Moskvanın sərt mesajı: “Təşkilatda iştirak etmirsənsə, qərarlara təsir imkanın da məhdudlaşa bilər” – ANAR İSAYEV şərh edir
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsinin noyabrın 11-də Moskvada keçiriləcək sammitdə müzakirəyə çıxarıla biləcəyi açıqlanıb. Rusiya bu addımı Ermənistanın təşkilatın fəaliyyətində iştirakdan imtina etməsi və maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırır. Bu isə İrəvanla KTMT arasında siyasi böhranın formal hüquqi mexanizmlər mərhələsinə keçdiyini göstərir.
Ermənistanın səsvermə hüququndan məhrum edilməsi KTMT daxilində İrəvana qarşı siyasi təzyiq vasitəsinə çevrilə bilərmi, yoxsa bu, təşkilatın onsuz da zəif olan birliyini daha da sarsıdar?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələni yalnız KTMT-nin daxili proseduru kimi deyil, Rusiya–Ermənistan münasibətlərində dərinləşən siyasi qarşıdurmanın növbəti mərhələsi kimi qiymətləndirmək daha doğru olar.
Əgər Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması məsələsi gündəmə gətirilərsə, bu, ilk növbədə İrəvana qarşı siyasi və institusional təzyiq mexanizmi olacaq. Çünki Ermənistan faktiki olaraq KTMT-nin fəaliyyətində iştirakını dondurub, təşkilatın tədbirlərinə qatılmır və İrəvanla Moskva arasında təşkilatın gələcəyi ilə bağlı ciddi fikir ayrılığı mövcuddur.
“Moskvanın məntiqi belədir: Ermənistan təşkilatın imkanlarından istifadə etmədiyi halda, onun qərarvermə mexanizmlərində əvvəlki statusunu qoruması KTMT daxilində digər üzvlər üçün də presedent yarada bilər. Yəni Rusiya bir tərəfdən İrəvana “təşkilatda iştirak etmirsənsə, onun qərarlarına təsir imkanın da məhdudlaşdırıla bilər” mesajı verir.
Lakin burada çox mühüm bir məqam var: səsvermə hüququnun məhdudlaşdırılması Ermənistanı KTMT-yə qaytarmağa zəmanət vermir. Əksinə, İrəvan bunu Moskvanın siyasi təzyiqi kimi təqdim edərək Qərbə inteqrasiya siyasətini daha da sürətləndirə bilər.
Belə bir addım, məncə, KTMT-ni daha çox zəiflədər. Çünki KTMT-nin əsas problemi onsuz da təşkilat daxilində siyasi həmrəyliyin zəif olmasıdır. Ermənistanın iştirakı ilə bağlı böhran bu təşkilatın effektivliyi haqqında sualları daha da artırır”, – deyə o bildirib.
Anar İsayevin sözlərinə görə, əgər KTMT üzv dövlətlərdən birinin səsvermə hüququnu məhdudlaşdırmaqla problemi həll etməyə çalışarsa, bu, təşkilatın kollektiv təhlükəsizlik mexanizmi olmaqdan daha çox Rusiyanın təsir aləti kimi qəbul edilməsinə səbəb ola bilər.
“Üstəlik, Ermənistanın təşkilatdan faktiki uzaqlaşması digər üzv ölkələr üçün də müəyyən siqnal yaradır. Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistanın hər birinin Rusiya ilə münasibətlərinin öz spesifik xüsusiyyətləri var. Onlar KTMT-nin dağılmasında maraqlı olmaya bilərlər, amma təşkilatın tamamilə Moskvanın siyasi iradəsi ilə idarə olunması görüntüsü də onlar üçün arzuolunan deyil.
Bu baxımdan Ermənistan məsələsi KTMT-nin institusional dayanıqlığının sınağına çevrilir.
Moskva niyə indi daha sərt mövqe nümayiş etdirə bilər?
Burada məsələ yalnız Ermənistanın KTMT-yə münasibəti deyil. Daha geniş geosiyasi kontekst var.
İrəvan son illərdə Rusiya ilə təhlükəsizlik əlaqələrini azaltmağa, Qərblə, xüsusilə Avropa İttifaqı və ABŞ-la münasibətləri genişləndirməyə çalışır. Ermənistan hakimiyyəti KTMT-yə etimadını faktiki olaraq itirdiyini dəfələrlə nümayiş etdirib”, – deyə o bildirib.
