Spirt və maskalar əhaliyə pulsuz paylanmalıdır – İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə UmidMedia internet kanalına müsahibə verib. Partiya sədrinin “Operativ Qərargahın qərarı ilə karantin şərtləri yenidən sərtləşdirildi və maskasız vətəndaşlara yenidən cərimə tətbiq olundu. Sizcə nə baş verir?” sualını cavablandırıb.

İqbal Ağazadə çıxışında qeyd edib ki,  Operativ Qərargahın verdiyi məlumatlar onu təsdiqləyir ki, yoluxanların sayı olduqca çoxdur. Biz də çevrəmizdən, bizimlə ünsiyyətdə olanlardan öyrənirik ki, onların yaxın adamları o virusa yoluxurlar, hətta dünyasını dəyişənlər olub. Hansı vəziyyətdə yumşaldılma hadisəsi baş versə belə, əhali, vətəndaşlar Operativ Qərargahın tələblərini yerinə yetirməyə məcbur olmalıdılar. İnsanlarımız çox təəssüflər olsun ki, bu tipli halları yerinə yetirmirlər. Mən cərimələrin tətbiqinin tərəfdarı deyiləm, amma inzibatı resurslar da yetərli deyil ki, hamıya bu şəkildə yanaşıb məcbur etsinlər. Üsullar fərqlidir, bu pandemiya dönəmində maskalar satılmamalıdır, əhaliyə pulsuz paylanmalıdır.

Partiya sədri çıxışında qeyd edib ki, biz hökumətə təklif etdiyimiz paketdə bu məsələni də, hansı addımların atılmalı olduğunu da xüsusi qeyd etmişdik. Metroların önündə, avtobus dayanacaqlarında, o cümlədən bazarlarda və digər yerlərdə spirt və maska əhaliyə pulsuz paylanmalıdır.

Bu gün sosial şəbəkələrdə çox maraqlı bir şey oxudum, hətta rayonların birində banklardan birinə daxil olan adam öz maskasını çıxarıb verir digərinə, o digəri də maskanı taxır və banka girir. Bu sadəcə görüntü üçündür, amma dövlət bunu təmin etməlidir, dərhal Operativ Qərargah bununla bağlı bütün qadağaları sərtləşdirməklə yanaşı, təchizat işlərini yerinə yetirməlidir, hər yerdə əhaliyə pulsuz maskalar paylanılmalıdır və bunun müqabilində məcburi taxmalar və cərimələr tətbiq oluna bilər.

İqbal Ağazadə bildirib ki, 30 qəpiyə satılan maskanı hər altı saatdan bir dəyişməyə vətəndaşların sosial vəziyyəti imkan vermir, ona görə də inzibati tədbirlər həyata keçirən hər hansı bir struktur əhali üçün təchizatın zərərsiz və optimal yollarını düşünüb tapmalıdır. Bunu da düşünmək üçün böyük güc tələb olunmur. İstehsal olunan maskalar pulsuz paylanılmalıdır. Məsələ bu qədər sadədir. Maska və spirtlər paylanılmalı, daha sonra əhalidən maska taxmaq tələb olunmalıdır.

Partiya sədri çıxışının sonunda bir daha əhalini pandemiya dövründə Operativ Qərargahın verdiyi bu tipli qərarları diqqətə, ciddiyə almağa, insanlarımızı qorumağa səsləyib.

Şərh yaz