Ümid Partiyasının sədri İqbal Ağazadə martın 9-da Reaksiya TV-nin canlı efirində regionda və ölkədə baş verən ictimai-siyasi proseslər, “8 Marş” aksiyası, işğaldan azad olunmuş ərazilərdəki son durum, ölkə daxilindəki problemlər, problemlərdən çıxış yolları ilə bağlı verilişin aparıcısı Zaur Qəriboğlunun suallarını cavablandırıb.
Partiya sədri verilişə başlayarkən bütün xanımları bayram münasibətilə təbrik edib. İqbal Ağazadə aparıcının partiya idarətməsində xanımların təmsilçiliyi ilə bağlı sualını cavablandırarkən bildirib ki, Ümid Partiyası idarəetmədə qadınların təmsilçiliyinə çox böyük önəm verir. Partiyada iki xanım müavin var: təbliğat və təşviqat məsələləri üzrə müavin Tamilla Qulami, ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavin İlahə Sadıqova. Eyni zamanda Ali Məclisin katibi Günel İbadova da Rəyasət Heyətində təmsil olunur. Rəyasət Heyəti ilə yanaşı, partiyanın rayon şöbələrində, Mərkəzi Aparatda da aktiv xanımlarımız çoxdur.
Daha sonra 8 mart tarixində keçirilən aksiyaya münasibət bildirərkən İqbal Ağazadə bildirib ki, cəmiyyət bir rəngdən ibarət deyil. Bütün dünyada demokratik, yaxud da demokratiya yolunu tutmuş ölkələrdə müxtəlif qruplar bu və ya digər şəkildə öz mövqelərini, iddialarını ortaya qoyurlar. Qanunun imkan verdiyi çərçivədə şüarlar səsləndirirlər, kütləvi tədbirlər keçirirlər və s. Dünyada 18-ci əsrdən başlayaraq bugünədək formalarını, tələblərini, şüarlarını dəyişən bir feminizm hərəkatı da var. Zaman keçdikcə ölkələrə nisbətdə feministlərin tələbləri dəyişir. Bizdə də bu hərəkat var və mən buna normal yanaşıram. Əgər bizdən asılı olmadan bu qrup varsa, bu qrup cəmiyyətdədirsə, onların şüarlar səsləndirməsinə də onların konstitusiyadan doğan bir hüququ kimi baxmaq lazımdır. Hə, bu şüarlar yerindədirmi, cəmiyyəti arxasınca apara bilərmi, cəmiyyətə nə isə verə bilərmi – bütün bunlar üzərində fikir mübadiləsi aparmaq olduqca vacibdir. Çünki feminist hərəkatlarında səsləndirilən şüarlarla mühafizəkarların, millətçilərin, liberallarla demokratların, demokratlarla sağçıların mövqelərindəki kəskin fərqlər yalnız debatlarda üzə çıxır və vətəndaş da bunun müqabilində seçim edə bilir. Bu gün Azərbaycanda insan haqları pozulur. Azərbaycan cəmiyyətində çox təəssüf ki, heç kim yerində deyil. Heç kimin yerində olmamasının ən böyük günahı mövcud iqtidarın uzun illər apardığı siyasətdədir, təhsilsizlikdədir. Əgər Azərbaycan cəmiyyəti doğru-düzgün təhsil alıb maariflənmiş olsaydı, bu gün feministlərin, siyasi partiyaların şüarları yerində olardı, məmurlar da, ziyalılar da yerində olardı, rüşvət də alınmazdı, məhkəmə də azad olardı, polis də bu cür davranmazdı, xurafat da baş alıb getməzdi. Bizim uzun illədir Azərbaycan hakimiyyətinə qarşı mübarizəmizin başlıca xəttini təşkil edən bu idi ki, Azərbaycanda bütün investisiyalar insan üçün xərclənməlidir.
Biz nə gördük? Diqqət edin! Azərbaycanda dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların sayı 442 nəfərdir. Bunlar harada təhsil alırlar? Rumıniyada, Çində, Belarusiyada, Qazaxıstanda. Halbuki Azərbaycan bugünkü imkanlarla tələbələri Harvardda, Oksfordda, Standfordda və dünyanın digər aparıcı universitetlərində təşkil etməli idi ki, dünyanın yeni texnologiyalarına da, innovativ biliklərə də, müasir tələblərə cavab verən bir sistem yarada bilsin. Təəssüf ki, hökumət bunu etmədi. Əvəzində, mollalara 450 manat maaş ayırdılar. Bu ölkədə xurafatdan o tərəfə savadı olmayan molla da, müəllim də eyni miqdarda maaş alır.
Partiya sədri əlavə edib ki, bu gün Azərbaycanda fəaliyyəti olmayan olimpiya komplekslərinin tikintisinə sərf olunan pulların böyük əksəriyyətinin sadəcə Azərbaycandan xaricə gedən tələbələrin təhsillərinə qoyulsaydı, bu gün Azərbaycanda düşüncə tərzi, təfəkkür fərqli idi. Azərbaycanda ən böyük problem düşüncə tərzi və təfəkkürdədir. Bu gün Azərbaycanda bir qrup şeir yazır, kitab çap edir, o kitabları da heç kim oxumur, lakin hamısı da Yazıçılar Birliyinin üzvləridirlər. İkinci bir qrup müğənnilərdir, şou aləmindədirlər, televiziyaları zəbt edən onlardır. Üçüncü qisimdən olanlar ömründə bir kitab oxumayan, iqtisadiyyatdan xəbəri olmayan, hakimiyyətin, oliqarxiyanın verdiyi üstünlüklərdən, rüşvətin, korrupsiyanın sayəsində varlanmış adamlardır.
Aparıcının “Siyasətçi necə olmalıdır?” sualını cavablandırarkən partiya sədri qeyd edib ki, bəzən “Siyasətçilərimiz, müxalifətimiz niyə bu gündədir?!” sualını verirlər. Hakimiyyəti, məmuru, ziyalısı, yazıçısı bu gündə olanın, müxalifəti də bu gündə olacaq. Məişət təfəkkürü formalaşdırır. Bizim məişətimizdə bütün kanallardan ailəmizə girən veriliş şoudur. Bütün kanallarda şouya baxan adamlar siyasətçidən də şou gözləyir. Lakin siyasətçi anlamalıdır ki, onun vəzifəsi şou göstərmək deyil. Onun vəzifəsi cəmiyyəti həm də maarifləndirməkdir. Cəmiyyətin aşağı düşmüş hissəsinin yanına düşmək yox, onun əlindən tutub yuxarı qaldırmaqdır. Bir sözlə, cəmiyyəti müalicə etməkdir.
Verilişi izləyicilərimizə təqdim edirik: