Aydın Canıyev yazır:
SALAM, ƏZİZ AZƏRBAYCAN XALQI!
Sizə “xalqımızın və dövlətimizin sağlamlıq durumu”yla bağlı “epikriz”i təqdim etmək məcburiyyətindəyəm: nə qədər ağır olsa da, deməliyəm ki, məhz 2021-ci il bütün qaçırılmış şansların və nəticədə yaranmış təhlükənin aradan qaldırılması üçün son müddətdir! Məhz ondan sonra ölkənin və xalqın müstəqilliyi qərarlaşdırılacaq! – həm Azərbaycan dövlətində idarəetməni ələ almış qeyri-milli iqtidar, həm də beynəlxalq güclər (Rusiya, İran, Avropa, Amerika və əlbəttə ki, bp-də daxil olmaqla) tərəfindən…
SÖZARASI: Bu yazını indidən ona görə yazıram ki, biz nə növbəti, nə də növbədənkənar prezident seçkisinə hazır olmuruq. İki il qabaqdan yazıram ki, toparlanaq!
Elementar bir misalla izahını verim: istər iqtidar, istər müxalifət, istər dostlar, istər düşmənlər, istərsə də ailə üzvlərim 25 ildir gözləyir ki, mən haçansa “ağıllanaram” və şans verir… İndi daha heç kimin vecinə deyil ki, mən ağıllanmışam, ya yox, ancaq Azərbaycana göstərilən eyni münasibət pik həddə çatıb! Artıq Azərbaycanın “ağıllanacağına” ümid tükənib. Dünyanın siyasi, iqtisadi və coğrafi xəritəsində mütərəqqi qüvvələr Ağıllı Azərbaycan görmək istəyiylə son cəhdə hazırlaşırlar. İşğala məruz qalan Gürcüstan, işğalçı Ermənistan, Qırğızıstan, Özbəkistan və hətta görüntüdə (zahirən) də olsa, Qazaxıstan ağıllandıqlarını bəyan edə-edə gəliblər, təkcə Azərbaycan ortada Siyavuş Novruzov, Əli Əhmədov, Hadi Rəcəbli, Elman Nəsirov tipində “ağıllılarla” özünü “dəliliyə” qoyub! Və bu da ciddi qərarların verilməsiylə nəticələnib!
Nəzərinizə çatdırım ki, 2021-ci il üçün məxməri dəyişikliyə hətta ölkə Prezidentinin də razılıq verdiyi “ağ ev”lərin dəhlizlərində açıq-aşkar səslənir, fəqət, ən pisi odur ki, adları “loto kisəsi”nə salınan 4 nəfərin “razılığa gəlin öz aranızda” şansına 3-ü yekdilliklə birinin və həm də bir-birlərinin üstündən qırmızı xətt çəkib!
Hərçənd bu ölkənin Prezidentliyinə namizəd olmağa real 4 namizədi var, qəbul edilir və şansları hələ də itməyib: İsa Qəmbər, Əli Kərimli və İlqar Məmmədov!
Dördüncüsü…bir-birinin üstündən xətt çəkən üçünün…yekdilliklə etiraz etdiyi…daha DAHA BİR NAMİZƏD!
Prezidentliyə…layiqlilər!
Gəncliyim və vətəndaş olaraq formalaşma dövrüm Azərbaycanın azadlıq uğrunda mübarizə illərinə təsadüf edir və bir kimsə qənaətlərimi formalaşdırmayıb – doğrularım doğru yerində, yanlışlarımı zaman doğruya çevirib.
Bu baxımdan, əminliklə deyirəm:
Mütəllibovla başlanan birinci prezidentlik dönəmində məlum oldu ki, Ayaz Niyazoviç prezidentliyə layiq deyil!
Əbülfəz Elçibəyin prezidentliyinin öhdəsindən gələ bilməməsi nəticəsində layiqliyini qeyb etməsinin sübutu üçün şahid dalınca İsfahana getmək lazım deyil!
Heydər Əliyev xalqın verdiyi şansla öz layiqliyini dünya güclərinə də etiraf etdirsə də belə, qurduğu və miras qoyduğu Azərbaycanla bir aksiom da sovxa qoydu: xalq hətta layiqlini seçsə də, bəzən bu yanlış və faciəli nəticələrə gətirib çıxarır!
1993-cü ildə layiqli namizəd olan Heydər Əliyev artıq 1998-də getmək istəməsə də, göndərilməliydi, ancaq xalq doğru etdi bu şansdan yararlanmadı: Etibar Məmmədov artıq 1993-cü il qiyamı zamanı sərgilədiyi mövqe ilə sübut etmişdi ki, o heç bu ölkədə partiya sədri olmağa yaramır! Bugünkü “zühuru” da bunu təsdiq edir!
Təhlildən və təşviqdən qaçaq, ona görə ki, məlum olanı müzakirə etməzlər!
1998-ci ildə MÜXALİF QÜVVƏLƏR doğru olaraq, sırf Heydər Əliyevin səhlənkarlığından yararlanıb səs toplamış Etibar Məmmədov-Hüsənliyə dəstək olmadı! Lakin… “diktator, korrupsioner, rüşvətxor, xalq düşməni” təyinləri ilə əleyhinə çıxışlar yapılan Heydər Əliyev 2003-cü ildə getməliydi Konstitusiyaya görə… getdi də! – Allah bilirdi ki, bu xalq ondan hakimiyyəti ala bilməz! Allah 10 il ərzində iki dəfə bu xalqın əvəzinə demokratik seçki keçirməyə şans yaratdı!
