Ümid Partiyası Zərdab Rayon Şöbəsinin sədri Seyfi Həsənov Umidparty.org saytının müsahibidir.
Seyfi bəy, dünya ənənəvi yaşam tərzindən daha ehtiyatlı və müəyyən olunmuş tələblər çərçivəsində olan formaya keçib. Ciddi qadağalar, hərəkət məhdudiyyətləri və s. Zərdabda ümumi vəziyyət necədir?!
Baş verənlərin fonunda koronavirusu əsrin bəlası adlandırmaq daha doğru olardı. Ötən müddətdə ölkənin müxtəlif bölgələrində bu xəstəlikdən dünyasını dəyişən insanlar haqqında məlumatları eşidərkən, oxuyarkən kifayət qədər təəssüf hissi yaşayırıq. Pandemiya elan edilən andan bölgədə də, partiya fəallarımızla bərabər xəstəlikdən qorunmaq üçün insanlar arasında imkanlarımız daxilində təbliğat işlərinə yardım etdik.
Siz həm də I Qarabağ Müharibəsi iştirakçısısınız. Xalq-Ordu-Dövlət olaraq, böyük qələbə sevinsi yaşadıq. Bu gün artıq “Qarabağ bizimdir” cümləsini fəxrlə deyə bilərik.
Bəli doğru qeyd edirsiniz. Qarabağ qazisiyəm və bununla fəxr edirəm. Biz o zaman kifayət qədər az imkanlarımızla döyüşürdük və inanırdıq ki, torpaqlarımız işğaldan azad ediləcək. 44 günlük müharibə həmin inamın məntiqi nəticəsi idi. O zaman olduğu kimi II Qarabağ müharibəsində də Zərdab gəncləri xüsusi fədakarlıqla iştirak etdilər. Əksər fəllarımız könüllü iştirak üçün müraciət etdi. Qələbəmiz birliyimizin nəticəsidir.
Heç bir uğur, qələbə məhrumiyyətlərsiz, itkilərsiz əldə olunmur.
Doğrudur. Xeyli zərdablı müqəddəs savaşın qurbanları oldu. Onlar əgər bir ailənin övladları idisə, bu gün Azərbaycanın oğullarıdırlar. Həm də sıradan bir deyil, tarix yazan igidlərdir. Nəzərinizə çatdırım ki, şəhidlərimizin dəfnində istisnasız halda partiya fəalları ilə iştirak edirdik, onların ailələri ilə görüşürdük. Bir məsələni də diqqətinizə çatdırım ki, imkanımız daxilində Zərdab rayonundan müharibədə müxtəlif xəsarətlər almış qazilərimiz də diqqətimizdən kənarda qalmır. Onlara şəxsi imkanlarımız daxilində yardımlarımız bu gün də davam edir.
Partiya quruculuğu istiqamətində hansı yeniliklər var?
Üzvlərimizlə pandemiyadan dolayı kütləvi tədbirlər keçirməsək də, müəyyən edilmiş qaydalara uyğun görüşlərimiz həmişə olub və olur. Artıq müəyyən məhdudiyyətlər aradan götürülüb. Hesab edirəm ki, bu məsələ də öz müsbət həllini tapacaq və biz yenidən ənənəvi siyasi fəaliyyətimizi davam etdirəcəyik. Bilirsiniz ki, Zərdab rayon şöbəsi partiyanın aktiv şöbələri siyahısındadır. Biz fəaliyyətimiz nəticəsində əldə etdiyimiz uğurlarımızı daha da artırmaq haqqında dşünürük.
Həsənov Seyfi İnqilab oğlu 27 noyabr 1958-ci ildə Ucar rayonunun Lək kəndində doğulub. Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olub.
Birinci Qarabağ Müharibəsi zamanı ön cəbhədə döyüşüb. Döyüş şücaətinə görə sabiq Daxili İşlər naziri tərəfindən zabit rütbəsinə layiq görülüb.
92 saylı Zərdab Dairə Seçki Komissiyasının katibi vəzifəsində Azərbayacan Ümid Partiyasını təmsil edib.
1999-cu ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədridir.
2002-ci ildən Ümid Partiyası Zərdab RŞ-nin sədridir. Partiya Ali Məclisinin üzvüdür.