Rusiya Azərbaycana qəzəblidir: I Pyotrun əsasını qoyduğu bu siyasət iflasa uğradıldı… – İqbal Ağa-zadə ilə müsahibə
Globalinfo.az Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə müsahibəni təqdim edir:
– İqbal bəy, son zamanlar Azərbaycan-Ermənistan münasibətlərində diplomatik təmasların intensivləşdiyini müşahidə edirik. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri və Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin VIII Zirvə görüşünə videoəlaqə vasitəsilə qoşulması buna misal ola bilər. Siz hazırkı mərhələni sülh müqaviləsinə yaxınlaşma baxımından necə qiymətləndirirsiniz?
– Azərbaycan sülh üçün hər şeyi edir. Hətta Birləşmiş Millətlər Təşkilatı (BMT), ATƏT-in Minsk qrupunun etməli olduğu işləri Azərbaycan edib.
Azərbaycan Cənubi Qafqazda hər bir ölkənin sərhədini çəkir. BMT-nin çəkə bilmədiyi sərhədləri, kağız üzərində və rəsmi sənədlərdə de-yure çəkilmiş sərhədləri Azərbaycan çəkdi. Azərbaycan Ermənistanın da sərhədini “Almatı prinsipi” ilə çəkdi. Dünyaya təhlükəsiz Cənubi Qafqazın necə ola biləcəyini, münasibətlər sisteminin necə formalaşdırılmalı olduğunu Azərbaycan göstərdi. Bir daha dünyaya və regionda maraqlı olan ölkələrə sübut etdik ki, biz işğalçı deyilik. Biz sadəcə işğal olunmuş ərazilərimizi azad etmək məsuliyyətini dərk edərək bu addımları atmışıq. Bu məsələdə də qanun və hüquq Azərbaycanın yanındadır.
İndiki mərhələdə Ermənistanın vəziyyəti bir qədər oynaqdır. Çünki qarşıdan 7 iyun parlament seçkiləri gəlir. Orada “müharibə partiyası” ilə əslində revanşistlər və ya Rusiya ilə yeni siyasətin tərəfdarları arasında mübarizə gedir.
– Kim qalib gələcək?
– Azərbaycan bu istiqamətdə mövqeyini açıqlayıb. Cənab Prezident günlər öncə Zəngilanda yeni mənzillərin açılışında etdiyi çıxışında revanşistlərə mesajını çox açıq və aydın şəkildə verdi. Revanşistləri açıq olmasa da, dolayı yolla dəstəkləyən Avropa müşahidəçilərinə münasibətini də açıq bildirdi.
Azərbaycanla hərb dilində danışmaq, bundan sonra torpaqlarına iddia etmək Cənubi Qafqazda yeni müharibəyə səbəb ola bilər. Bu müharibədə də Ermənistanın, o cümlədən Ermənistana himayə edən tərəflərin uduzacağı aydındır. Azərbaycan bu istiqamətdə dünyada, regionda və daxildə kifayət qədər üstünlükləri olan ölkədir.
Sülhün gələcək taleyini Azərbaycan və Azərbaycanın münasibəti həll edirdisə, indi Ermənistan sadəcə masaya oturub Cənubi Qafqazın təhlükəsizliyi, dinc yanaşı qonşuluq prinsiplərini qorumaq üçün addımlarını atmalıdır. Bunun üçün şərtlər var və həmin şərtlər qəbul olunub. Güman edirəm ki, 7 iyun seçkilərindən sonra intensivlik daha da artacaq.
Paşinyanın qalib gəlmək şansı böyükdür. O, təxminən 70 faiz səs çoxluğu ilə qalib gələcək. Hərbi müdaxilə ehtimalı və Rusiyanın fərqli ssenariləri ortaya çıxmasa, Ermənistan bu mərhələni adlayandan sonra sülh sazişini imzalayacaq. Və sülh müqaviləsinin geri dönməz bir prinsip olduğu bir daha təsdiqlənəcək.
– Nikol Paşinyan 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan lideri hazırkı tədbirə videoəlaqə vasitəsilə qoşulub və gələcəkdə Bakıda keçiriləcək sammitdə şəxsən iştirak etməyi planlaşdırır. Sizcə bu səfər baş tuta bilər?
– Azərbaycan Cənubi Qafqazın xəritəsini çəkib. Cənubi Qafqaz ölkələri 1991-ci ildə müstəqilliklərini elan etsələr də, suveren hüquqları 2023-cü ilin antiterror əməliyyatlarından sonra bəlli oldu. Bu proses ilə hər kəsin sərhədi müəyyənləşdi, bir-birinin sərhədlərini tanıdılar. Azərbaycan bir daha dünyaya nümayiş etdirdi ki, tarixi torpaqlarımız olsa belə, Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə girmək niyyəti yoxdur. Azərbaycan bu istiqamətdə Cənubi Qafqazda sülh üçün nəhəng töhfə verdi. Bununla belə, çox qorxulu tendensiyanın da altına imza atdıq.
– Nəyi nəzərdə tutursunuz?
– I Pyotrdan bu günə qədər Rusiyanın yürüdüyü siyasətin Cənubi Qafqaz qolunu Azərbaycan kəsdi. I Pyotrdan bu günə qədər Rusiya Cənubi Qafqazla bağlı “parçala və hökm sür”, “milli separatizm vasitəsilə ölkələri bir-birinə qarşı qoy” siyasəti yürüdüb, sülh və əmin-amanlığı pozmaq üçün bütün yollara əl atan bir dövlət olub. Azərbaycan bax bunu sıradan çıxartdı. Ona görə də Rusiya Azərbaycana çox qəzəblidir.
Hazırda Rusiyanın Ukrayna müharibəsi davam edir. Buna görə Rusiya kin-küdurətini Azərbaycana o qədər də ifadə edə bilmir. Putinin dediyi kimi, “ondan boşanan” bir Ermənistan var. O, Ermənistana daha çox nifrət edirmiş kimi görünür. Lakin əmin edirəm ki, Azərbaycana da az nifrət etmir.
Kimin nə deməyindən asılı olmayaraq, Putini uzun illərdir izləyən biri kimi deyə bilərəm ki, onun kinli və qəzəbli yanaşmalarını təhlil etdikdə Azərbaycana qarşı heç də xoş niyyətli olmadığını görmək olur. Çünki bir daha deyirəm, Pyotrun vəsiyyətinin Cənubi Qafqaz qolunu kəsən məhz Azərbaycan oldu.
– Qeyd etdiniz ki, Rusiya Azərbaycana kinlənib. Bununla belə, biz son illərdə Moskvanın Bakıya qarşı təzyiq rıçaqlarının bir-bir sıradan çıxdığının şahidi olduq. Elə isə Kreml hansı vasitələrlə Azərbaycana təzyiq edəcək?
– Rusiyanın Azərbaycana müdaxilə imkanlarını A-dan Z-yə qədər sadalamaq olar. Lakin hər şeydən öncə nəzərə alaq ki, biz Rusiyanın Ukraynaya müdaxiləsini gördük. Heç bir əsası olmadan Ukraynanın beynəlxalq hüquqla tanınan ərazilərini işğal etdi. Kreml bu gün Ukrayna hakimiyyətini neonasist, narkoman hakimiyyət kimi təqdim edir. Rusiya üçün sərhədlər yoxdur. Maraqlarını təmin edəcək gücü və imkanı çatdığı təqdirdə Rusiya üçün variantlar tükənmir.
Lakin biz zəif ölkə deyilik. Biz sıradan ölkə də deyilik. Düzdür, Ukrayna qədər güclü də deyilik. Misal üçün, bizim arxamızda Ukraynanın arxasında duran Qərb yoxdur. Biz torpaqlarımızı işğaldan azad edərkən belə arxamızda iki-üç ölkədən başqa heç kəs yox idi. Baxmayaraq ki, mahiyyət eyni idi. Biz də işğala məruz qalmışdıq, bu gün Ukrayna da işğala məruz qalıb. Bütün dünya Ukraynanın yanında idi. Bizim yanımızda isə heç kəs yox idi.
Təəssüf ki, belə hadisələr olur. Lakin bizim də çoxsaylı imkanlarımız var ki, bu təzyiqlərdən qurtulmağın yollarını tapaq. Rusiya üçün isə gücdən tutmuş təbliğata qədər, təəssüf ki, variantlar tükənmir.
Bu gün ictimai şüurda Rusiya amili var. Bizdə məmurlar, vətəndaş cəmiyyəti, KİV, siyasi institutlar və sadə vətəndaşlar arasında bu təsir mövcuddur. Bəzən bizim üstündən sadəcə keçdiyimiz bir məsələ var ki, o da rus dili amilidir. Bu gün küçəyə çıxdıqda ünsiyyət vasitəsi kimi bu dildən istifadə edən insanları görmək olar. Bu, istər-istəməz müqavimət gücünü zəiflədən, aşağı salan elementlərdən biridir. Bunu mütləq dövlət nəzərə almalıdır. Xüsusilə dövlət idarəçiliyində, məmurlar arasındakı ünsiyyətdən tutmuş dövlət strukturlarında danışılan dilə qədər bu məsələyə diqqət edilməlidir.