Siyasətçi bildirib ki, Moskva isə bunu sadəcə Ermənistanın xarici siyasət seçimi kimi görmür. Rusiya üçün bu, Cənubi Qafqazda ənənəvi təhlükəsizlik və siyasi təsir mexanizmlərinin zəifləməsi deməkdir.
Ona görə də səsvermə hüququ məsələsi İrəvana “siyasi nəticələr olacaq” mesajıdır.
Amma Moskvanın imkanları əvvəlki dövrlə müqayisədə daha məhduddur. Azərbaycan–Ermənistan münasibətlərində yeni reallıqlar yaranıb, Türkiyənin regiondakı rolu artıb, Qərbin Cənubi Qafqaza marağı güclənib. Ermənistan da öz təhlükəsizlik modelini şaxələndirməyə çalışır.
Belə olduqda, Rusiya–Ermənistan münasibətlərində artıq yeni mərhələdən danışmaq mümkündür. Əvvəllər Rusiya–Ermənistan münasibətləri strateji müttəfiqlik modeli üzərində qurulmuşdu. Ermənistanın təhlükəsizlik sistemində Rusiya əsas aktor idi və KTMT bu münasibətlərin institusional dayaqlarından biri hesab olunurdu.
“İndi isə münasibətlər daha çox qarşılıqlı etimadsızlıq və təsir uğrunda mübarizə mərhələsinə keçib.
Moskva Ermənistanın Qərbə yaxınlaşmasını öz regional təsirinin zəifləməsi kimi qiymətləndirir. İrəvan isə Rusiyanın təhlükəsizlik təminatlarını artıq əvvəlki səviyyədə etibarlı hesab etmir.
Bu, çox ciddi transformasiyadır.
Ancaq mən bunu hələ Rusiya–Ermənistan münasibətlərinin tam qopması kimi qiymətləndirməzdim. İqtisadi əlaqələr, enerji, ticarət, miqrasiya, nəqliyyat və Ermənistanın Rusiya ilə çoxsaylı praktiki bağları qalır. Ermənistan üçün Rusiyadan birdəfəlik uzaqlaşmaq da asan proses deyil.
Ən mühüm məqam odur ki, Ermənistanın KTMT-dən uzaqlaşması Cənubi Qafqazda əvvəlki təhlükəsizlik arxitekturasının dəyişdiyini göstərir. Əgər Ermənistan–Azərbaycan sülh prosesi də irəliləyərsə, regionda təhlükəsizlik məsələlərinin yalnız Rusiya mərkəzli formatda həll olunması ehtimalı daha da azalacaq”, – deyə o əlavə edib.
Anar İsayev vurğulayıb ki, Azərbaycan baxımından əsas məsələ Ermənistanın hansı hərbi-siyasi bloka qoşulmasından çox, Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün və regional əməkdaşlığın təmin edilməsidir:
“Burada bir paradoks da var: Ermənistanın KTMT-dən uzaqlaşması Rusiyanın Cənubi Qafqazdakı təsirini azalda bilər, amma bu, avtomatik olaraq regionun daha sabit olacağı anlamına gəlmir. Əgər Rusiya ilə Ermənistan arasında qarşıdurma dərinləşər və Ermənistan Qərbin hərbi-siyasi strukturlarına daha yaxınlaşarsa, Cənubi Qafqaz böyük güclər arasında rəqabətin yeni meydanına da çevrilə bilər.
Məncə, noyabr sammitində belə bir məsələnin gündəmə gətirilməsi təsdiqlənərsə, bunun əsas məqsədi Ermənistanı dərhal KTMT-yə qaytarmaqdan daha çox İrəvana siyasi təzyiq göstərmək və digər üzv dövlətlərə təşkilatın qaydalarının işlədiyini nümayiş etdirmək olacaq.
Amma bu addımın paradoksal nəticəsi də mümkündür: Moskva Ermənistanı KTMT-yə qaytarmaq istəyərkən, əksinə, İrəvanı təşkilatdan daha da uzaqlaşdıra bilər.
Ona görə də bu məsələni “Ermənistanın KTMT-dən çıxarılması” hadisəsindən daha geniş – Rusiya ilə Ermənistan arasında əvvəlki müttəfiqlik modelinin tədricən sökülməsi kimi qiymətləndirmək daha doğru olar”.
İradə Cəlil, Bizimyol.info
Moskvanın sərt mesajı: “Təşkilatda iştirak etmirsənsə, qərarlara təsir imkanın da məhdudlaşa bilər” – ANAR İSAYEV şərh edir
Şərh yaz




