Minsk qrupu: Diplomatik missiya, yoxsa siyasi imitasiya?- Anar İsayev şərh edir…
ATƏT-in Minsk qrupu illərlə Ermənistan–Azərbaycan münaqişəsinin həlli missiyasını daşısa da, proses real nəticədən daha çox uzanan diplomatik müzakirələr fonunda yadda qaldı. İşğal faktının davam etməsi, status-kvonun dəyişməməsi və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməməsi bu mexanizmin nə qədər yarıtmaz və təsirsiz olduğunu açıq şəkildə ortaya qoydu. Azərbaycan cəmiyyətində illərlə eyni sual səsləndi: beynəlxalq hüquq normaları və BMT qətnamələri mövcud olduğu halda niyə onların icrası təmin olunmurdu?
Məsələnin əsas tərəflərindən biri də Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və nüvə dövlətləri olması idi. Bu ölkələr qlobal siyasətdə fərqli mövqelərdə dayansalar da, onları birləşdirən ortaq maraq beynəlxalq təsir imkanlarını qorumaq, regional balansı nəzarətdə saxlamaq və geosiyasi maraqları təmin etməkdən ibarət idi. Məhz bu maraqlar bir çox hallarda beynəlxalq münaqişələrə yanaşmada ikili standart görüntüsü yaratdı.
Ən çox müzakirə olunan məqamlardan biri isə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlara münasibətdə ortaya çıxırdı. Daimi üzv olan dövlətlər bəzi hallarda həmin qərarların icrasının təminatçısı kimi çıxış etsələr də, siyasi maraqlar toqquşduğu zaman eyni qərarların icrası ya illərlə yubadılır, ya da faktiki olaraq mümkünsüz vəziyyətə salınırdı. Bu isə beynəlxalq hüququn vahid prinsip əsasında deyil, daha çox siyasi maraqlar çərçivəsində işlədiyi ilə bağlı fikirləri gücləndirirdi.
Azərbaycanın mövqeyi isə bütün dövr ərzində dəyişməz qaldı. Ölkənin ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində tanınırdı və qəbul edilən qətnamələr də bunu açıq şəkildə təsdiqləyirdi. Lakin illərlə kağız üzərində qalan qərarlar beynəlxalq mexanizmlərin effektivliyi ilə bağlı ciddi suallar yaratdı. Bu səbəbdən Minsk qrupu fəaliyyəti boyunca problemin həllindən çox, nəticəsiz və uzanan diplomatik prosesin simvolu kimi yadda qaldı.
Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılsa da, Azərbaycan ictimai-siyasi düşüncəsində uzun illər ərzində onun fəaliyyəti əsasən qeyri-effektiv və nəticəsiz mexanizm kimi qiymətləndirilib. Bunun əsas səbəbi isə 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal altında qalmasına baxmayaraq, real nəticə verəcək təsir mexanizmlərinin tətbiq edilməməsi idi.
Politoloqun sözlərinə görə, işğalçıya təzyiq göstərmək əvəzinə, Minsk qrupu daha çox status-kvonu qoruyan və işğal faktının uzanmasına şərait yaradan vasitəçilik modeli formalaşdırmışdı. ABŞ, Rusiya və Fransanın həmsədr dövlətlər kimi çıxış etməsi də ayrıca geosiyasi müzakirə mövzusu olub. Bu üç ölkə həm BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də nüvə dövlətləri kimi Cənubi Qafqazda təsir imkanlarını qorumağa, regionda balansı öz nəzarətlərində saxlamağa və proseslərin tam şəkildə hansısa regional gücün xeyrinə dəyişməsinə imkan verməməyə çalışırdılar. Bu səbəbdən tərəflər arasında tam həll deyil, daha çox idarəolunan və nəzarətdə saxlanılan münaqişə modeli uzun illər davam etdi.
“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycan ərazilərinin işğaldan azad olunması tələb edilsə də, onların icrası təmin edilmədi. Bu vəziyyət beynəlxalq münasibətlər sistemində “selektiv yanaşma” ilə bağlı tənqidləri daha da gücləndirdi. Çünki böyük dövlətlər bəzi hallarda beynəlxalq hüququn və BMT qərarlarının icrası üçün sərt mexanizmlər tətbiq etdiyi halda, digər hallarda siyasi maraqlara görə ikili standart prinsipindən çıxış edərək həmin qərarların kağız üzərində qalmasına şərait yaradırlar”, – deyə Anar İsayev qeyd edib.
Anar İsayev bildirib ki, bütün bunlar beynəlxalq hüququn universallığı, ədalət prinsipi və beynəlxalq təşkilatların real təsir imkanları ilə bağlı ciddi suallar doğurur.
İradə Cəlil,
Bizimyol.info
Şərh yaz