Bu gün məktəblərdə yeni qəbul başlanıb. Belə ki, birinci sinifdən tutmuş yuxarı siniflərə qədər yavaş-yavaş fərqli istiqamətə gedilməlidir. Rus dilinin xüsusi bir tərəfi yoxdur. İngilis dili nə qədər xarici dildirsə, rus dili də o qədər xarici dildir. Xarici dilin tədris metodikası və tədris planı necədirsə, rus dili də elə olmalıdır.
Azərbaycan Konstitusiyası açıq şəkildə qeyd edir ki, dövlət dilindən kənar dildə tədris yalnız bələdiyyələrin və ya özəl məktəblərin hesabına olmalıdır. Bizdə rus dili məktəbləri yoxdur deyirlər, bir məktəbin içində yaradılıb. Məktəb orta ümumi təhsil məktəbidir, yarısı rus dilində, yarısı Azərbaycan dilində dərslər keçirilir. Lakin bu yanlışdır.
Bizim gözəl dilimiz var. Rus dilini öyrənməyə yenə də heç kəs mane ola bilməz. Nə qədər bacarırıqsa, vətəndaşlarımıza təhsil verməliyik. Xarici dili öyrənmək gözəldir. Lakin bu şəkildə olmamalıdır.
Bu gün Rusiyada da azərbaycanlılar yaşayır. Lap yaxşı, yaşasınlar. Onlar Rusiyaya, onun büdcəsinə xeyir verməsəydilər, bir gün də orada yaşaya bilməzdilər. Azərbaycanlılar Rusiya federal büdcəsinə saylarından qat-qat çox xeyir verirlər. Ona görə Rusiya onları saxlayır. Yəni Rusiyada heç kəs azərbaycanlıların qara qaşına, qara gözünə aşiq olmayıb. Onlar işlədikləri sahədə xeyir və fayda verirlər. Məhdudiyyətlərə baxmayaraq, Azərbaycan xalqı işləyən, qoçaq xalqdır. Ona görə biz yox, Rusiya narahat olmalıdır.
– Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası 1991-ci il Almatı Bəyannaməsi əsasında və mərhələli şəkildə — Gürcüstan sərhədindən İran sərhədinədək həyata keçiriləcək. O, həmçinin vurğulayıb ki, mümkün dəyişikliklər və qarşılıqlı razılaşmalar ictimaiyyətə şəffaf formada təqdim ediləcək. Sizcə, Paşinyanın bu açıqlamaları delimitasiya prosesində real irəliləyişə və siyasi iradənin mövcudluğuna işarə edir, yoxsa bu, daha çox beynəlxalq ictimaiyyətə hesablanmış diplomatik mesajdır?
– Heç də düşünməyək ki, daxili auditoriya üçün delimitasiya və demarkasiya prosesi olduqca vacibdir və əlavə dividend gətirir. Ermənistan cəmiyyəti artıq mövqeyini müəyyən edib: sülh tərəfdarları və müharibə tərəfdarları.
Nikol Paşinyanın bu istiqamətdə dediyi hər bir söz bəlkə delimitasiya, demarkasiya və sülh müqaviləsi məsələsində, hətta tərəfdarları içərisindən belə səslərin müharibə tərəfdarlarına yönəlməsinə səbəb ola bilər. Buna görə hesab edirəm ki, o, dediklərində səmimidir. O, prosesə inanır və hesab edir ki, bunun alternativi yoxdur.
Müharibəni isə 44 günlük İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatı zamanı yaşayıb. O, həmin dövrdə bir dövlət başçısı kimi həm güclərinin, həm də haqlarının nə qədər olduğunu iliyinə qədər duyub. Ona görə də indi sülhün alternativsiz olduğuna səmimi şəkildə inanır.
– Delimitasiya və demarkasiya prosesi çərçivəsində iki ölkə arasında hansısa ərazi güzəşti və ya dəyişikliyi ola bilər?
– Ərazi güzəştləri anlayışı konstitusiya ilə nəzərdə tutulub. Azərbaycan Konstitusiyasında da qeyd olunub ki, sərhəd dəyişdirilməsi yalnız və yalnız referendum vasitəsilə həll oluna bilər.
Tərəflər burada sərhədi dəyişdirmir. Tərəflər sadəcə müəyyən olunmuş sərhədlərin xəttini çəkirlər. Keçən 30 il və müharibə dövründə qarşılıqlı sərhəd keçmələri, pozulmaları olmuşdu. Hazırda bunlar müəyyən edilir.
Delimitasiya və demarkasiya prosesi yarımillik, birillik proses deyil. Misal üçün, Gürcüstan ilə bu proses hələ də davam edir. Biz 2014-cü ildə Rusiya ilə bu prosesi yekunlaşdırdıq. Lakin bu proses sülhə mane olacaq bir proses də deyil. Müharibə üçün əsas olacaq faktor deyil.
Hesab edirəm ki, bu proses hələ davam edəcək və sülh müqaviləsi prosesi gedərkən belə nəticə əldə edilə bilər.
– Avropa Parlamenti 30 aprel tarixində Azərbaycanla bağlı qətnamə qəbul etdi. Azərbaycan Milli Məclisi də Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar bu qurumla bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin dayandırılması barədə qərar verdi. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının davam etdiyi bir vaxtda, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə hansı məqsədlərə və hansı maraqlara xidmət edir?
– Öncə onu qeyd edim ki, Avropa Parlamenti 30 apreldə Azərbaycanla bağlı ayrıca qətnamə qəbul etməyib. Ermənistanla bağlı qəbul edilən qətnamənin içərisində 13-14-cü bəndlərdə Azərbaycan və bilavasitə Azərbaycana aid məsələlər öz əksini tapmışdı. Orada Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı, “müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi, “mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddialar vardı.
Qeyd edim ki, Avropa Parlamenti yekcins deyil. Dövlətlərarası sistem ilə parlament sistemi fərqlidir. Dövlətlər maraqları əsasında çalışır, parlamentlər isə siyasi mövqeləri üçün fəaliyyət göstərirlər. Bunu çox da ciddiyə almaq lazım deyil.
Deputatlar müxtəlif qrupları və siyasi partiyaları təmsil edirlər. Onlar daha çox seçici üçün çalışırlar. Xarici məsələlərdə isə seçici maraqları birbaşa rol oynamadığından, burada lobbi fəaliyyəti daha çox önə çıxır və xarici kökənli seçicilərə mesajlar verilir.
Etiraf edək ki, Fransa başda olmaqla Avropa ölkələrində erməni əsilli seçicilər var. Siyasi partiyalar da bu seçicilər üzərindən siyasət qurmağa çalışırlar. Avropa Parlamentində səsvermənin nəticələrinə diqqət etsəniz, görərsiniz ki, Azərbaycanla strateji tərəfdaş olan, enerji əməkdaşlığı apardığımız kifayət qədər ölkələr də var. Misal üçün, Türkiyə parlamentindən Avropa Şurasına nümayəndə heyəti gedir və Azərbaycan əleyhinə səs verən deputatlar olur. Araşdırdıqda görürsən ki, onlar kürd əsilli partiyaları təmsil edirlər.
Parlamentlərin maraqları hər zaman fərqli olur. Azərbaycan parlamenti bu məsələ ilə bağlı doğru qərar qəbul edib. Yəni onlar bizimlə bu dildə danışacaqlarsa, biz də bu şəkildə cavab verməliyik. Azərbaycanın yanaşması doğrudur. İndi top Avropa Parlamentindədir. Onlar düşünməlidirlər ki, Azərbaycanla münasibətlərdə hansı yolu seçəcəklər.
O ki qaldı həmin qətnamədə qeyd edilən məsələlərə, bunun üzərində diplomatiyamız işləməlidir. Diplomatiyamız mədəni-tarixi irslə şəhərsalma məsələlərini fərqləndirməyi bacarmalıdır. Azərbaycan müstəqillikdən bu günə qədər şəhərsalma qaydalarına uyğun olmayan, icazəsiz tikilmiş bütün obyektləri sökür. Çünki Azərbaycanın şəhərsalma qaydaları var.
Azərbaycan tarixi abidələri dağıtmır. Azərbaycanın tarixi abidələrlə problemi yoxdur. Bu tarixi abidələr də Ermənistana aid deyil. Bu irs alpanlara məxsusdur. Diqqət etsəniz, mən qəsdən “alban” yox, “alpan” deyirəm. Bu, qədim türk tayfalarının mədəniyyətidir. Sovet dövründə və işğal illərində bu tarixi irs zorla erməniləşdirilməyə çalışılıb. Bu, böyük cinayət idi. Biz bunu dünyaya yavaş-yavaş çatdırmalıyıq.
Bu abidələr və kilsələr müasir dövrdə ermənilərə aid olduğunu göstərmək üçün təqdim olunub. Biz də həmin məsələlərə münasibətimizi ortaya qoyuruq. Hətta bu proses daha sistemli aparılmalıdır.
Heç kimdən çəkinməyə ehtiyac yoxdur. Onlar bəyanat verirlər, biz də mövqeyimizi bildiririk. Biz 30 il ərzində kifayət qədər bəyanatlar vermişik. 44 günlük Vətən müharibəsində vətəndaş cəmiyyəti və siyasi partiyalar olaraq mövqeyimizi ortaya qoyurduq, amma bizi eşidən yox idi. İndi də onlar danışırlar.
Hesab edirəm ki, ordumuz və cəmiyyətimiz güclü olmalı, vətəndaş həmrəyliyi qorunmalıdır. Siyasi institutlarla müxalifət arasında münasibətlər sağlam olmalıdır. Belə olduğu halda Azərbaycan Cənubi Qafqazın gerçək liderinə çevriləcək.
– İqbal bəy, amma müxalifətin bəzi komponentləri, əsasən xarici dairələrdən təlimatlar alan bəlli qruplar Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar bu qurumla bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin dayandırılması qərarını məqsədyönlü şəkildə kontekstdən çıxarmağa çalışır. Müxalifət iddia edir ki, Avropa Parlamenti ilə əlaqələrin kəsilməsinin pərdəarxası səbəbləri bu təşkilatın insan hüquqları və demokratiya tələbləri ilə bağlıdır. Guya iqtidar Avropa məkanından uzaqlaşmaqla məsuliyyətdən yayınmağa çalışır…
“Putinin qorxunc anonsu: Rus tankları İrəvana girə, Paşinyan öldürülə bilər” – İqbal Ağazadə
“İlk bəyanatım bu olacaq: hamımız həbsxanaya gedə bilərik, amma dövlətimə əl uzatmayacaqsan…”
– İqbal bəy, amma müxalifətin bəzi komponentləri, əsasən xarici dairələrdən təlimatlar alan bəlli qruplar Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar bu qurumla bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin dayandırılması qərarını məqsədyönlü şəkildə kontekstdən çıxarmağa çalışır. Müxalifət iddia edir ki, Avropa Parlamenti ilə əlaqələrin kəsilməsinin pərdəarxası səbəbləri bu təşkilatın insan hüquqları və demokratiya tələbləri ilə bağlıdır. Guya iqtidar Avropa məkanından uzaqlaşmaqla məsuliyyətdən yayınmağa çalışır…
– Hesab edirəm, iki şeyi qarışdırmağa ehtiyac yoxdur. Azərbaycanda insan haqları da pozulur, məmur özbaşınalığı da var, korrupsiya da, rüşvətxorluq da var. Amma bunu əsas gətirib dövlətimin maraqlarına, hətta dövlət sərhədlərinin dəyişdirilməsinə, etnik separatizmin bərpasına çalışacaqsansa, mənim ilk bəyanatım bu olacaq: son nəfərimizə qədər, hamımız həbsxanaya gedə bilərik, amma dövlətimə əl uzatmayacaqsan.
Biz burada siyasi şəxs, vətəndaş cəmiyyəti və KİV olaraq nədən ötrü mübarizə aparırıq? Dövlətimizin güclənməsi, böyük dövlət olması üçün. Əgər kimsə bunun qarşısını almaq üçün mənim hüquqlarımdan istifadə edəcəksə, mən o hüquqları elə dövlətimə təslim edirəm. Yəni bu kontekstdə fərqli yanaşmağı bacarmalıyıq. Bizdən heç kəs sui-istifadə edib dövlətə qarşı öz maraqlarını qorumağa çalışmamalıdır.
Yenə deyirəm, bəli, Azərbaycanda insan haqları pozulur. Lakin kimlərsə mənim haqlarımla terrorçunun haqlarını eyni tutursa, mən o siyahıda yer almaram. 30 il Azərbaycanda qan tökülüb, şəhərlər dağıdılıb, bir milyon insan yerindən qovulub, 10 mindən çox insan həyatını itirib, yüz minlərlə insanın psixologiyası pozulub, körpələr yetim qalıb. Bütün bu cinayətləri edən terrorçu ilə mənim haqlarım bir tutulursa, bu ədalətsizlikdir. Mən bütün hallarda ədalətsiz davranışların əleyhinəyəm.