Azərbaycan prezidentliyinə onda ən layiqli saymasam da, ən real namizəd kimi qəbul edilən İsa Qəmbəri 2003-cü ildə müxalif qüvvələr nəyin bahasına olursa olsun, dəstəkləməli, 2003-cü ildən bu günə qədər verilən pərakəndə qurbanları elə 17, 18, 19 oktyabrda topdan verməliydi! Ancaq onda mənim ən layiqli saydığım namizədlər – İlyas İsmayılov və Əli Kərimli lazımi və layiqli dəstəyi göstərmədilər! Xalq öz seçimini etmişdi. İlyas İsmayılov da, Əli Kərimli də seçimini etdilər! Əvəzində özləri də qurban getdilər və bugünkü Azərbaycanda yaşamağa məhkum oldular! 2003-cü ildə layiqli saydığım bu iki namizəd haqqında bir neçə yazı yazmışam (ən yaxşı yazı “Xural”dadır) – oxucu, xalq, dövlət və Allah qarşısında vicdanım təmizdir, alnım da açıqdır, bu gün də qənaətimi doğru adıyla bölüşməkdə haqlıyam!
2003-cü ildə Prezidentliyə namizədlikdə və Prezident olmağa layiqli bildiyim İlyas İsmayılov, sonradan bəlli olduğu kimi, deputat mandatıyla və müstəsna xidmətləriylə oğlunun azadlığını xahiş etməklə mövqeyindən keçdi! Halbuki mən İlyas İsmayılovun yazısında oxumuşdum: Şarl dö Qoll hərbi məktəbdə oxuyarkən, yoxlama komissiyası gəlir və yekun nəticədə məktəbin rəhbərinə töhmət elan olunur ki, niyə Şarl serjant deyil. Cavab: O özünü ali baş komandan kimi aparır, mən ona necə serjant verim? (səhv etmirəmsə, Jak Şaban-Delmasa istinadən yazmışdı).
Azərbaycanın prezidenti olmağa layiq, vaxtilə Sobçakla oturanda qabağına çay qoyan V.V.Putinlə İlyas İsmayılov bir masada oturma şansını qaçırdı – Sobçakın dostu kimi yox, Azərbaycanın Prezidenti olaraq! Əvəzində… Qorbaçovun həbs sifarişindən xilas etdiyi Heydər Əliyev İlham Əliyevi o rütbəyə qaldırdı. Sonradan İlyas İsmayılov etiraf etdi ki, oğlumu İlham Əliyev xahiş etdi! Halbuki Azərbaycanın prezidenti olmağa ən layiqli namizədin heç bir siyasi uzaqgörənliyinin olmaması (Heydər Əliyevi həbsdən qurtarması), heç özünün özünü dəyərləndirməyi bacarmaması (prezidentliyə namizədliyini verib deputatlıqla kifayətlənməsi), üçüncü dəfə deputat seçilməyəndə Ramiz Mehdiyevi günahlandırması Azərbaycanda hələ də İlahi Ədalətin var olduğunu xatırlatdı.
Hər zaman “Rusiyanın adamı” kimi ittiham olunan siyasətçi diş qıcadıb deməliydi: “guya sizin prezidentiniz kimin adamıdır ki? İstər 1993-də seçdiyiniz, istərsə də 2003-dən prezidentliyini qəbul etdiyiniz…”
Demədi…
O vaxtlar ikinci layiqli namizəd və layiqli prezident saydığım Əli Kərimli zamanın ən gözəl hədiyyəsiydi! Fəqət, Əli Kərimli İlyas İsmayılovdan daha betər apardı özünü! Və 2003-cü ilə qədər hətta Heydər Əliyevin etməyə cəsarət etmədiyi, edə bilsə də etmədiyi bütün iyrənclikləri etdi və 2003-dən sonrakı aqibətini görməyərək irəli atılmaqda davam etdi!
Bəlkə də 2003-cü ildə layiqli və doğru, optimal mövqe tutsaydı, Əli Kərimlinin 2003-cü ilə qədər oynadığı, icra etdiyi mənhusluqlar açılmayacaqdı. Müxalifətin bütün digər aparıcı simaları kimi, Əli Kərimli də fərqində olmadı ki, su qaldıqca lillənir, iylənir, amma bu misal iqtidara şamil oluna bilməz – iqtidar qalib gəlməmə uğursuzluğunu çox ustalıqla əleyhinə çevirər: onun da, onun özünə rəqib saydığı müxalifət nümayəndələrinin də!
Əli Kərimli bu hakimiyyətin irticasına baş əymənin ən parlaq nümayəndəsidir! Heç bir partiya rəhbəri özünü bu qədər əskiltməyib, “siyasi riyakarlığın Taleyranı” da demək olar ona Azərbaycan siyasətində!
Mən həmişə deyirəm ki, bu xalq Heydər Əliyevdən heç nə öyrənmədi, amma Əli Kərimlinin bu iqtidarla düz mütənasibliyini görəndə düşünürəm: Heydər Əliyev Çörçilldən, Şarl dö Qolldan, Stalindən, Mircəfər Bağırovdan, Andropovdan, “KQB” məktəbindən öyrənməklə yanaşı, Əli Kərimlidən də çox şeyləri öyrənib getdi!
Dərin getmədən, – baxmayaraq ki, mən indi həddən artıq bu adama qarşı aqressivəm, etiraf edirəm ki, hələ də ona ümid bəsləyənlər var, onu layiq bilənlər var, – deyirəm:
İbrahim İbrahimlini, Pənah Hüseyni AXCP-dən uzaqlaşdırmağını çözsəniz, 1990-cı illərin lətifəsini xatırlayarsınız: Şeytan Heydər Əliyevə deyir e, Allahın olsun! Sadəcə, Əli Kərimlini incələyə bilən hər bir kəs bu sözü onunla Heydər Əliyevi müqayisədə deyər! Əli Kərimliyə baxanda Heydər Əliyev müqəddəsdir!
Azərbaycana bu an elə bir prezident lazımdır ki, biclik etməsin, kombinator olmasın, qisas hissi ilə yaşamasın, xalqının hətta ən qatı cinayətkarını islah etsin, milli birlik üçün maksimum planları olsun!
Baxın “Azadlıq” qəzetinə, Azərbaycan ziyalılarının – başda Sabir Rüstəmxanlı, Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, saysız-hesabsız e, – nüfuzdan salınması kurs olub, müxalifət nümayəndələrinin satqın obrazı formalaşdırılıb! Adamlar guya Heydər Əliyev və rejimiylə vuruşublar, əslində, Heydər Əliyevi yıxmaq üçün səfərbər etməliydilər!
Yekunlaşdırım Əli Kərimli səhifəsini: Əhəd Abıyev əxlaqdan və kişilikdən kənar təhqirlərə başlayanda, Əli Kərimlinin tərəfdarlarının içində bir nəfər də olsa, kimsə çıxıb onu güllələməliydi, özünü də! Heydər və İlham Əliyevlərə bu presedentə şans verilməməliydi! Bu hakimiyyət niyə Əli Kərimlidən başladı, Əli Kərimli özü qəşəng bilir!
Əli Kərimli bunu etmədi, etdirmədi! Mənə nağıl danışmaq lazım deyil ki, ay, elə iqtidar bunu istəyirdi, terrorçu adıyla həbslərə başlasın! Soruşuram: olmadı həbslər? Hətta Əli Kərimlinin bu iqtidara “demokrat” mantosunda müticəsinə boyun əyməsi sonda onunla nəticələndi ki, bu iqtidar AXCP-çi qadınlara əl uzatdı, nəhayətdə həbs də etdi… Gözəl Bayramlını! Bu murdar ənənənin təməl daşını qoymağa Əli Kərimli icazə verdi!
Üstəlik də, özünü gözdən salmaq üçün ən aşağılayıcı şansı tanıdı: xarici pasportu ala bilməməyiylə! Haqlı olaraq sual verirlər: əl boyda pasport ala bilmirsən, o boyda Qarabağı necə alarsan? Gücün çatmır? Elə İlham Əliyevin də gücü çatmır da Qarabağı almağa! Sənin gücün Qənimət Zahidi o boyda rüsvayçılıqlardan sonra yanında saxlamağa çatır, İlham Əliyevin də gücü Hadı Rəcəblini, Siyavuş Novruzovu, Əli Əhmədovu səlahiyyətləndirməyə və sənə pasport verməməyə çatır!
Əgər 10 ilə bir pasportu almağa yanında bir Taleyran, Fuşe yoxdusa, hakimiyyəti necə alarsan və hakimiyyəti alandan sonra torpaqları necə alarsan? “Obıvatel” və “trol” sualı kimi çıxır, amma axı həqiqətin ta kəndisidir!
Əli Kərimlinin 1995-ci ildən bu yana fəaliyyətinə baxıram, istər-istəməz Silvestr Stallonenin bir filmdə dediyi yadıma düşür: filmin mahiyyəti budur ki, Qərb öz gücü-zoru ilə Şərq fəlsəfəsini məğlub edə bilər. “Silvestr” şərq mafiozunun otağınacan gəlib çıxır və bandabaşına deyir ki:
– Sən bilə-bilə ki, üstümə yüzünü də göndərsən, yüzünü də öldürərəm, buna baxmayaraq, göndərdin o sənin uğrunda ölməyə hazır olan yüzünü. Halbuki onlardan cəmi on nəfəri mənim yanımda olsaydı, mən sənin kimi yüz banda başçısını məhv edərdim!
Əli Kərimli haqqında ancaq bunu düşünmək olar: onun uğrunda ölümə hazır olan yüzlərlə qəhrəmanı çəkinmədən, təəəsüflənmədən onları öldürmək gücündə olan İlham Əliyevin qabağına göndərir. Ki… öldürsün! Düşünməkdənsə ki, onları necə qorusun və hakimiyyəti necə ələ alsın, xalqı xilas etsin!
Hər gün Osmanqızı.tv və Qənimət.tv-yə çıxmağı qənimət bilir! Artıq bu ölkədə bu hakimiyyəti söyən minlərlə Əli Kərimli var – hakimiyyəti hakimiyyəti söyməklə ələ almaq artıq yol deyil! Qaldı 1993-cü ildə! O yolu sizə öyrədən özü də çoxdan köhnəlib yox e, ayrı dünyada ayrı işlər görür!
Mən yüzlərlə həqiqi, saf, təmənnasız, vətənpərvər cəbhəçi tanıyıram, sadiq, ölümə hazır o cəbhəçilərin qəhr olmuş ömürlərinə təəssüflənirəm – onlar Azərbaycan kişiliyinin və mübarizəsinin əbədi sönməz ulduzlarıdır!
Fəqət…
Mən deyə bilmərəm, bəlkə də Əli Kərimli kiməsə, nəyəsə, necəsə əmindir ki, bir gün bu hakimiyyətin onu aşağılaması, əskiltməsi qarşılığında kosmosmu, fövqəlqüvvələrmi ona imkan verəcək ki, gəl, qisasını al, ancaq qəti şəkildə bilirəm ki, ötən illərin formalaşdırdığı Əli Kərimlinin xarakteriylə dünyanın heç bir ölkəsi razılaşmaz onun Prezident olmağına! Artıq dünya bilir ki, onun psixologiyasında nə təbəddülatlar baş verir! Maniakal özünəvurğunluq (ölkəni xilas etməkdə yeganə lider olmağa inanma), paranoidal şizofreniya (hakimiyyətin xalqın xeyrinə atdığı müəyyən addımları özünün çıxışları sayəsində olmanı təbliğ etmə), qisas hissi (onu təhqir edən və aşağılayan heç birinə cavab verməmə – “deyin, deyin, hakimiyyətə gəlib ananızı sevəcəm” təkəbbürü-əminliyi), situasiyadan yararlanıb, reallıqdan dividend qazanma (beynəlxalq təşkilatların iqtidarı məngənədə saxlamaq üçün dövriyyəyə buraxdığı kompramatlarla manipulyasiya), faktiki olaraq isə bunu ölkənin və xalqının ziyanına işlədiyinin fərqinə varmama!
Bir müəllimimiz vardı, Nəsir İmanquliyev. Deyirdi ki, qəzet bütün həqiqətləri yazmaq üçün deyil. Mən hər şeyi yazsam da, ancaq minlərlə, on minlərlə saf cəbhəçinin inamını qıracaq həqiqəti deməyə çəkinirəm, sadəcə, günlərin bir günü görəcəklərindən üşənirəm ki, hakimiyyətdən hansısa qüvvə (ya da konkret olaraq, “Mister X”) istefaya göndəriləndə, Əli Kərimli özünü Etibar Məmmədov kimi dincə qoymaq bəyanatını eşitdirəcək! Demirəm və istəyirəm ki, cəbhəçilər 2021-ci ilə qədər ümidlərində qalsınlar!
… Hesab etmək olardı ki, İsa Qəmbər daha namizədliyini verməyəcək, cəmiyyətə aşılanan “Müsavat tam şəkildə iqtidarın kurasiyasındadır” dezoları, Rauf Arifoğlu artıq “cənab Prezident” müraciətində bulunur, Müsavatçı əski və fəaliyyətdə olan deputatlar nəinki İlham Əliyevi, hətta xanımını da mədhə keçiblər, növbə ailənin digər üzvlərinədir. Yox, amma…
İsa Qəmbər… xarizmatik lider olaraq, hər zaman xalqın, eləcə də… iqtidarın işinə yaraya bilər! Digər başqan və sədrlərdən fərqli olaraq, İsa bəy mücadilə illərində nə qədər anlaşsa da iqtidarla, ta oracan anlaşmadı ki, sən mənim şəxsiyyətimi, cinsi oriyentasiyamı, ailə üzvlərimi dilə gətir və təhqir elə!
Əlbəttə ki, İsa bəy bütün bu 25 il ərzində həmişə real namizəd olub, amma bu gün mən həm də layiqli namizəd və layiqli prezident sayıram! Düzdür, Nemət Pənahlı toyda, yasda, hətta türmədə də deyirdi ki, İsa Qəmbəri həbs etməyə Primakov qoymadı, iki saatyarım Heydər Əliyevlə danışdı, mən də qulaq asdım (Etibar Hüsənli də öz adına çıxır İsa bəyin həbsdən azad olunmağını)… ancaq… Qərb İsa Qəmbəri İrana loyal münasibətdə günahlandırır.
İqtidar hakimiyyətin Əli Kərimliyə ötürülüməsinə kəskin etiraz edir, Qərb İsa Qəmbərin İrana loyal münasibətinə görə tərəddüd edir!
Üçüncü namizəd isə artıq iqtidarın əlinə oynamaqla Leninsayağı siyasət yeridir: mümkün olanı əldə etmək! Artıq Eynulla Fətullayevlə həmtay olan İlqar Məmmədovun “siyasi tvist” oynamağı, haça-paça qalmağı haqqında rəy formalaşdırılıb: prezidentlik bunun əyninə çox böyükdür, bunun yeri elə Əli Kərimlinin 1995-ci ildə çatdığı “zirvə”dir – maksimum 4-5 deputat yeri! (allahtərəfi də, baxanda görürsən ki, siyasi biclik və kombinasiyalar qurulmasında, oyun qaydalarını diqtə etməkdə İlqar Məmmədov Əli Kərimlinin dizindən gəlmir, yəni… hələ gəlib Əli Kərimlinin 1995-ci ildə çatdığı səviyyəyə çatmayıb).
