Sərhəddə səddin çəkilməsi Rusiyanın bölgədəki dirijorluğunu aradan qaldıracaq – TAMİLLA QULAMİ

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sərhəd divarları ilə bağlı ölkəsinin mövqeyini ifadə edib.  Rusiya Xarici İşlər naziri qeyd edib ki, “Azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamalıdırlar, hər iki dövlət arasında sərhəd açıq olmalıdır”. (Vestnik Kafkaza).

Ümid Partiyasının sədr müavini Tamilla Qulami öz sosial şəbəkə hesabından Lavrovun bu fikrinə mövqe ifadə edib:

“Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan-Ermənistan arasında istehkam divarının tikilməsilə bağlı hökumətə təklif vermişdi. Bu təklifin məqsədi sərhədçilərimizin, əsgərlərimizin, gələcəkdə mülki əhalinin təhlükəsizliyini təmin etməkdir. Sərhəddə qoruyucu divarın tikilməsi və müasir müşahidə kameraları ilə təchiz edilməsi diversiya, kəşfiyyat, terror qruplarının keçidini əngəlləmək üçün ən etibarlı müdafiə sistemlərindən biri, itkilərdən, təxribatlardan qorunmağın ən optimal yollarındandır. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sərhəd divarları ilə bağlı ölkəsinin mövqeyini ifadə etdi: “Azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamalıdırlar, hər iki dövlət arasında sərhəd açıq olmalıdır”. (Vestnik Kafkaza).

Əlbəttə, divar çəkilərsə, Rusiya bölgədə əhəmiyyətini itirəcək. Yetkililər bunu çox yaxşı bilirlər. Ona görə “sərhəd açıq olmalıdır” deyirlər.

 

Məncə, hər şey məhz burdan başlamalı, Ermənistanla əlaqələr, konfliktin gələcək hərbi həll perspektivi minimuma endirilməli, Rusiyanın dirijorluğu sıradan çıxarılmalıdır. Rusiya bundan qorxur. Cənubi Qafqazda bütün əhəmiyyətinin itməsi və onsuz da zəifləyən hegemonluğunun aradan qalxması bir kibrit çöpünə bənddir.

Bizim mövqeyimiz dəyişməz qalmalıdır.
 
SƏRHƏD DİVARLARI MÜTLƏQ ÇƏKİLMƏLİDİR!”

Şərh yaz