Səninlə qürur duyuram, Azərbaycan qadını – İlahə Sadıqova

Vətən Anadır! Gəlin bundan başlayaq. Müharibələr hər zaman ağır olur, gedişatı da, nəticələri də. Xüsusilə, məğlubiyyət yaşayan ölkələr üçün daha ağır olur. Biz uzun illər bu məğlubiyyətin acısını yaşamışıq, fərd olaraq, xalq olaraq, millət olaraq, dövlət olaraq. Müharibədə ən çox əziyyət çəkən kəsim də qadınlar olur. Çünki qadınlar sevdiklərini, həyat yoldaşlarını, övladlarını, atalarını, qardaşlarını sonu bilinməyən bir burulğana yola salır. Gözləyir… Gözləmək qədər insana acı verən duyğu tanımıram. Doğmalarından hansı xəbər gələcəyini bilmədən gözləmək… O üzdən qadınlar müharibələrin olmağını istəməz. Azərbaycan qadınlarının I Qarabağ müharibəsindən sonra atalarını, qardaşlarını, böyüklərini itirmiş övladlara, bacılara həm ata, həm ana, həm bacı, həm qardaş, həm qız, həm oğul olmasının yaşatdığı çətinliklərə sinə gərə bilməsi, qadınların zərifliyinə baxmayaraq nə qədər güclü olduğunu göstərdi bizə. 

Bu gün yenidən müharibə yaşayırıq. 30 il öncə müharibədə doğmalarını itirən qadınlarımız, qızlarımız yenidən GÖZLƏMƏYİ seçdilər. Həm də qürurla. Eşidəcəkləri nə olur, olsun. Bu zərif qadınlar yenidən ən böyük yükü çiyinlərinə almağa razı gəliblər. Çünki 30 il öncə yaşadıqlarımızı 30 il sonra övladlarımızın da yaşamasını istəmirik. Bizə babalarımızdan, atalarımızdan miras qalan bu yaranın kökünü qazımaq vaxtıdır. Bu gün üçün 30 il qadınlar evlərdə İGİDlər böyüdüblər, ASLANlar tərbiyə ediblər. Namusumuz, ANAmız olan VƏTƏNİ qorumaq üçün, başıdik, məğrur yaşamaq üçün.

Bu gün biz həyat tarixçəmizdə qürurlu günlər yaşayırıq. Ön cəbhədə igidlərimiz şücaət göstərib bizi qoruyur, arxa cəbhədə qadınlarımız onlara güvən verir. Heç bir igidin gözü arxada qalmayıb. Hər biri şəhadətə yüksələcəyi təqdirdə ailəsini, doğmalarını, övladlarını məğrur AZƏRBAYCAN QADINIna əmanət etdiyini bilir. Biz əmanəti göz bəbəyimiz kimi qoruyanlarıq. Bu 30 il öncə də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Bu rəşadət, bu məğrurluq bizə nənələrimizin mirasıdır. Hər zaman düşmənə qarşı ərənlərimizlə çiyin-çiyinə duran nənələrimizin.

Qələbəni elan etməyimizə çox az qalıb. İgidlərimiz tarix yazır, biz də qürurla onların yolunu gözləyirik. Şəhid verən qadınlarımız qələbə xəbəri ilə, bu qələbədə qanından, canından olanın payının olması ilə qürur duyacaq! Şəhid məzarı önündə, igidim, nur içində yat, qanın yerdə qalmadı deyəcək! 

Bu gün biz bütünləşmiş, diz üstdən qalxmış, belini dikəltmiş bir xalq olaraq dünyanın önündə durmuşuq. Bu gün hər kəsə haqqı olanı necə qorumağın nümunəsini göstəririk. Ön cəbhədə əli silahla igidlərimiz, arxa cəbhədə, informasiya sahəsində qadınlarımız, qızlarımız.

Paradda görüşəcəyik, dostlar. QƏLƏBƏ paradımızda. Çox az qalıb. 

Səninlə qürur duyuram, AZƏRBAYCAN QADINI, rəşadətin, cəsarətin üçün! 

Səninlə qürur duyuram, AZƏRBAYCAN ƏSGƏRİ, sahiblənə, qoruya, sevməyi bildiyin üçün!

Adını Azərbaycan tarixinə qanı ilə yazdıranlarım, sizə bizim başımızı dik tutmağı təmin etdiyiniz üçün MİNNƏTDARAM! 

 

Şərh yaz