İlqar Məmmədov haqqında qənaəti isə bu fikir formalaşdırıb ki, adam Qərbin kadrı sayılır, amma Rusiya ilə mesajlaşmalarını hakimiyyət açıqlayır!
Yeri gəlmişkən, Əli Kərimli İsa Qəmbərin, İlqar Məmmədovun üstündən xətt çəkir, İlqar Məmmədov İsa Qəmbərlə Əli Kərimlinin, İsa Qəmbər Əli Kərimli və İlqar Məmmədovla birləşib… təkcə İqbal Ağazadənin!
İlqar Məmmədovu nə layiqli namizəd, nə layiqli prezident müqayisəsində bulunmağı özümə rəva görmürəm: hansı “ağıllı” onun adını beynəlxalq güclərlə müzakirədə ortaya atıbsa, dəqiq əmindir ki, hətta İlham Əliyevin belə etmədiklərini İlqar Məmmədovun edəcəyinə, istənilən təslimiyyətə imza atacağına inanır! Adam özünün 6 illik həbs həyatına qiymət qoymadı, bircə mətbuat konfransıyla bitirdi özünü! Ona baxanda, Əli Kərimli peyğəmbərdir! Heç olmasa guruldayır!
Siz buracan yazdığımı oxudunuz və hesab edin ki, bu qənaətlər uydurmadır! Məni söyənə də heç nə deyəsi deyiləm! Ancaq belə bir sualla gedin Əli bəyə müraciət edin və deyin ki, sizi and verirəm Mir Şahinin sizi ANS-ə çıxardıb bəyan etməyə imkan verdiyi kişiliyinizə, bax, ABŞ Senatı və Konqresi, Rusiya FSB-si, İngiltərə F-5-i, İsrail “Mossad”ı, İran “Ettelaat”ı siyahı versə ki, bu dörd nəfərdən birini seçin, İlham Əliyevi sakitliklə yola salaq, sizi xilas edək, kimin namizədliyini üstün tutacaqsınız?
Hamısının üstündən xətt çəkəcək – özündən başqa!
İlqar Məmmədov da həmçinin!
Təkcə İsa Qəmbər İqbal Ağazadənin üstündən xətt çəkəcəyini deyəcək, qalanlarıyla pərdəli davranacaq, istəyirsən and ver, istəyirsən and vermə! O da niyə İqbal Ağazadənin üstündən xətt çəkib və yaxud çəkəcək, deyim: bilir ki, bu Qərb də, bu Rusiya da etibarsız adamlardır, İsrailin, İranın hiyləsindən heç fələk də baş açmaz – 2003-də görüb də! Sirri faş edib qısqırdacaqlar o birilərini bunun üstünə! Olan-qalan sağlamlığını da, gücünü də alacaqlar öz böhtanları, eqo(istlikləri)ları ilə! Amma, İqbal Ağazadə dəfələrlə ikilikdə, məclisdə üzünə dediyindən artığını deməyəcək!
Bəli, əzizlərim, olanımız bu, durumumuz bu! Şansımız isə bircə dənədir! Seçim etməyi bacarmalıyıq! Seçim etməyi bacarmasaq, anamın dayılarımdan birinə dediyi kimi olacaq. Anam dayılarımdan birinə deyirdi ki, sənə arvad haramdır! Azərbaycan xalqı da seçim etməyi bacarmasa, elə anamın dayıma dediyi kimi – seçki bu xalqa haram sayılacaq, elə olacaq, elə edəcəklər ki, kimi istəsələr, onu təyin etsinlər!
Nəfəsinizi dərin, keçim əsas məsələyə. Buna görə də arxivdən bir ədəd hədis:
Bir gün sufi ustadlardan birinin şagirdi əlinə su ökəndə xahiş edir ki, Ustad, məni padşah qoy. Ustad etiraz edir. Bu hal üç dəfə təkrarlanır! Üçüncü dəfə Ustad şəyirdin iddiasının ciddi olduğunu anlayır və razılıq verir. Şərt kəsir ki, sən padşah olacaqsan, amma mən səndən bircə dəfə xahiş edəcəm! Şəyird deyir ki, hər şeyi səninlə yarı bölərəm, təki məni padşah qoy. Ustad sərt şəkildə bildirir ki, bircə xahişim olacaq, nə olacaqsa, nə qazanacaqsansa, sənindir! Razılaşırlar və Ustad günlərin bir günü yenə də əlinə su tökəndə bunu gətirir trans halına. Bəli, şəyird artıq padşahdır, ölkələr fəth edir, qənimətlər qazanır, hər dəfə də Ustada təklif edir ki, öz payını götür. Ustad da hər dəfə etiraz edir. Və nəhayət… padşahın-şəyirdin oğlu olur. Ustad özünü yetirir: Uşağın yarısı mənimdir! Padşah-şəyird əvvəlcə incə və zərif şəkildə “o axı mənim oğlumdur” deyir. İkinci dəfə bir az sərt cavab verir Ustadın istəyinə. Üçüncü dəfə səsinin tonunu qaldıranda… Ustad sərt şəkildə çiyninə vurub özünə gətirir və bildirir: sən hətta xəyalında belə padşah ola bilmədin!
Tam səmimi deyirəm: adlarını indiyə qədər sadaladığım prezidentliyə namizədlər və prezidentlər hətta xəyallarında belə prezident ola bilmədilər. Olsaydılar, 1998-də Etibar Məmmədov, 2003-də İsa Qəmbər olardı! Məntiqlə, Etibar prezident olandan sonra İsa Qəmbərin 2003-cü ildəki möhtəşəm qalibiyyəti və xalqın miskin məğlubiyyəti olmazdı! Yox, Etibar Məmmədovun prezidentliyi alınmayanda, şahlıq quşu İsa Qəmbərin başına qonduğu halda, İsa Qəmbər xəyalında belə prezident ola bilsəydi, bu gün Vilayət Eyvazov daxili işlər naziri ola bilməzdi! 2003-cü ilin 15 oktyabrında Rino Harniş şahid olub ki, düz deyirəm!
Hərçənd 2021-ci ilə qədər İsa Qəmbər bəxtini bir də sınaya bilər! Ancaq…
İnanıram ki, Azərbaycanın taleyi üçün narahatlığınız sizi məcbur edir ki, buracan oxuyub yorulsanız da, bundan sonrasını da oxuyasınız – 28 il zülmə dözən xalqsız, 28 min işarəni oxumaq gecənin bu rahatlığında niyə zülm olsun ki? Söhbət sizin prezidentiniz ola(biləcək)caq namizəddən gedir. Özü də layiqli namizəddən!
Belə götürəndə istər iqtidar, istər müxalifət, istərsə də beynəlxalq güclər və ölkədaxili klanlar istəməsələr belə… İqbal Ağazadə prezidentliyə namizədliyini verə bilər! Konstitusion, yəni doğal haqqıdır!
Bütün digər namizədlərdən fərqli olaraq, İqbal Ağazadəni aparıb kiməsə calamaq mümkün deyil! İstənilən namizəddən sərt danışıb!
İstənilən namizədlə müqayisədə siyasi saxlancında artıq olanı var ki, əskiyi yoxdur! Üstəlik də heç bir opponenti ona irad tuta bilməz – nə Əli Kərimlisi, nə İsa Qəmbəri, nə də dimdiyindən sarısı getməyən İlqar Məmmədovu! Etiraz edib deyə bilərlər ki, parlamentə kimlərinsə dəstəyi ilə düşüb, adamın cavabı hazırdır: sizin lideriniz necə seçilibsə, mən də elə seçilmişəm! Sizin liderinizə elə seçilib elə parlamentdə oturmaq olar, mənə yox? Üstəlik də onun əleyhinə danışacaq istənilən bir partiyanın liderini elə İqbal Ağazadə müdafiə edib o tribunalardan!
Qənimət Zahidin replika atmağını dəstavuz edirlər ki, azərbaycanlıların bircə ümidi qalıb, onu da İqbal Ağazadə xərcləməklə məşğuldir, biri də durub demir ki, elə həmin o İqbal Ağazadə Əli Kərimliyə “cavanları işverənliyə öyrətmə, nə ittiham istəyirsən mənə qarşı, de, özüm qəbul və təsdiq edim!” müraciətində bulunmağa məcbur olub!
İqbal Ağazadəni də, İsa Qəmbəri də, Arif Hacılını da, nə bilim, lap Heydər Əliyevlə İlham Əliyevi də özümü ruhən “Azadlıq”çı saydığım və həqiqətdə də belə olduğu üçün, həmişə tənqid etmişəm – hətta illərlə üz-üzə gəlsək də, salamlaşmamışıq, ümumi dostlarımız bizim görüşməyimizdən belə eyməniblər. Təxminən son bir ildə İqbal Ağazadə ilə bir neçə dəfə görüşmüşük, adamı dinləmişəm, çıxışlarını izləmişəm, yazılarını, müsahibələrini oxumuşam, yaxın ətrafı və dostlarıyla məclisdə olmuşam. Demək olar ki, son iki ildə ad günü bəhanəsiylə “məlum olan məlumların” – İsa Qəmbərin, Pənah Hüseynin, Arif Hacılının, İsgəndər Həmidovun, rəhmətlik Əbülfəz Elçibəyin portretlərini çəkmişəm, inanıram da ki, qərəzsiz, vicdanlı və obyektiv şəkildə bacarmışam. Amma mənim üçün “məlum olan naməlum” – İqbal Ağazadəni çözmək məqsədə çevriləndə Allah dostların əliylə şans verməyə başladı.
İqbal Ağazadənin incəsənət, ədəbiyyat haqqında bilgiləri, zövqü məni məmnun edib! Teatr tamaşaları, doğma və yabançı aktyorlar, əsərlər, şəxsiyyətlər haqqında fikirləri həddən ziyadə zərif və dəqiq!
