtər şəhərində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) “Sənaye və mülki tikinti” fakültəsini bitirib.
Təqaüdçüdür.
Ümid Partiyası Ali Məclisin üzvü, Tərtər Rayon Şöbəsinin sədridir

Şərh yaz