“Ölkəmizdə qadınlara qarşı zorakılıq, onların cəmiyyətin idarə olunmasında iştirakına mane olan amillərdən biri antidemokratik cəmiyyətdə yaşamamız, digəri isə mentalitetdən irəli gələn yanaşmalardır”.
Bu fikirləri Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavini İlahə Sadıqova “LAF TV”-nin canlı efirində Ləman Ələşrəfqızının qonağı olarkən deyib. Verilişdə Azərbaycan qadını, feminizm hərəkatları, yeniyetmə və gənclər arasında yayılmış intihar halları, ailə dəyərləri və cəmiyyətimizdə ailə problemləri, boşanmalara səbəb olan məsələlərin kökündə duran səbəblər, dövlətin ailə institutu ilə bağlı yürütdüyü siyasət, sosial problemlər və s. ilə bağlı suallarını cavablandırıb.
Ləman Ələşrəfqızının feministlərin keçirdiyi aksiyaya münasibətiniz sualına İlahə xanım cavabında bildirdi ki, biz qrupların – qadın, uşaq, gənclər, yaşlıların hüquqları prizmasından proseslərə yanaşmırıq. Bizim üçün təməl insan hüquqları prinsipləri var. Təməl insan hüquqları prinsipində hər kəsin hüquqları bərabərdir. Feminizm hamının cəmiyyətdə bərabər yaşamasını tələb etməkdir. Seçmək, seçilmək, təhsil almaq, ailə qurmaq və s., o cümlədən də qadına şiddətə son. Şiddət yaxşı bir şeydirmi? Yox. Şiddət pis bir şeydir. Bütövlükdə qadına qarşı da, uşağa qarşı da, yaşlıya qarşı, kişiyə qarşı, hətta heyvana qarşı da. Əgər sən öz seçiminə hörmət tələb edirsənsə, başqasının seçiminə də sən hörmət etməlisən və hüquqlar uğrunda birgə mübarizə aparmalısan. Bütün feminist hərəkatlarını doğuran ən başlıca şey, aşırı şiddət doğuran cəmiyyətlərdən yaranır.
Cəmiyyətdə ictimai-siyasi statusu olan və ya ictimai-siyasi status uğrunda çalışanlar, həmçinin cəmiyyəti mental-psixoloji dəyərləndirməlidir. Cəmiyyətin ümumi əhval-ruhiyyəsini nəzərə almağa borcludur. Nəzərə almayacaqlarsa, xaosa və avtoritarizmin möhkəmlənməsinə xidmət edəcəklər. Bunu təəssüf ki, hər kəs unudur və yalnız bir istiqamətdə proseslərə yanaşır, – deyə İlahə Sadıqova bildirib.
Verilişi aşağıdakı linkdən izləyə bilərsiniz: