Dünya Trampdan gözləyirdi, Stevanoviç açıqladı – NATO ilə bağlı sensasion proses – TAMİLLA QULAMİ şərh edir

Dünya Trampdan gözləyirdi, Stevanoviç açıqladı – NATO ilə bağlı sensasion proses – Tamilla Qulami şərh edir
Sloveniya Dövlət Məclisinin yeni spikeri və Avroskeptik Pravda Partiyasının lideri Zoran Stevanoviç ölkəsinin NATO-dan çıxması üçün səsvermə keçiriləcəyini açıqlayıb.
O, Sloveniyanın öz siyasətini müstəqil və suveren şəkildə aparmalı olduğunu bildirib. Stevanoviç ölkəsinin hərbi və diplomatik mübahisələrə müdaxilənin qəti əleyhinə olduğunu, Alyansdan çıxılması üçün səsvermənin keçiriləcəyinə dair xalqa söz verildiyini qeyd edib.
Maraqlıdır ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin bu ittifaqa ehtiyacı olmadığını demişdi.
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami deyib ki, Sloveniyanın NATO-dan çıxmaqla bağlı referendum keçirmək niyyəti Avropa təhlükəsizlik arxitekturası baxımından ciddi rezonans doğura biləcək bir addımdır:
“Bu məsələni həm daxili siyasi dinamika, həm də beynəlxalq kontekst çərçivəsində qiymətləndirmək vacibdir.
Öncəliklə xatırlayaq ki, Sloveniya 2004-cü ildən NATO üzvüdür və bu müddət ərzində alyansın kollektiv təhlükəsizlik sisteminin bir hissəsi kimi fəaliyyət göstərib. NATO üzvlüyü bu ölkəyə həm hərbi təhlükəsizlik zəmanəti, həm də siyasi inteqrasiya baxımından mühüm üstünlüklər verib. Ona görə də bu tip təşəbbüs ölkənin strateji kursunda ciddi dəyişiklik anlamına gələ bilər.
Zoran Stevanoviç kimi siyasətçilərin irəli sürdüyü arqumentlər əsasən milli suverenlik, xarici münaqişələrdən uzaq durmaq və neytrallıq ideyasına söykənir. Bu yanaşma müəyyən seçici qrupları üçün cəlbedici olsa da, reallıqda NATO-dan çıxmaq Sloveniyanın təhlükəsizlik zəmanətlərini zəiflədə, onu regional və qlobal risklər qarşısında daha həssas vəziyyətə sala bilər. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avropada təhlükəsizlik məsələləri daha da aktuallaşıb və bir çox ölkə NATO ilə əməkdaşlığı gücləndirməyə çalışır.
Digər tərəfdən, bu təşəbbüsün daxili siyasi məqsədlər daşıması ehtimalı da yüksəkdir. Referendum ideyası çox zaman populist ritorikanın bir hissəsi kimi istifadə olunur və adətən seçicilərin diqqətini sosial-iqtisadi problemlərdən yayındırmaq məqsədi güdür. Xüsusilə də Avropa İttifaqı (Aİ) ilə sıx inteqrasiya nəzərə alınarsa, Sloveniya kimi kiçik və açıq iqtisadiyyata malik ölkə üçün Qərb strukturlarından uzaqlaşmaq iqtisadi risklər də yarada bilər,”.
Tamilla Qulami hesab edir ki, Donald Trumpın NATO ilə bağlı səsləndirdiyi tənqidi fikirlər yeni deyil və daha çox ABŞ-ın Alyans daxilində yük bölgüsü ilə bağlı narazılıqlarını əks etdirir:
“Lakin ABŞ-ın NATO-dan real çıxışı hələlik institusional və siyasi baxımdan çox mürəkkəb və aşağı ehtimallı ssenari olaraq qalır.
Düşünürəm ki, Sloveniyada NATO-dan çıxmaqla bağlı referendum təşəbbüsü daha çox siyasi mesaj xarakteri daşıyır və onun reallaşması bir sıra daxili və xarici maneələrlə üzləşə bilər. Hətta referendum keçirilsə belə, nəticənin Alyansdan çıxışla yekunlaşması üçün həm ictimai dəstək, həm də hüquqi-prosedur baxımından mürəkkəb proseslər tələb olunur. Bu isə yaxın perspektivdə Sloveniyanın NATO-dan faktiki ayrılmasını az ehtimallı ssenari kimi göstərir”.
Şərh yaz