Şəhidlərimizi sevə bilmirsinizsə, heç olmasa, nifrət püskürməyin – İ.Ağazadə

Mirşahin bu gün hazırladığı reportajda 1992-ci il döyüşçülərini məğlubiyyət əsgərləri adlandırıb. Hesab edirəm ki, bu, böyük yanlışlıqdır və növbəti reportajlarında mütləq bu səhvini düzəldəcək. Yox, əgər düzəltməzsə, yazdıqlarımı oxusun və bir də düşünsün Mirşahin bəy.

Bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə “facebook” səhifəsində yazıb.

“Əsgər heç vaxt məglub olmur, döyüşü ya siyasətçilər, ya da sərkərdələr (komandirlər) uduzur, hörmətli Mirşahin bəy. Şəhid məğlub olmur, o həmişə əbədi qəhrəmandır! 1992-ci ildə Vətən uğrunda iyirmi min şəhid vermişik. Bugün qəhrəmanlıq göstərən əsgərimiz dünənki şəhidin, qazinin övladıdır. Siz Vətən uğrunda döyüşmüş əsgərə necə “məglubiyyət əsgəri” damğası vura bilirsiniz? 
O haqq kimsəyə verilməyib!
Bu, Vətənə xidmət deyil, bölücülükdür. Bu, şəhidlərimizin ruhuna xəyanətdir. Bugün vətənpərvərlik təbliğatı aparan, insanları döyüşə səsləyən qazilərimizə həqarətdir.
Etməyin belə, bununla bütövləşən millətimizi incidirsiniz, şəhidlərimizin ruhuna toxunursunuz, ayağını, əlini itirmiş, bircə qazilik ümidilə yaşayan keçmiş döyüşçünü əzirsiniz. 
Sevə bilmirsinizsə, heç olmasa, nifrət püskürməyin. İnsanların Sizə olan münasibətində kimsə günahkar deyil.

P.S. İnanmaq istəyirəm ki, sizin bu mövqeyinizi heç hakimiyyət də sevmədi. Və mütləq bu səhvinizi düzəltməniz üçün sizə irad bildiriləcək”, – deyə İ.Ağazadə yazıb.

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz