Şuşanın işğalından 28 il ötür
Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 28 il ötür.
Azərbaycanın qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə ermənilər Dağlıq Qarabağın Azərbaycandan faktiki qoparılmasına nail olublar.
Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan-yuvasından didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər hələ də heç bir məlumat yoxdur.
İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəni abidələr düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
BMT Təhlükəsizlik Şurası ölkəmizin işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd məlum qətnamə, BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnamə, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnamə və 1690 saylı tövsiyə, həmçinin Avropa Parlamenti Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü ildə qətnamə qəbul etsələr də, Ermənistan bu qətnamələri görməzdən gəlir, haqları pozur, BMT tələblərini yerinə yetirmir.
Halbuki bu qətnamələrdə birmənalı olaraq, Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunub.
Ümumilikdə, Ermənistan Silahlı Qüvvələrinin Şuşa da daxil olmaqla Azərbaycanın 289 kvadrat kilometr ərazisini işğal edib.
Ümid Partiyasının Mətbuat Xidməti