Qaçqınların hamısının mövqeyi eyni idi: “Biz xoşbəxt deyilik”

 

İqbal Ağazadə: “Statusu olmayan millət vəkili, problemi həll edə bilməyən Azərbaycan vətəndaşı, dinləyib gedən ziyalı və sonda hakimiyyətin xoşu gəlməyən insanlar…  Biz qaçqınlar üçün bundan artiq kimsə deyildik…”Bu sözləri cəmi iki gün əvvəl Biləsuvardakı çadır şəhərciyində həmkarı Sabir Rüstəmxanlı ilə birlikdə öyrədilmiş insanların hücumuna məruz qalan deputat İqbal Ağazadə deyir. Deyir ki, öyrədilmiş də olsalar, onlara hücum çəkən qaçqınları haqlı sayır, onlardan incimir. Çünki öyrədilsə də, öyrədilməsə də 9 il çadırda yaşayan, çadırda doğan, çadırda ölən, çadırda tərbiyə alan, üstündə yeridiyi torpağı özününkü hesab etməyən insanın  “bu vaxtacan hardaydınız” sualının düzgün, məntiqli, yerində olması danılmaz idi. Çadır şəhərciyindən ağrılı hisslərlə dönən deputat dünən təəssüratlarını bizimlə bölüşdü:

-Səfərin detallarına varmaq istəmirəm, psixoloji məqamları çox ağır idi. O insanların faciəsini görməkdən ağır bəlkə də heç nə yoxdur. Hamısı “9 ildir hardaydınız?” –deyə soruşurdu.

– Üstünüzə çəkilən hūcum da sualın yaratdığı qəzəbinmi nəticəsiydi, sizcə?

– Fərqi nədir ki? Mahiyyət eynidir, bu insan bu cür davranır. Sual budur ki, niyə bu insan bu cür davranır? Biz məcbur etmişik onları buna. Bu, ən azı qarabağlılarn faciəsidir, böyük mənada Azərbaycanın faciəsidir. Azərbaycanın genefondu sıradan çıxır. Beş deyil, üç deyil bir milyon insan var çadırda. Bu insan sabah Azərbaycana yeni bir mədəniyyət, yeni bir təfəkkür, yeni bir psixologiya gətirəcək – çadır təfəkkürü, çadir psixologiyası. Ən böyük günahkar da bizlərik – siyasətçilər, ziyalılar, millət vəkilləri, nə bilim, daha kimlər, kimlər…

– Niyə?

– Ambisiyalarımızı qırağa qoya, millətin övladları kimi bir araya gələ bilməmişik. Xainimizi xain gözündə, qəhrəmanımızı qəhrəman gözündə təqdim edə bilməmişik. 1988-ci ildən bəri çirkab atmadığımız, qəhrəmana döndərmədiyimiz insan qalmayıb. Bütūn bu əksikliklərin içərisində, sosial-iqtisadi problemlər məngənəsində sıxılan insanın seçim qabiliyyəti qalmayıb. O insanlar seçim edə bilmir ki, kim yaxşıdır, kim pis, kim haqlıdır, kim haqsız. Və bunu edə bilmədikcə də hamıya nifrət edirlər. Ola bilər ki, onlar məmur qorxusundan kiməsə söz demirlər, amma eyni halı məmurla da edə bilərlər. Amma düşünən insanlar da kifayət qədərdir. Biz zaman-zaman onların içərisinə gedə bilsək, görüşlərə alışdıra bilsək, tamamilə itirmərik onları. Bircə söz yetərlidir ki, o insanları haqq, torpaq, millətin genefondu uğrunda mübarizəyə qaldıra biləsən.

– Nədir o söz?

– Mən onlara dedim ki, Milli Məclisin tribunasından çıxış edəndə deyimmi ki, siz xoşbəxtsiniz, heç bir probleminiz yoxdur? Böyük bir sükutla cavab verdilər. Başlar aşağı dikildi. Orada susanlar, bizi dəstəkləyənlər də vardı, hakimiyyəti, yerli məmurları müdafiə edənlər də. Hamısı susdu bu sualın qarşısında. O sualın cavabında qaçqınların hamısının mövqeyi eyni idi: “Biz xoşbəxt deyilik”.

