Rüfət Muradlı: “Bu prosesin YAP iqtidarı ilə gerçəkləşəcəyinə inanmıram”

“Çox zaman bizdən ölkədə Milli ruh, Milli düşüncə haqda soruşurlar. Təəssüf ki, son illər ölkəmizdə milli nə varsa, ona qarşı gizli-aşkar “səlib yürüşünün” həyata keçirildiyinə şahid olmaqdayıq. Təhsilimizdə də, mədəniyyətimizdə də, gündəlik həyat tərzimizdə də mənfi təsirlərini sezə bilirik. Milli olan bizim olan deməkdir. Milli olan Azərbaycana məxsus olan deməkdir”.

Bu sözləri Ümid Partiyasının ictimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı deyib. Sədr müavini bildirib ki, son 27 ildə mövcud iqtidarın siyasəti ciddi-cəhdlə həmin anlayışları lüğət tərkibimizdən silməyə doğru yönəlmişdir: “Özəlliklə, 1995-ci il Konstitusiyasında dilimizin və millətimizin gerçək adının dəyişdirilməsi bu prosesin ilkin mərhələsi kimi dəyərləndirilə bilər. Millət öz adı, öz dilinin gerçək adı ilə yaşamırsa, onda milli ruhun yaşaması, milli düşüncənin formalaşması mümkündürmü? Şübhəsiz ki, ölkədə bu qayəni yaşadan yüzlərlə, bəlkə də minlərlə fədailər mövcuddur. Amma burada söz toplumun düşüncəsinə qarşı baş verən saldırıdan gedir. Düşünürəm ki, 26 il Kremlə muzdurluq edən 5-ci kolon ünsürlərindən təşkil olunmuş hakimiyyət başqa cür davrana bilməzdi”.

R.Muradlı daha sonra əlavə edib ki, bu gün Azərbaycan dəyişməli, milliləşməli, demokratikləşməlidir: “Əks halda, millət olaraq gələcəyimiz sual altındadır. Şəxsən mən bu prosesin mövcud YAP iqtidarı ilə gerçəkləşəcəyinə inanmıram. Amma son onillikdə siyasi institutların, medianın, vətəndaş cəmiyyəti institutlarının tərk-silah edilməsi gerçəyi ilə də üz-üzəyik. Yəni, demək olar ki, yalın əllə, olduqca ağır dönəmə daxil oluruq və millət olaraq varlıq mücadiləmiz qaçılmazdır. Kremlin dövlətçiliyimizə qarşı yeni avantüraları, cənub qonşumuzun hər an pusquda dayanması günümüzün gerçəyidir. Və bu “labirintdən” milləti də, dövləti də yalnız milli iradə xilas edə bilər. Zatən ortada hakimiyyətin siyasi iradəsi yoxdur. Bu yolda Vətənimizin güneyində 35 milyondan artıq soydaşlarımızı da, qardaş Türkiyəni və bizə tarixi, milli, mənəvi bağlılıqları olan millətləri də yanımızda hiss etməliyik. Düşünürəm ki, bu istiqamətdə milli qüvvələr bir araya gələrək əsaslı strategiya müəyyən etsələr, sonuca addım-addım yaxınlaşa bilərik. Son illər, xüsusilə, son aylar ərzində bu yöndə müəyyən dinamikaya şahid olmaqdayıq. Ümid edir və inanıram ki, Azərbaycanın başının üstünü almış qara buludları məhz milli düşüncə sahibləri aradan qaldıracaq. Şübhəsiz ki, bu yöndə çiynimizdə ən böyük yük işğalda qalan Qarabağımızdır. Elə oradan başlayacağıq”.

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz