Rəfail Tağızadə:”Humanitar təşkilatların sayı artdıqca humanizm azalır”

İnsanlığın, dəyərlərin itdiyi, inamının azaldığı, dünyanın qarma-qarışıqlığa sürükləndiyi bir zamanda yaşayırıq.

Böyük, güclü dövlətlər kiçik dövlətlərin məhvinə çalışır. Bu məsələdə dini baxışlar daha çox nəzərə çarpır. Şərq, müsəlman ölkələri ölüm poliqonuna çevrilib. Hamı silahını orada sınaqdan keçirir. Dünyada müsəlmanların ölümü olduqca adiləşib. Ölənin döyüşçü, adi vətəndaş olması heç kimi maraqlandırmır. Narahat etmir. Bu ölümə, bu itkiyə doğmalarından başqa kimsənin səsi çıxmır. Etiraz etmir. Etiraz olmayan məkan yeni həmləni gözləməli olur.

Axı ölən avropalı deyil. Yoxsa bütün ölkə liderləri bir sıraya düzülmüşdülər.

Haqsızlıqlara, sıxıntılara dözməyib gücləri ancaq özlərinə çatanlar intihara əl atırlar. Haradandı ölməyə, öldürməyə bu qədər meyl. İstək.

Hər gün partlayış, intihar xəbərlərini eşidirik.

Nədəndir insanların qana bu qədər susaması? Biganəliyi, laqeydliyi…

XXI əsrdə bəşər övladı bu düşüncəylə hara gedir?

Humanitar təşkilatların sayı artdıqca humanizm azalır. İnsanlar biri-birinə, ölkələrə, təbiətə hədəf obyekti kimi baxmağa başlayıblar. Bu dünya faciəsinin başlanğıcıdır.

Artıq ən sakit ölkənin, ən sakit guşəsində bir saatdan sonra partlayış, atəş, ölüm olmayacağına zəmanət yoxdur.

Budurmu sivilizasiya? Budurmu bəşəriyyətin tərəqqisi? Elmə, tərəqqiyə ən çox sifariş silahlanma üçün verilir. Özü də küllü miqdarda maliyyə ilə.

Sivilizasiya sivirizasiyaya çevrilib. Sonrasından yaradan saxlasın.

İbtidai insan özünün ibtidai düşüncəsiylə indiki insanlardan daha mərhəmətli idi.

Bu kimi hallardı insanları nə qədər ağır olsa da, sakit və rahat nostaljiyə kökləyən.

Sivilizasiya, inkişaf dediyimiz zamanda müharibələrin, qırğınların, nifrətlərin artdığı dünyada insanı yaşadan sevgilər azalır. İnsanlara, təbiətə, səmaya olan sevgilər…

 

Rəfail Tağızadə

Ümid partiyası Ali Məclisinin sədri

 

Şərh yaz