Bu istiqamətdə hakimiyyətə səslənişim başqadır. Azərbaycanda insan haqları qorunmalıdır. Azərbaycanda müstəqil məhkəmə sistemi təmin olunmalıdır. Amma bu tələblərlə Avropadan gələn tələblər arasında fərq var. Mən deyirəm ki, Araik Arutyunyanın ömürlük həbs cəzası alması doğrudur. Çünki bu şəxs Gəncədə, Bərdədə həlak olan və yaralanan insanların səbəbkarıdır. Bunu heç kəs dəyişə bilməz. Amma hökumət də bu istiqamətdə ən azı müəyyən addımlar atmalıdır.
Biz Avropa ailəsindəyik. Biz dünyadan təcrid olunmuş şəkildə yaşaya bilmərik. Gələcəkdə cəmiyyət maraqlarını nəzərə alaraq dövlətin maraqlarını qorumaq üçün bu yerdən bizi vurmağa çalışmasınlar deyə, humanizm qapısı açıq saxlanmalıdır. Hətta dövlətin təbirincə cinayət etmiş, bizim təbirimizcə isə haqları pozulmuş şəxslərin azadlığa buraxılması da düşünülməlidir. Dövlət güclü olanda bunu etməlidir. Bu gün dövlətimiz güclüdür. Lakin heç kəs təminat vermir ki, dövlətimiz həmişə güclü qalacaq. Bu gün dövlətimiz güclüdürsə, bu problemi həll etməlidir ki, zəif vaxtında həmin problemlər hansısa çətinliklər yaratmasın.
Bu gün dövlət yüksəlişdədirsə, qorxmamalıdır. Amnistiya qapısını açmalı, həbsdəki bəzi insanları azadlığa buraxmalıdır. Onların cəmiyyətə fərqli şəkildə adaptasiya olunmasını təmin etməlidir.
Mən çox sevindim ki, Prezident məmurların maaşını artırdı. Bu, mənim üçün yeni bir siqnal idi. Çünki bu o demək idi ki, korrupsiyalaşmış məmur sistemindən yavaş-yavaş imtina ediləcək və yeni sistemə keçiləcək. Dəfələrlə demişdim ki, mənə bir şey çatmır: özəl sektorda 1500 manat maaş alan biri niyə 900 manat maaş alan icra başçısı vəzifəsinə getsin? Demək ki, burada korrupsiya var. Amma indi həmin vəzifələrin maaşı artdığı üçün çalışan məmur vətənə, millətə və təmsil etdiyi siyasi partiyaya daha sadiq olar.
Hesab edirəm ki, cəmiyyətin maraqları da təmin edilməlidir. İndi vətəndaşa doğru addım atmaq lazımdır. Məmura o qədər maaş verilirsə, vətəndaşın da üstünlükləri təmin edilməlidir. Qaz və işıq limitləri ləğv edilməli, kommunal xidmətlərin və cərimələrin məbləği azaldılmalıdır.
Qanunlar insanları rahat etmək üçündür. Bu gün Azərbaycanda çıxarılan bəzi qanunlar isə insanları narahat edir. Hökumət bunu düşünməlidir. Hətta bəzən qayda yaratmaq üçün qəbul edilən qanunlar vətəndaşı daha çox narahat edir. Bunun daha rahat üsullarını tapmaq lazımdır.
Bu gün cərimələr vətəndaşı narahat edir. Maaşlarla müqayisədə cərimələr yüksəkdir. Bu, bəlkə də şəhərdə qayda-qanun yaratmaq üçündür, amma vətəndaşı narahat edir. Taksi ikinci zolaqda saxlayır ki, vətəndaş düşsün, dərhal cərimə edilir. Vətəndaşı narazı edən yox, onu rahatlaşdıran qanunlar qəbul etmək lazımdır.
– Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər etdi. Səfər Aİ–Bakı münasibətlərinin gələcəyi baxımından müsbət qiymətləndirilir. Bir tərəfdən Qərbin bəzi institutları Azərbaycana qarşı qətnamələr qəbul edir, digər tərəfdən isə önəmli qurumlar, dövlətlər münasibətləri inkişaf etdirməyə çalışır. Bu təzadın əsas səbəbi nədir?
– Bu ikili yanaşma deyil. Biz bunu öyrənməliyik. Parlament fərqli ölkələrin fərqli nümayəndələrindən, özü də xalqın seçdiyi nümayəndələrdən ibarətdir. Parlamentin funksiyası ayrıdır. Onun rəhbərliyi isə Avropa siyasətini yeridir. Avropa İttifaqının nümayəndələri — Kaya Kallas və onun timsalında digərlərinin səfərləri Azərbaycan iqtidarına mesaj verir ki, Avropa İttifaqı sizinlə əməkdaşlıq etməkdə maraqlıdır. Parlament isə deyir ki, mən müxtəlif ölkələrdən təşkil olunmuşam və müxtəlif nümayəndələrdən ibarətəm, bizim də seçki maraqlarımız var.
Azərbaycan xarici siyasətinin gücü ondan ibarət olmalıdır ki, bu iki yanaşmanı uzlaşdırsın. Bu uzlaşdırmanın bir yolu daha sərt mövqedir. Milli Məclisin qərarı ilə biz bunu gördük. Bir daha deyirəm, mənə görə bu doğru qərar idi.
Avropa Parlamenti fərqlidir. İcra və qanunverici orqan arasında fərq var. Biz buna öyrəşməmişik. Çünki bizdə iqtidar nə deyirsə, parlamentdə də onu deyilir. Bizdə iqtidar hansı siyasəti yürüdürsə, parlament də onu ifadə edir. Bunu dəyişmək lazımdır. Fərqli səslər çıxmalıdır, fərqli mövqelər səslənməlidir.
Cəmiyyətin maraqları müsahibələrdə, debatlarda, hansısa siyasi partiyaların bloklaşmalarında yox, daha çox parlamentdə müzakirə edilməlidir. Seçici də buna qiymət verməlidir. Ona görə Avropa İttifaqının bizə münasibəti ilə Avropa Parlamentinin münasibəti arasındakı fərqdə qəribəlik axtarmağa ehtiyac yoxdur.
– Ermənistan–Azərbaycan sülh prosesi ilə paralel olaraq Türkiyə–Ermənistan münasibətlərinin normallaşması istiqamətində də addımlar atılır. Bu proses rəsmi Bakıda narahatlıq yaratmasa da, Türkiyə–Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə Serdar Kılıçın Ermənistana son səfəri zamanı səsləndirdiyi fikirlər birmənalı qarşılanmadı. Belə ki, o, “Rubenə 30-40 təklif verdim; onların heç biri Türkiyə üçün heç bir fayda güdmürdü deyib. Əsas məqsədim Ermənistanın rifahına töhfə vermək idi” deyib. Sizcə, bu açıqlama diplomatik nəzakət nümunəsi idi, yoxsa verilmiş siyasi mesaj kimi qiymətləndirilməlidir?
– Hesab edirəm ki, Ermənistan məsələsində Azərbaycan ilə Türkiyə uzun illərdir razılaşdırılmış siyasət aparır. Bakı ilə İrəvan arasındakı münasibətlər yeni mərhələdə olduğu üçün Türkiyə ilə münasibətlərin də yeni mərhələyə çıxması istiqamətində razılaşdırılmış addımlarda qeyri-adi heç nə yoxdur. Ermənistana daha isti münasibət göstərilir ki, fərqli dövlətlər bu ölkəyə daha çox müdaxilə etməsin.
2006–2008-ci illərdə Azərbaycan parlamentində mən mütləq şəkildə deyirdim ki, Ermənistan–Türkiyə sərhədləri açılmalı, Rusiyanın Cənubi Qafqazdakı dominantlığına son qoyulmalıdır. Bütün qapıları bağlayıb Ermənistanın üzünü Rusiyaya çevirməsinə şərait yaratmaq özü milli mənafeyə ziyan idi.
İndi çəkinmək, qorxmaq lazım deyil. Türkiyə qapılarını açmalıdır, Azərbaycan qapılarını açmalıdır və Ermənistan özünü regionda fərqli şəkildə hiss etdirməyi bacarmalıdır. Əks təqdirdə Ermənistan yenidən Cənubi Qafqazda marağı olan başqa gücləri bu regiona çəkib gətirəcək. Necə ki, əvvəllər Rusiyanı çəkmişdi, bu gün Fransanı və başqalarını da cəlb edir. Belə olan təqdirdə isə sülh tərəfdarlarının mövqeyi zəifləyəcək.
Ona görə də bu məsələlər xırda detallar deyil. Bəlkə də Serdar Kılıç İrəvanın qədim türk torpağı olduğunu eyham vuraraq “özümü evimdəki kimi hiss edirəm” ifadəsini işlədirdi. Məsələyə bu yöndən də pozitiv yanaşmaq lazımdır.
– Qarşıdan Ermənistanda parlament seçkiləri gəlir. Seçkilərlə bağlı proqnozlarınız nədir? Mövcud siyasi vəziyyətdə Nikol Paşinyanın hakimiyyətini qorumaq şansı nə dərəcədə real görünür?
– R. Köçəryan və onun komandası, o cümlədən S. Karapetyanın əhəmiyyətli səs qazanıb hakim mövqeyə çıxacağını gözləmirəm. Paşinyan 70 faizə qədər səs qazana bilər. Bu, artıq cəmiyyətdə də bilinir.
Rusiyanın rəsmi şəxslərinin dediyinə görə, Paşinyan qələbə qazanarsa, Rusiya seçkiləri tanımayacaq, tanklar Ermənistan daxil olacaqmı, orada Rusiyanın hərbi bazasından qarşıdurma üçün istifadə ediləcəkmi, təxribatlar və digər məsələlər baş verəcəkmi, Paşinyan öldürüləcəkmi kimi suallar var. Məsələn, 1999-cu ildə Ermənistan parlamentində baş verən güllələnmə hadisəsi (Vazgen Sərkisyan və Karen Dəmirçiyanın öldürülməsi) bizim gözümüzün qarşısında baş verib. Rusiya nələr edə bilər, bunu indidən demək çətindir. Çünki Putinin son parad çıxışı əslində bir sıra məqamlardan xəbər verir. Bu, siyasi mövqedən çox, sərt güc mövqeyidir.
Bu ayın sonunda Avrasiya İqtisadi İttifaqının yığıncağında Paşinyanın iştirak etməyəcəyi artıq bəyan edilib. O, bunu seçkilərlə əlaqələndirib. Bu da Rusiya üçün xoş xəbər deyil. Buna görə də, əgər seçkilər olacaqsa və xarici müdaxilə olmazsa, Paşinyan qalib gələ bilər.
– Rusiyanın Ermənistandakı seçki prosesinə müdaxilə edəcəyi ilə bağlı iddialar səslənir. Siz bu ehtimalları nə dərəcədə real hesab edirsiniz və Moskvanın Ermənistandakı siyasi proseslərə təsir imkanları hazırda hansı səviyyədədir?
– Rusiya hər şey edə bilər. Hətta ABŞ-ın Maduronu bir gecədə apardığı kimi Rusya da Nikol Paşinyanı apara bilər. Hər şey mümkündür.
– Məlum olduğu kimi, Rusiyada Qələbə Paradı keçirildi. Bir çox ekspertlər bunu son illərin ən zəif və təsirsiz paradlarından biri kimi qiymətləndirdi. Nə Ermənistanın Baş naziri Nikol Paşinyan, nə də Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etmədi. Bu məqam Kremlin regiondakı təsir imkanlarının zəifləməsinin göstəricisi sayıla bilərmi?
– Bu ondan xəbər verir ki, Vladimir Putin artıq gedəcək və Rusiya yeni bir dövrə qədəm qoyacaq. İran müharibəsi ətrafında proseslər bitdikdən sonra Ukraynanın əli daha açıq olacaq. Kiyev bu şəkildə Rusiyaya daha böyük zərbə vuracaq. Daxildə də narazılıqlar artacaq, hətta Kreml daxilində də gərginlik yüksələcək. Beləcə, Putinin hakimiyyətdən gedəcəyi ehtimalı yaranacaq.
Putin əslində kim idi ki, onu Çubays təqdim etmişdi. O da ABŞ-ın adamı idi. Hətta Putini Sobçaka da, Yeltsinə də o təqdim etmişdi. Çubays 2022-ci ildə müharibə başlayanda da Putinin yanında idi. Müharibə başlayandan sonra isə ABŞ-yə getdi. Yəni Putin özü də oranın adamı idi.
Putin üzərinə düşən vəzifələr vardı. Putinin missiyası bitdiyi üçün bu gün getməlidir. Putin o qədər irəli getmişdi ki, 2002-ci ildə “Böyük 8-lik”in görüşündə deyirdi ki, biz NATO-ya üzv olmaq istəyirik. İndi isə NATO-nun əleyhinə danışır. Onda Putinə başa saldılar ki, sənin başqa missiyaların var. Bu missiyalar da bitdi. Ona görə Putin gedəcək.
Şərh yaz









