Salman İmanlı: “Pandemiya ilə əlaqədar uzunmüddətli qadağalar yalnız Azərbaycandadır”

37

Nazirlər Kabineti yanında Operativ Qərargahın 8 sentyabrdan etibarən pandemiya ilə bağlı tətbiq edilmiş qadağaların növbəti dəfə yumşaldılması prosesi cəmiyyətdə aylardır ki, yaranmış durğunluğun qismən aradan qaldırılmasına səbəb oldu. Belə ki, regionlara gediş – gəliş imkanları müvafiq qərarla artıq bərpa edilib. Ümid Partiyası Gəncə şəhər təşkilatının sədri Salman İmanlı Operativ Qərargahın son qərarına münasibət bildirib:

“Əvvəla, qeyd edim ki, hətta pandemiya şəraitində belə Ümid Partiyası Gəncə şəhər təşkilatı fəaliyyətini mövcud qaydalara uyğun olaraq davam etdirib. Elmi-texniki tərəqqinin imkanlarından, sosial şəbəkədən istifadə edilərək şöbə fəalları ilə mütəmadi əlaqələr yaradılıb. Operativ Qərargahın müəyyən etdiyi bəlli sayda üzvlərimizlə görüşlər keçirib, müxtəlif dövlət bayramlarında, anım tədbirlərində iştirak etmişik. Lakin bu fəaliyyətin tam və geniş imkanı qədər effektli olmur. Bildiyiniz kimi, Gəncə şəhərində də müvafiq qaydalara uyğun olaraq giriş-çıxış məhdudlaşdırılmışdı. Məsələnin iqtisadi tərəfinə nəzər salanda bu, ölkənin ikinci böyük şəhəri üçün, əlbəttə, ciddi problemlər yaradırdı. Digər bölgələrdən şəhərimizə gətirilən ərzaq və başqa istehlak mallarının adi günlərdə olduğundan fərqli çatdırılma formaları müəyyən edildiyi üçün insanlarımız həmin müddətdə müəyyən qədər çətinliklərlə üzləşiblər”.

Bu cür problemlərin siyasətdə də yarandığını bildirən şöbə sədri əlavə edib ki, siyasət gündəlik fəaliyyət tələb edir: “Ümid Partiyası əksər rayon təşkilatlarında strukturları nizamnaməsinə uyğun olaraq formalaşmış siyasi institutdur. Partiyanın Gəncə şəhər təşkilatının 1000 nəfərdən ç0x üzvü var. Qadağalarla bu qədər qüvvənin fəaliyətini koordinasiya etməyin özəl çətinlikləri qaçılmazdır. Lakin şükürlər olsun ki, artıq həmin problemlər geridə qalıb. Pandemiya ilə əlaqədar uzunmüddətli qadağalar bəlkə də dünya dövlətləri içərisində ən çox Azərbaycanda tətbiq edilir. Lakin bu bizim ən böyük işimizə o qədər də mane ola bilmədi. Biz hörmətli İqbal Ağa-zadənin liderliyi ilə partiyamızın hakim partiyaya çevrilməsi istiqamətində var gücümüzlə fəaliyətimizi davam etdiririk”.

 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz