Rəsulzadə Cümhuriyyətinin elan olunması Azərbaycan tarixinin müstəsna zirvəsidir – İQBAL AĞAZADƏ

Cümhuriyyətin elan olunması Azərbaycan tarixinin müstəsna zirvəsidir. Niyə? Çünki paytaxtı olmayan, ordusu olmayan, ən başlıcası, müstəqillik haqqında düşünməyən bir xalq olan yerdə böyük öndər Məhəmməd Əmin Rəsulzadə və komandası heçdən bir dövlət elan etdilər. Çox deyirlər ki, Cümhuriyyət dövründə filan torpaqlarımız verildi və s. İlk dəfədir buna diqqət çəkirəm, istəyirəm ki, tarixçilər də bu məsələyə diqqətlə yanaşsınlar. Çünki bu sözlər hər dəfə səsləndikcə məni çox ağrıdıb.

Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə dekabrın 19-u Press klub TV-nin “Babat Debat” verilişində Kamran Həsənlinin suallarını cavablandırarkən deyib.

Partiya sədri bildirib ki, biz Rusiyanın tərkibinə bütöv Azərbaycan xəritəsi və vahid dövlət halında daxil olmamışıq. O zaman xanlıqlar dönəmi idi və İrəvan, Talış, Qarabağ, Quba, Bakı, Şirvan və s. hərəsi ayrılıqda Rusiya ilə müqavilə bağlamış və onun tərkibinə qatılıb. Rəsulzadə bacardığını topladı, bir dövlət qurdu, istədi ki, İrəvan xanlığını da bu tərkibə qatsın, lakin bacarmadı, gücü çatmadı. Bu ərazilər xanlıqlar şəklində idi. O zamanki dövrü kimsə bugünlə müqayisə etməsin.

İqbal Ağazadə qeyd edib ki, 1992-ci ilin 2 mart tarixində Azərbaycan BMT-yə qəbul olunanda Azərbaycana bir xəritə çəkib verdilər. Böyük öndər Rəsulzadə və silahdaşlarına, Cümhuriyyət elan edənlərə heç kim o xəritəni cızıb verməmişdi. Qanları ilə, əlləri ilə, gücləri ilə, ağılları ilə heçdən bir dövlət yaratdılar. Ona görə deyirəm, cümhuriyyətdən yuxarı heç nə yoxdur, amma bu torpaqları işğaldan azad etmək də cümhuriyyətin elan olunmasına bərabər bir şey idi. Böyük xidmət idi. Bu xidmətləri məişətin, sosial problemlərin güdazına vermək olmaz. Bunu hər hansı bir qeyri-peşəkar, hər hansı bir maraqlarını güdən ayrı-ayrı məmurlara da qurban vermək olmaz. Sistem dəyişməlidir.

Verilişin tamamını bu keçiddən izləyə bilərsiniz:

Şərh yaz