POPULİST VƏ BOŞBOĞAZ PAŞİNYANA CAVAB

Populist və boşboğaz Paşinyan faşistlərlə əməkdaşlıq etmiş atasına bəraət qazandırmaq üçün bu dəfə Milli liderimiz Məhəmməd Əmin Rəsulzadəyə dil uzadıb. Erməni avantüristin bu qeyri-ciddi, cəfəng açıqlamasında ən gülüş doğuran məqamlardan biri də mövcud Azərbaycan iqtidarının guya Rəsulzadəni qəhrəman etmək iddiasıdır. Əslində onun bu səfsətələrinin elə hakimiyyət məddahları üçün növbəti bəhanə olmamağı səbəbindən gerçəkləri yazmaq, demək borcumuzdur.
Milli liderimiz Məhəmməd Əmin Rəsulzadənin vaxtilə Faşist Almaniyası ilə danışıqlar aparmasının əsas hədəfi Azərbaycan istiqlalı, əsirlikdəki soydaşlarımızın azad edilməsi məsələsi və əlbəttə ki, kommunizmə qarşı mübarizə idi. Hitlerə və onun nasist ideologiyasına olan münasibətinə gəlincə, o, öz fikrini belə bildirmişdi:
“Hitlerçilik hər şeydən əvvəl komunizm demaqogiyasıa qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”.
Almaniyada 1932-1934-cü illərdə nəşr edilən “Demokrasi və Sovetlər” məqaləsində isə M.Ə.Rəsulzadə faşizmə münasibətini belə açıqlayıb: “Daxildə xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş.”
Nəhayət, 1943-cü ilin avqustun 5-də isə M.Ə.Rəsulzadə almanlara bir “Bəyanat – memorandum” verərək, Almaniyadan ayrılıb Buxarestə getmədən öncə, Berlindəki “Kaiserof” otelində azərbaycanlılarla keçirdiyi vida çıxışında deyir: “Övladlarım, sizlər əllərində düşmənimizə qarşı mübarizəni davam etdirin, zira sizlər siyasi deyil, əsgəri gücsünüz. Mən isə Azərbaycanın istiqlal mübarizəsinin yükünü üzərində daşıyan bir siyasət adamı olduğumdan, milli istiqlal məsələmizdə almanlarla anlaşmadıq. Mən bu gün sizlərə vida edərək, Almaniyanı tərk edirəm. Ancaq getmədən öncə sizlərə almanların milli məsələlərimizdə bizə olan münasibətlərini belə söyləmək istəyirəm: Övladlarım, hürr və müstəqil dövlət həyatı yaşamaq var ikən, onları işğal edərək istiqlallarını əllərindən alan almanlar, kommunist işğalı altındakı Azərbaycana heç bir zaman haqq tanımayacaqdır”.
Rüfət Muradlı
Ümid Partiyasının ictimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini 
Şərh yaz