Səməd Hətəmov: “Ölkədə onlayn təhsil üçün texniki imkanlar məhduddur”

“Hazırda ölkəmizdə sosial durum heç də ürəkaçan deyil. Pandemiyanın davam etdiyi şəraitdə hələ də bir çox iş yerlərinin, iri ticarət mərkəzlərinin bağlı olması, həmin müəssisələrdə çalışan minlərlə insanların işsiz qalması, ümumən işsizliyin artması vəziyyətin daha da gərginləşməsinə səbəb olur. İşsizliyin artması fonunda ərzaq və digər istehlak mallarının qiymətlərinin bahalaşması da çətin vəziyyətdə olan insanların həyatlarını və sosial vəziyyətlərini daha ağırlaşdırır.”

Bu sözləri Ümid Partiyasının humanitar və sosial məsələlər üzrə sədr müavini Səməd Hətəmov ölkədəki sosial-iqtisadi vəziyyət haqqında danışarkən deyib. Partiya funksioneri bildirib ki, bir çox sahələrdə işləyən insanların aldıqları əmək haqları da mövcud bahalıq şəraitində onların yaşayış tərzinin normal təmin olunmasında effektiv rol oynamır: “Ölkəmizdə on minlərlə insan banklardan istehlak kreditləri götürüb. Pandemiyanın gətirdiyi məhdudiyyətlər nəticəsində işsiz qalan insanlar kreditlərin ödənişlərində ciddi çətinliklərlə üz-üzə qaldılar. Banklar tərəfindən müştərilərin bu ağır vəziyyətdən çıxması üçün demək olar ki, heç bir əməli addım atılmadı. Bu da pandemiya bəlaları ilə yanaşı bu kateqoriyadan olan insanların durumunu daha da pisləşdirdi. Gələcəyimiz olan uşaqlara uşaqpulu verilməsi üçün vəsait tapılmır. İllərdir müzakirə olunsa da bu məsələnin həlli müşgülə düşüb. Müxtəlif layihələrə milyardlarla pul vəsaiti xərclənsə də uşaqlarımızın təminatlı böyüməsi üçüm dövlət büdcəsində pul yoxdur”.

Yeni tədris ilinin başlanması ilə yaranan çətinliklər, onlayn dərslərin keçirilməsində internet resurslarının qənaətbəxş olmamasından danışan partiya təmsilçisi qeyd edib ki, tələbə və şagirdlərin onlayn təhsil üçün texniki vəsaiti yoxdur: “Hazırda ali və orta məktəblərdə dərslər başlayıb, pandemiyanın mövcudluğu nəzərə alınaraq dərslər daha çox online formada həyata keçirilir. Biz bu sistemə nə dərəcədə hazırıq? İnternetin vəziyyəti ölkədə online rejimdə təhsilə imkan verirmi? Hər bir ölkə vətəndaşının evində konpyuter və digər texniki vasitələr varmı? Tutaq ki, bir ailədə üç nəfər məktəbli və ya tələbə var. Bunların üçünü də texniki vasitələrlə təmin etmək imkanı varmı? Təəssüf ki, bu sualların cavabları müsbət deyil”.

S.Hətəmov sonda bildirib ki, yüksək vəzifə tutan məmurlar dəyişdirilir, yeniləri ilə əvəz olunur. Ölkədəki mövcud sosial vəziyyət isə müsbətə doğru dəyişmir ki, dərişmir. Bütün bunların dəyişməsi üçün köklü isalahatlara ehtiyac var. Bir fikirlə ifadə etmək istəsək deyə bilərik ki, insana yönəlik sosial siyasət gücləndirilməlidir.   

 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz