İnformasiya axınına bu qədər yaxın olmadığımız zamanlarda, uşaqlıq dövrümüzdə televiziya kanallarından bu qədər şiddət, zərərli vərdişlərin təbliği, əxlaqsızlıq doğuracaq mənfi örnəklər uzaq tutulurdu. Biz də xeyirxahlıq, mehriban davranış, müsbət enerjili cizgi filmləri və filmlərə baxaraq normal psixikalı insanlar olaraq formalaşırdıq.
Təbii ki, o zamanlar da cəmiyyətdə eybəcərliklər olurdu, onsuz heç bir dövr və zaman olmayıb, amma bunların cəmiyyətdə təbliğatı bugünkü qədər deyildi.
İnternet əsri bizə müsbət tendensiyalarla yanaşı mənfiləri də gətirdi. İnsanlar zamanda səyahət etməyə, istənilən informasiyanı anında əldə etməyə, dünyanın bir nöqtəsindən başqa nöqtəsinə virtual səyahət etməyə başlasalar da, cəmiyyətdə psixoloji problemlərin, şiddətin, aqressiyanın çoxalması kimi mənfi şeyləri də yaşamağa başladılar. Uşaqlar üçün şiddət oyunları yarandı, internetdə ölüm hadisələri, intiharlar, insan öldürmə, avto qəzalar, heyvanlara şiddət, insanlara qarşı şiddət və s. kimi çəkilişlər yer almağa başladı və bununla da psixikası zəif olan insanları təsiri altına aldı. Sosial şəbəkələrin bu məsələdə payı daha çoxdur. Uzun-uzadı yazmayım. Mövzu kulturoloji olduğu qədər də sosial-psixolojidir.
Bu gün KİV-lərdən növbəti intihar hadisəsi haqqında oxuduq. Çox üzücü bir xəbərdir. Yenə bir qadın həyatına son verdi. Bir müddət əvvəl də bir ana iki övladı ilə bərabər canına qəsd etmişdir.
Hadisənin səbəbi haqqında məlumatsızam. Ümid Partiyası olaraq, tələbimiz də bu ki, hüquq-mühafizə orqanları bu cür hadisələrin dəqiq araşdırılması ilə məşğul olsun, aidiyyatı qurumlar intiharların səbəbini araşdırsın, qarşısının alınması yönündə işlər görsün.
Sosial şəbəkələrdə kimlərinsə intihar hadisələrini əvvəldən sonadək telefonuna çəkib sonradan paylaşması narahatedici məqamlardan biridir.
Məşhurlaşmaq həvəsi insanları həddindən artıq duyğusuz və soyuqqanlı edib. Nəzərə alın ki, sosial şəbəkələrdə psixikası zəif insanlar var. Bəlkə də intihar etmək fikrində olub da buna cəsarət etməyən, lakin bu videodan sonra həvəslənən insanlar var. Cəmiyyətdə bu aqressiyanı yaymayın, lütfən. İnsanları müsbət şeylərə kökləyin. Elmə, yaradıcılığa motivasiya edin, maarifləndirici çəkilişlər edin. Şiddətdən uzaq olun. Bu gün sizin laqeydcəsinə çəkilişini edib sosial şəbəkədə paylaşdığınız bir rolik sabah sizin və ya yaxınınızın başına gələ bilər və ona kömək lazım olan zaman biri onu da kömək etmədən beləcə çəkib paylaşar. Etməyin!!! Pislik saçmayın.
İlahə Sadıqova
Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavin,
“Kulturologiya və onun ümumi məsələləri” ixtisası üzrə dissertant