İqtisadi təfəkkürü kifayət qədər liberal, siyasi baxışları bəs qədər mükəmməl, düşüncə çevikliyi qədərincə yüksək, polemika mədəniyyəti və mental reaksiyası ən yüksək kriteriyalara cavab verən, təmkini də, çılğınlığı da lazım olanda dozasında, mütaliəsi və siyasi etiket qaydalarına riayəti qənirsiz, ətrafıyla rəftarı, davranışı, dəyəri qibtəolunacaq dərəcədə, rəqiblərlə, opponetlərlə mübarizə qaydalarını özü müəyyən və diqtə edən, “dudka”ya və “tırka”ya getməyən, sinif, tələbə, əsgər, döyüş və mücadilə yoldaşlarını özündən asılı olduğu qədərincə ləyaqətlə qoruyan, düşməninə belə qurşaqdan aşağı zərbə vurmağı ağlına gətirməyən, ilk növbədə, qisas hissini düşmənə kökləyən!
Türmədə gözəl bir fikir var: qapı çöldən örtülür! Yəni… mübarizə və cavab imkanları sıfırdırsa, sıfırlanıbsa, o yerdə qəhrəmanlıq yersizdir və axmaqlıqdır! Mənim prezidentliyə namizədlərin çoxuyla görüşüm, söhbətim, məclislərində iştirakım, mətbuat konfranslarında, digər tədbirlərində – qurultaylarında, forumlarında təmasım olub, yalnız iki-üç nəfərdə görmüşəm ki, onlar siyasətçi olaraq həm də adamların içindədir – masanın o üzündə otursalar da, sanki bizimlə yanaşıdırlar. Bu, ilk olaraq, İsa bəydə gördüyümdür, Sabir Rüstəmxanlıda da belədir, Mirmahmud Mirəlioğlunda da. Bir də… İqbal Ağazadədə.
Etiraf edirəm, bəlkə də İqbal Ağazadə özü çaşıb qaldı ki, mən ona, bəy, gəlin bir şəkil çəkək, sizin prezidentliyə namizədliyinizin təbliğatına başlayım! Düzdür, o mənə sual vermədi, nədən bu fikirdəsən. Çünki artıq özü də fərqindədir ki, zaman ona diqtə edir özünü prezidentliyə namizəd kimi aparsın!
Çünki… xəyalında belə prezident ola bilməyənlərin müstəqillik dönəmində siyasi möhtəkirlikləri ucbatından xalqın gəlib çıxdığı mütilik marafonu siyasi mütəhərrikliyi itirir, mütəvazi məqamlar ölkənin və xalqın taleyini faciəyə sürükləyir!
Mən niyə İqbal Ağazadəni seçdim – dəyərdimi İqbal Ağazadəyə görə həm hakimiyyətin, həm müxalifətin bu iddiama görə ağızlarına gələni deməklərinə qulaq asmağa, hələ söyüş, hədə, təhqir və təhdidlər bir yana, lap elə İlham Əliyevlə “düşmən” olmağa, cəbhəçi, müsavatçı dostları küsdürməyə?!
Əlimi ürəyimin üstünə qoyub deyirəm: dəyər!
Çünki İqbal Ağazadə heç bir vaxt Azərbaycan torpaqlarının taleyiylə indiyə qədər olunan alverləri yapmaz!
Çünki İqbal Ağazadə heç bir halda özünün və silahdaşlarının müticəsinə başəymə presedentinə şans tanımaz!
Çünki İqbal Ağazdə heç vaxt qadın üzvünü bu iqtidarın çənginə verməz! Verməyib də!
Çünki İqbal Ağazadə qisasını bu xalqın övladlarından yox, bu xalqın övladlarına acılar yaşatmış erməniyə, rusa, farsa yönəldər!
Çünki İqbal Ağazadə gücü çatmadığı düşməni xalqının dostuna çevirər!
Çünki İqbal Ağazadə yeganə siyasətçidir ki, görürəm israrla deyir: torpaq uğrunda son nəfəsiməcən döyüşərəm. O biriləri heç demir də döyüşərəm, deyir almır, deyir al, ver, alıb vermirsən, get, mən gəlim! “Mən gəlib alaram” demir! Deyəndə də elə deyir, başa düşürsən ki, mırt tutur hakimiyyətlə, özü də bilir e ala bilən deyil! Sadəcə, İlham Əliyevə “kukuş” gəlir, xal qazanır!
İqbal Ağazadə… hakimiyyətə gəlməyin yeganə doğru yolunun tərəfdarıdır – seçkisiz hakimiyyətə yiyələnməyin bədəli bu xalq üçün çox ağır olacaq! Bilir və heç nəyə baxmayaraq, nə deyilməyindən asılı olmayaraq, xalq üçün itkisiz yolun tərəfdarıdır!
İqbal Ağazadə ən azından bu ölkədə şəxsən Əli Kərimlinin və İsa Qəmbərin onu ittiham edə biləcəklərindən daha çox onların özünü ittiham etmək şansına sahibdir!
Və İqbal Ağazadə bu hakimiyyət üçün “təkqollu dünya çempionu”dur güləş üzrə!
Bu iqtidar hakimiyyəti heç vaxt Əli Kərimliyə təhvil verməz – xalqı aldatmayın. İqtidar hakimiyyəti ona toxunmayacaq birinə ötürməyə razıdır. Bu həm də İlham Əliyevin bu xalqa son xidmətidir. Əslində, biz İlham Əliyevi də dəyərləndirmədik – zaman-zaman olmazın zülmü etməklə başa saldı ki, sizdən imdad diləyirəm, məni alın bu canavarların əlindən!
