Amerikada 2016-cı il Prezident Seçkilərinə müdaxilə ilə bağlı iddialara baxmayaraq, seçki Trampın inadkarlığı ilə sonuclandı və nəticələri şübhə altına alan addımlar atıldı. Amerika demokratik sistem baxımından dünyaya örnək olan ölkədir. Deyirlər ki, baxın, polis dinc əhali ilə necə davranır?! Əslində, bütün ölkələrdə bu kimi məsələlər – cəmiyyət, kütlə eynidir. Güc strukturlarının münasibəti də eynidir. Sadəcə sistemlər fərqlidir.
Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə LAF TV-nin canlı efirində deyib. Partiya sədri demokratiyanın əslində nə olduğunu vurğulayarkən bildirib ki, təəssüflər olsun ki, qeyri-demokratik ölkələrin hər biri Amerikadakı vəziyyəti istehza ilə qarşılayır. Amma Amerikada baş verən hadisələrlə qeyri-demokratik ölkələr arasında fundamental fərq var. Bütün ölkələrdə iqtidarın seçkini saxtalaşdırdığı deyilirsə, Amerikada isə iqtidar müxalifətin seçkini saxtakarlaşdırdığını iddia edir. Bax, demokratiyanın fərqi budur. Bunu görə bilmirlər ki, hakimiyyətdə olanı, yəni əlində resurslar olanı hakimiyyətdən qovurlar ki, sən seçilməmisən. Sən xalqın səsinə müdaxilə edə bilməzsən. Qeyri-demokratik ölkələrdə isə başqadır. Həm seçkini saxtalaşdırır, həm də xalqın basıb gözünü çıxarırlar ki, siz seçmisiniz. Bu gün Amerikada olanlara gülənlər demokratiyanı istəməyənlərdir. Buna sevinmək olmaz. Bu şəkildə yanaşmaq demokratik idarəetmənin əleyhinə olanlardır. Amerikada demokratiya Trampın gəlişi ilə zədələnmişdi. Mən bütün ölkələrdə demokratiyanın tərəfdarıyam.
Hamı hesab edir ki, beləliklə də demokratiya zədələndi və ölkələrdə hər kəs öz hakimiyyətini “başlı başını saxlasın” prinsipi ilə idarə edəcəklər. Çox yanılırlar. Amerikada olanlar demokratiya hərəkatının yeni mərhələsidir. Dünyanın bütün demokratik institutları birləşəcək.
Amerika hadisələrinin Cənubi Qafqazda hansı təsirləri olacaq – sualına İqbal Ağazadə belə cavab verib:
Hər şey bizim necə işləməyimizdən asılıdır. Azərbaycan bu gün regiona sülhün gəlməsini istəyən tərəfdir. Cənubi Qafqaz uğrunda mübarizə şiddətlənəcək.
Gürcüstan alt yapıda Rusiya ilə, üst yapıda Avropa ilə münasibətlər qurub. Ermənistan isə hələ yerini müəyyən edə bilməyib. Və bu gün Cənubi Qafqazın daha çox Türkiyə ilə münasibətlər sisteminə üstünlük verən, Rusiyadan da imtina etməmiş, demokratik idarəetmə baxımından ləngiyən, Avropa ilə qonşuluq çərçivəsində müqavilə imzalamayan, seçkiləri hər dəfə müşahidə missiyası tərəfindən şübhə altına alınan, insan haqlarının pozulması ilə bağlı qərb dairələrinin mövqe qoyduğu bir Azərbaycanı var.
Dünyada Türkiyənin ən ədalətli qərarına belə ən ədalətsiz yanaşmalar olur. Çünki Türkiyəni böyüməsi və güclənməsini istəməyənlər var. Çox istərdim ki, Azərbaycan Türkiyə ilə birlikdə demokratik dəyərlərə söykənib, irəliləyə bilsin – təbii ki, dövlət maraqlarımız qorunmaq şərti ilə. Biz Avropa ilə müqavilə imzalamalıyıq, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində imza atılmalıdır. Biz bəzi ölkələrin qərəzli mövqelərini bilirik, çünki onlar həqiqəti görüb susurlar. Ona görə də həm daxili, həm də xarici siyasətimizi elə qurmalıyıq ki, həmin ölkələrin əlinə bəhanə verməyək.