– Xoşbəxt olmayan insanların içərisinə getməkdə məqsədiniz nə idi? Bunu onlara anlatmaqmı?

– Məqsəd onların içində olub problemlərini aydın görmək idi. Ümumən sual verilsə ki, qaçqının ən böyük problemi nədir, cavab birmənali olacaq – torpaq. Amma indi qaçqının ən böyük problemi psixoloji problemdir. Stalinin Böyük Vətən müharibəsindən sonra yazdığı bir sözü vardı: “Katyuşanı icad edənlər sinəsinə döyməsinlər ki, müharibəni udduq. Müharibəni Stalin psixologiyası uddu. “Za Stalinu”, “Za rodinu” deyib tank altına atılan oğlanların heç biri katyuşanın nə olduğunu bilmirdilər”. Bu misalı çəkməkdə məqsədim odur kl, qaçqınlar psixoloji cəhətdən qələbəyə hazır olmalıdırlar. O insanlar psixoloji cəhətdən özlərindən atılmışlar, yararsız insan obrazı yaradıblar. “Biz bundan artığına layiq deyilik” -psixologiyası onların şüuruna hakim kəsilib.

– Özləri özlərini aşağılayırlar, deməli…

– Bəli, orada insanlar var ki, bir pay artıq yardıma görə məmur sözü yerinə yetirir. Mən onları da qınamıram. Allah hər kəsin iradəsini, cəsarətini bərabər səviyyədə yaratmayıb. Amma bu psixologiya hamıya aşılanır. “Onsuz da heç nəyin mənası, xeyri yoxdur” fikri onlara hakimdir. Dūnən orada da dedim, indi qapısından qonaq qovanlar vaxtilə qapısına düşmən gedəndə də böyük məmnuniyyətlə qarşılayıb, təmtəraqla yola salan qarabağlılardır. Dünənki məqam əsrlər boyu qorunub saxlanılan adət-ənənənin itdiyi bir məqam idi. Orda öyrədilmiş bir qadın vardı, danışırdı. Sabir Rüstəmxanlı dedi ki, heç olmasa, adət-ənənəyə hörmət qoyun, qoyun, kişilər danışsın. Axı biz dünən o torpaqdan gələndə həmin adət-ənənəni qorumuşduq. Nə oldu, əsrlər boyu dəyişə bilmədilər bizi, 9 ildə nə tez dəyişdilər? Amma həmin qadının kişini qabaqlayıb söz deməsinə şəraiti də biz yaratmışıq. Artıq o mühitdə biz insan axtarmamalıyıq, say axtarmalıyıq, manqurtlaşan, seçkidə kimə səs verdiyinin fərqinə varmayan, görüşdə bir göz işarəsi və söyüş söyən. tərif lazımdırsa, tərifləyən insanlar axtarmalıyıq. O insanların tərifi də, söyüşü də eynidir. Onlar üçün müxalifatin hamısı eynidir. Amma onlar itirilməyib. Sadəcə, söyülməkdən, döyülməkdən, təhqirdən qorxmadan onların yanına getmək lazımdır.

– Gedəcəksinizmi yenə? Səfərləriniz davam edəcəkmi?

– Gedəcəyik. Növbəti həftə davam edəcəyik səfərlərimizə. Amma hara getdiyimizi demək istəməzdim. Çünki dünən biz elan etməmiş bu kampaniyanı hazırlamışdılar. Sadəcə, bizim konkret məlumat verməməyimiz bir az onları çaşdırmışdı. Sifarişli adamların hamısını bir yerə yığa bilməmişdilər. Biz ora gedəndən sonra maşının nömrəsinə qədər bilirdik ki, hansı maşınla, hansı çadırdan kimləri gətirirlər. Amma onlara aydın deyildi ki, biz hara gedirik. Dolayısı ilə marşrutumuzu öyrənməyə çalışırdılar.

– Bundan sonrakı səfərlərinizdə deputatlardan sizə qoşulanlar da olacaqmı?

– Ən azı Qarabağ Fraksiyasının üzvləri qoşulacaqlar.

– Qarabağ Fraksiyasının qaçqınlara yardım kampaniyası başlatması da mümkündürmü?