Qalxmadıq, iradə qoymadıq ortaya Əli Kərimlinin və onun kimilərinin sayəsində!
Bu iqtidar hakimiyyəti İsa Qəmbərə vermək istəsə də, Qərb razı olmayacaq!
Əgər “azadlıq aşiqi” dünyanın hər yerində şahidlik edirsə ki, Heydər Əliyevdən Primakov xahiş edib, əksini sübut etmək çox çətindir! Qərb Rusiyanın hansısa məqamda güvənə biləcəyi kimsəyə bir daha imkan verməz – əli bir dəfə yanıb ağzına təpib! Elə bilirsiniz təkcə Azərbaycan xalqı bəlaya düşüb? Qərb də, Avropa da Rusiyanın generalının qurduğu labirintdə gic toyuğa dönüb e!
Nə Qərb, nə Avropa hakimiyyətin İlqar Məmmədova ötürülməsinə razı olmayacaq – çünki İlham Əliyevin etmədiklərini belə İlqar Məmmədov etməyə hazır birisi. Bu, əlbəttə, İlham Əliyev üçün də sərfəli olardı İlqar Məmmədova ötürsün hakimyyəti və xalq görsün ki, İlham Əliyev bu xalqı necə sevib qoruyub, imza atmayıb nələrəsə – Əbülfəz Elçibəyin silahdaşlarından birinə dediyi kimi, korrupsiya, rüşvət, torpaqların işğalda qalması boş şeydir, əsas odur ki, Heydər Əliyev Rusiyanı yaxın buraxmır! Qərb və Avropa Azərbaycana Rusiyanı və onun diqtələrini unutdurmaq istəyir!
Mən inanmıram, amma çox istərdim ki, İqbal Ağazadənin əleyhdarlarının, başda Əli Kərimli çetesinin təbliğatı olmaqla, təki İqbal Ağazadə iqtidarla anlaşmışlardan olsun! Çünki, hakimiyyəti İqbal Ağazadəyə etibar etmək olar!
Ən azından ona görə ki… İqbal Ağazadə… təkqollu güləşçidir, özü də “dünya çempionu”!
Bir gün bir güləş üzrə məşqçi sağ qolu olmayan bir uşağı görür. Ona deyir ki, gəl səni güləş üzrə dünya çempionu edim. Bu təklifə uşaq başlayır ağlamağa, məşqçiyə onun fiziki qüsuru üstündə niyə ironiya etdiyini soruşur. Məşqçi tam ciddiyyətlə deyir ki, sən gəl, mən səni çempion edərəm. Amma bir şərtlə ki, sənə cəmi bircə fənd öyrədəcəm, sən o fəndi mən bəyəndiyim ana qədər məşq edib mükəmməl öyrənəcəksən. Razılaşırlar! Və… həmin təkqol oğlan çıxır tatamiyə. Bütün rəqiblərini udur və çempion olur! Hamı heyranlıqla səbəbini bilmək istəyir. Sirr onda imiş ki, məşqçinin təkqola öyrətdiyi fəndin qarşısını almaq üçün yeganə variant anında sağ qoldan yapışmaq imiş. Sağ qolu tutmaq üçün rəqiblərin əllərini atması boşa çıxdıqca, bu da yıxırmış ayağı altına!
İqbal Ağazadə, əgər zor deyilsə, bu hakimiyyət üçün də, bu müxalifət üçün də, eləcə də Azərbaycanın taleyini həll edən siyasi güclər üçün də elə həmin təkqol güləşçidir. İqbal Ağazadənin rəqiblərinin tutub yıxacağı sağ əli yoxdur. Xırda-para kompramatlara gəlincə isə, onları dilə gətirmək bu dəqiqə heç İlham Əliyevin özünə sərf etmir!
Bu dəqiqə Azərbaycan xalqına sərf edən yeganə hal yaranıb – İlham Əliyev könüllü hakimiyyəti təhvil verir, yetər ki, siz İqbal Ağazadəni dəstəkləyin!
SON SÖZ ƏVƏZİ: Bu xalqın fədakar oğlanları-qızları dəstə-dəstə ayrı-ayrı və bir-birini həzm etməyənlərin peşindədir.
İlham Əliyevin də ətrafında bəs qədərdir – pul, vəzifə qarşılığında olsa da!
Əli Kərimlinin də – qrantdan gələn payların qarşılığında və eləcə də təmənnasız qismi olsa da!
İsa Qəmbərin də – təmənnasız olsa da!
Fəqət… Azərbaycanın bu sadiq övladları bir-birlərinin yanında deyillər!
Yol İqbal Ağazadə ilə birləşməkdən keçir – əmin olun, prezident seçilən İqbal Ağazadə bəlkə də heç ikinci dəfə namizədliyini irəli sürməz! Əks halda…
İndi qınanan, irad tutulan Vaqif Bəhmənlinin 1989-cu ildə yazdığı kimi: “birləşək, ayrılarıq”.
Birləşməsək, bizi mahiyyəti 20 yanvardan fərqlənməyən daha ağır faciə gözləyir!
SON: Mən bir yazar olaraq, İqbal Ağazadə namizədliyini irəli sürəcəyi təqdirdə, qapı-qapı düşüb ona səs verməyə çağırardım hər bir kəsi!
Şərh yaz