İqbal Ağazadə Qarabağda yerləşən Rusiya sülhməramlıları faktorundan da danışıb:
Qarabağda sülhməramlıların yerləşməsi Azərbaycan maraqlarında olan bir xətt deyil. Lakin məcburiyyət və hadisələrin keçmiş Sovetlər Birliyi ərazisində baş verməsi bəzən bizim də geriyə addım atmağımız ilə nəticələnir. Rusiya bir çox ölkələrdə etnik-milli separatizmi qızışdırmaqla yanaşı həm də hərbi müdaxilələr edir. Bütün bunlara baxmayaraq, Rusiya özü yaxın 4 ildə sıxışdırılma siyasəti ilə üzləşəcək. Bu sıxışdırılma iqtisadi, ya siyasi olacaq? Demək olmaz. Amma bəlkə hamısı birlikdə oldu. Putinin parlamentdə ardıcıl qəbul etdirdiyi qanunlar hakimiyyətdə qalmasında təhlükə olduğunu göstərir.
Rusiya hazırda Qarabağa yerləşməsində əsas məqsəd təsir imkanlarını əlində saxlamaqdır.
Qarabağda monitorinq olmalıdır. Azərbaycan öz ərazisinə nəzarəti həm də Laçın dəhlizi vasitəsi ilə həyata keçirməlidir. Əgər Ermənistan, Rusiya və Türkiyə bölgədə sülhün olmasını istəyirsə, Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün tanınması istiqamətində birdəfəlik qərar qəbul etməlidirlər. Azərbaycan xarici siyasətini elə qurmalıdır ki, ərazi bütövlüyünün tanınması ilə bağlı beynəlxalq hüquqa söykənən sənəd imzalansın.
Rusiyanın tək məqsədi hər zaman Qarabağ problemini uzatmaq olub.
Ermənistan və Azərbaycan münasibətləri düzələrsə, Rusiyaya nə ehtiyac var? Ona görə də bölgəyə Türkiyə gəlməlidir. O zaman hansısa razılaşma əldə edilə bilər. İmzalanan sənəddə mütləq Türkiyənin də adı olmalıdır. Yoxsa ki, 1920-ci ildən bəri Rusiya ilə sənədlər imzalayırıq, nə xeyri olub?! Təcili monitorinq olmalı və rus hərbçilərinin sayı müqaviləyə əsasən müəyyən edilməlidir.
Qarabağda Azərbaycan vətəndaşlarının yaşaması ilə bağlı İqbal Ağazadə bildirib ki, bu gün Azərbaycan vətəndaşının gedib Xankəndidə, Xocalıda, Xocavənddə və digər tarixi yerlərimizdə Azərbaycan qanunları ilə yaşama imkanları məhduddur. Müharibə başlamamışdan öncə azad olunmuş torpaqların hamısı beləydi. Sabah necə olacaq? İzləyirik, Rusiya hər gün bir xəritə dəyişir. Azərbaycan tərəfindən kimsə demir ki, sən niyə xəritəni dəyişirsən? Hamı bilir ki, Xankəndi Azərbaycan torpağıdır, amma bu gün orda erməni yaşayır. Bizim ərazimizdə bizim icazəmiz olmadan erməni nazir gəlib qondarma rejimin naziri ilə görüşür. Bu problem 200 ildir gedir. İndi isə 200 ildə əldə edə bilmədiyimiz şeyləri əldə etmişik.
Hər şey bizim apardığımız siyasətin nəticəsindən asılı olacaq. Boşluqlar var və o boşluqları biz doldurmasaq, ermənilər dolduracaq. Ona görə də ləngimək olmaz.
Sözügedən verilişi təqdim edirik:
Ümid Partiyasının Mətbuat Xidməti