– Mən maddi yardımın əleyhinəyəm. Çünki maddi yardım apararkən qaçqının problemlərə münasibətini, düşündüyünü öyrənmək olmur. Adamlar ona pay verənə təşəkkür etməyi öyrənib. Qaçqına yardım aparanda o mənə sadəcə təşəkkür edəcək, içindəkini söyləyə bilməyəcək. Biz onlara mәnәvi-psixoloji yardım kampaniyası başlamalıyıq. Bu görüşümüz də məhz bu baxımdan əhəmiyyətli idi. Onlar hamısı “gedib nə edəcəksiniz ki”-deyə sual edirlər adama. Orada görüşün sonunda bir kişi dözmədi, dedi: “Bəsdirin, qoyun problemimizi deyək, qırılırıq. Gündə bu çadırdan üç-dörd ölü çıxır. Yerli kəndin qəbirstanlığına da baxın, bizimkinə də. 9 ildə bizim qəbirstanlıq iki o kəndin qəbirstanlığı boyda olub.”

– Bu məsələlərlə bağlı Milli Məclisdə nəyəsə nail olacağınıza inanırsınızmı?

– Söhbət parlamentdə nəyəsə nail olmaqdan getmir. Yalnız qaçqına haqqını başa salmaq istəyirik, öz haqqımızı başa salmaq istəyirik. Parlamentdəkilərə başa salmaq istəyirik ki, hər şey təqdim etdiyiniz formada deyil. Ən çətini də elə parlamentdəkiləri başa salmaqdır. Səfərdə səlahiyyətli dövlət məmurlarından birinə deyirəm, uşaqlar acdır, məktəbə gedə bilmirlər, cavab verir ki, canı çıxsın, ata-anası fikirləşsin, onu dünyaya gətirəndə mənimlə məsləhətləşməmişdi ki. İnsan kimi sıradan çıxıb bu məmurlar. Dünyanın heç bir yerində uşağa o cür münasibət olmur. Bunların qarşısı alınmalıdır. Bunun bircə yolu var – çadırlara getmək. Hakimiyyət oranı da koloniyaya, konslagere çevirib.

– Marağı nədir hakimiyyətin?

– Təsəvvür edin, dediyimiz formada, mütəmadi olaraq biz ora gedirik və insanların içərisindən xof çıxır, problemlərini azad deyə bilir. Belə olanda çadır psixologiyasından qurtaran, ayağa duran insanların qarşısını almaq mümkün olacaqmı? Ona görə çadır şəhərciyinə çox böyük hasar çəkilib. Təsəvvür edin, millət vəkili gedir, hər hansı bir polis rəisi, ya kənd icra nümayəndəsi ona səlahiyyət izah edir ki, “Qaçqınkom”dan kağız almalısınız, bura prezidentin nəzarətində olan ərazidir. Prezident bütün ölkəyə nəzarət etməlidir, qaçqın şəhərciyinə yox. Dövlət Neft Fondundan ayrılan vəsaitdən qaçqınların ərzaq təminatına nə qədər verirlər? Biz qaçqınlara verilən yardımın siyahısını gotürmüşük. Faciədir…

Deyəsən, təəssüratlar ağır oldu. Sõhbətin məcrasını dəyişmək istədik…

– Parlamentdə həmkarlarınızla münasibətləriniz necədir, özünüzü diskomfort hiss efmirsiniz ki?

– Diskomfort çox yumşaq sözdür. Əgər o Məclisdə “nə çox Qarabağdan danışırsan”-deyə rişxənd edilirsə, “get, füzulililərin dərdini çək”-deyilirsə, demoqrafik siyasətlə demokratik siyasət qarışdırılırsa, demokratiyanı bir transformator almaqda görürlərsə, hər hansı qanun layihəsinə etiraz edib düyməni basarkən nəticəni birmənalı “lehinə” görürsənsə, deməli, burada diskomfortluqdan yox, başqa şeydən danışmaq lazımdır. Çox ağırdır…

-Elə isə nəyinizə lazımdır saxta parlamentin bu ağırlığını götürmək?

– Təsəvvür edək ki, heç birimiz oturmamışıq orada və qaçqının da içərisinə hər hansı bir səlahiyyətlə gedə bilmirik, sonra?! Hakimiyyətin yaratdığı qeyri-qanuniliklərin hamısından imtina edib oturmaqla nə olacaq? Bu gün ən aparıcı müxalifət liderlərindən biri çadıra getsin, görün, başına nə oyun açacaqlar? Döydürüb deyəcəklər, xalq döydü, deməyəcəklər, biz döydürdük. Heç olmasa bizim statusumuz və müəyyən səlahiyyətlərimiz var.

– Bir üstünlüyünüz də silah gəzdirməkdir. Rusiya parlamentində deputatlara silahdan istifadəyə icazə verildi. Azərbaycan parlamentində da bu gözlənilirmi?

– Bizdə deputatın silah gəzdirməyə icazəsi var. Amma qanunda yarımçıqlıq var. Deputat həyatı üçün təhlükə olanda silahdan istifadə edə bilər. Mənim həyatım üçün təhlükə hesab etdiyim an hüquq-mühafizə orqanları üçün təhlükəli an sayılmaya bilər və mən məsuliyyətə cəlb oluna bilərəm. Qanunda belə boşluq var. Mən güman etmirəm ki, sabah silahdan istifadə edən hər hansı bir deputatın siyasi mövqeyinə görə onu istintaq orqanları qarşısında dayanmağa məcbur etməyəcəklər.

– Siz silah götürmūsūnūz?

– 4 aydır müraciət etmişəm, hələ verməyiblər.

– Sizcə, bəzi aqressiv həmkarlarınızın əlinə silah vermək qorxulu deyilmi?

– Kiminsə əlinə silah verməyi müzakirə predmetinə çevirmək istəməzdim. Amma silahın nə olduğunu bilməyənlərlə yanaşı psixi durumu yerində olmayan insanlar da var. İstərdim ki, əvvəlcə seçkilərə qatılan hər bir insan MSK-ya, ya DSK-ya psixi sağlamlığı ile bağlı arayış təqdim etsin.

– Türkiyə Böyūk  Millət Məclisinin başqanı Ömər İzgi Azərbaycana gəlişində tūrk dövlətlari parlamentinin yaradılması məsələsini qaldırdı. Bu məsələnin perspektivini necə görürsünūz?

– Türk dövlətlərinin böyük problemləri var. Orta Asiya dövlətlərinin, Azərbaycanın ən böyük problemi demokratik problemdir. Və həm Azərbaycanda, həm Orta Asiyada xarici siyasi kursun müəyyənləşdirilməsində böyük fərqlər var. Bu dövlətlərin nümayəndələrinin bugünkü səviyyədə bir parlamentdə olması görüntüdən başqa bir şey olmayacaq. Ola bilsin ki, gələcək üçûn yaxşı bir ənənədir və bunu güclü bir quruma çevirmək mümkündür. Amma bugünkü mərhələdə üzünü Rusiyaya tutan Orta Asiya Türk Cümhuriyyətləri ilə Azərbaycan-Türkiyə siyasəti üst-üstə düşməyəcək. Və o parlamentin çıxardığı qərarlar kağız üzərində qalaraq, münasibətləri gərginləşdirəcək. Amma ənənə qoymaq olar.

-Son dövrün ən çox müzakirə olunan mövzularından biri də “üçüncü – mərkəzçi qüvvə” mövzusudur. Sizin də bu adla ortaya çıxmaq iddiasında olan qüvvələrin içərisində adınız çəkilir…

– Üçüncü qüvvə arabanın beşinci təkərinə oxşayır. Cəmiyyətdə üçüncü qüvvə olmur, müxalifət və iqtidar olur. Müxalifətin içərisində isə ideoloji tipinə görə müxtəlif kateqoriyalar olur, o cümlədən liberal dəyərlərə söykənən mərkəzçi qüvvələr formalaşır. Bu, müəyyən dövr üçündür. Keçici hərəkətdir. Azərbaycan cəmiyyəti ideoloji seçimə hazır deyil. Problemlərin həll olunmaması nöqteyi-nəzərindən yeni bir qüvvəni qəbul etməyə hazırdır. O qüvvənin adını isə cəmiyyət özü diqtə edə bilər.

Könül Şamilqızı

5.11.02.2002  Yeni Müsavat

 

Şərh yaz