Qazi Elşən Quliyev: “İşğal faktorunun aradan qaldırılmasında ordu komandanlığının əzmkarlığı qənaətbəxş deyil”

77

“Ordunun hərbi təminatının yaxşılaşdırılması, xalq-ordu həmrəyliyinin olması fonunda, işğal faktorunun aradan qaldırılmasında ordu komandanlığının əzmkarlığı qənaətbəxş deyil”.

Bu sözləri Ümid Partiyası Təşkilat şöbəsinin müdiri, Qarabağ qazisi Elşən Quliyev “Türkiyə – Azərbaycan hərbi əməkdaşlığının itirilmiş torpaqların geri qaytarılmasında rolu və əhəmiyyəti nə qədər ola bilər?” – sualını cavablandırarkən deyib.

Qarabağ qazisi bildirib ki,Türkiyə – Azərbaycan hərbi əməkdaşlığı tarixin bütün dönəmlərində yüksələn xətt üzrə inkişaf edib: “1918-ci ilin 15 sentyabrında Azərbaycan – Osmanlı türk əsgərləri Bakını bolşevik-erməni daşnaklarından azad edərək Azərbaycan dövlətinin tarixinə heç vaxt unudulmayacaq və gələcək nəslə əsl qardaşlıq nümunəsi göstərəcək şərəfli bir gün kimi yazdılar. Həmin vaxt dövlətimiz müstəqilliyini yeni elan etmişdi. Beynəlxalq aləmdə Azərbaycanın yetəri qədər dəstəyi yox idi. Həmin dövrün qəhrəmanları ərazi bütövlüyümüzün qorunmasında kifayət qədər keşməkeşli yollar keçdilər. Türk qardaşlarımızın özlərinin daxili vəziyyətləri ürəkaçan deyildi. O dönəmdə bəzi Avropa dövlətləri türk qoşunlarının Azərbaycana gəlməyinə mane olmağa çalışırdılar. Ərazi bütövlüyümüzü qorumaq məqsədilə Nuru paşanın rəhbərlik etdiyi qoşun bölməsi Azərbaycana gəldi. Osmanlı türk qoşunları bu qarşıdurmalarda 1130 nəfər şəhid verdi. Nəhayət, Bakı işğaldan azad olundu. Məhz bu qardaşlıq nümunəsinin nəticəsi olaraq AXC hakimiyyəti paytaxtı Gəncədən Bakıya köçürdü.
Son günlər Türkiyə – Azərbaycan hərbi əməkdaşlığı bir çox dövlətləri yenidən narahat etməyə başlayıb. Türk hərbi qüvvələrinin Azərbaycanda olması qonşu Rusiya və İran da daxil olmaqla, işğalçı Ermənistanı da narahat edir. Rusiyanın bu mərhələdə Ermənistana açıq şəkildə silah-surat göndərməsi əslində həmin narahatlığın göstəricisidir”.

Daha sonra, partiya funksioneri əlavə edib: “Rusiya başa düşür ki, Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytaracağı təqdirdə o, Cənubi Qafqazdakı nüfuzunu və təsir imkanlarını itirəcək. Ona görə də Rusiya ciddi-cəhdlə öz qüvvələrini Ermənistanda səfərbər edərək Azərbaycana təzyiq edir. İran dövlətinin narahat olduğu məqam isə ondan ibarətdir ki, Azərbaycan itirilmiş torpaqlarını geri qaytarandan sonra bu ölkədə yaşayan təxminən 40 milyonluq soydaşımızın müstəqillik arzuları yenidən oyanacaq.
Bu gün mən Qarabağ qazisi olaraq qürur hissi keçirirəm. Və inanıram ki, Azərbaycan-Türk hərbi əməkdaşlığı ordumuzda sıravi heyətdən, yüksək çinli zabitə qədər ruh yüksəkliyi yaradıb. Etiraf edək ki, ordunun bugünkü təminatı illər öncəkindən fərqlidir. Ən başlıcası isə, uzun illərdən sonra xalqın orduyla həmrəyliyinin şahidi olduq. 15 iyun bu həmrəyliyin bariz nümunəsi oldu. Baxmayaraq ki, ordunun hərbi təminatı ən gözəl formadadır, xalqın ordu ilə həmrəyliyi mövcuddur, təəssüf ki, işğal faktorunun aradan qaldırılmasında ordu komandanlığının əzmkarlığı qənaətbəxş deyil”.

Ümid Partiyası Mətbuat Xidməti

Şərh yaz