Makarenkosuz itirilən Azərbaycan gəncliyi – ELMAN ABBASOV

Bu yazını 2013-cü ilin dekabrında yazmışdım. Həmin dövrlərdə də Azərbaycanda gənclər arasında intihar hadisələrinin sayı artmışdı. Təəssüflər olsun ki, son bir neçə gündə ard-arda gənc nəslin binaların yüksək mərtəbələrindən atlayaraq intihar etməsi gündəmin ən aktual probleminə çevrilib. Yazıının mahiyəti gündəmə uyğun olduğu üçün bəzi əlavə və dəyişiklərlə yenidən oxucularla paylaşmağı məqsədə uyğun hesab edirəm.

Ümumdünya Səhiyyə Təşkilatının apardığı hesablamalara görə hər il dünya üzrə 1 milyondan artıq insan intihara cəhd edir, orta hesabla hər 3 saniyədə 1 nəfər intihar edərək həyatını itirir.
Son dövrlər Azərbaycanda da intihar hadisələrinin sayı kəskin şəkildə artıb. Demək olar ki, hər gün mətbuatda bu haqda məlumatlar yer alır. İntihara cəhd edənlər arasında müxtəlif cinsə və yaşa aid olan insanlar var. Onların çoxunu isə yeniyetmə və gənclər təşkil edir. İntiharların səbəbləri, baş vermə şəraitləri və formaları da biri-birindən fərqlənir. Çox zaman intiharların səbəbi dəqiq araşdırılmır, bir sirr olaraq qalır, baş verən hadisə haqqında müxtəlif mülahizələr irəli sürülür. Ən yaxşı halda prokurorluq “özünüöldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işinin başlandığını bildirir. Bəzən də hansısa günahsız biri bu intiharın səbəbindən cinayət məsuliyyətinə cəlb edilir.

Özünü binanın 9-cu mərtəbəsindən atmağa cəhd edən 17 yaşlı gənc xilas edildikdən sonra, “Məni özümü öldürməyə o vadar edib. Atam mənə kompüter almır. Dəfələrlə ona deyirdim, yenə də yerinə yetirmirdi. Ona görə də özümü öldürmək istədim” – deyə bildirir. Yəqin ki, intihar baş tutsa idi, onun da səbəbləri müəmmalı qalacaq, günahkarlar axtarılacaq, beyinlərdə min bir sual dolaşacaqdı. Göründüyü kimi sadə bir səbəb, ata övladına kompüter ala bilmir və ya almaq istəmir. Bunlar ayrı-ayrı səbəblərdir. Əgər valideynin övladına kompüter almaq imkanı yoxdursa, deməli bu sosial problemlərlə bağlıdır, yox əgər valideynin buna imkanı var, amma kompüteri mənasız bir şey hesab edərək övladına almırsa, bu sırf valideynin fərqli dünyagörüşü ilə bağlıdır. Valideynin kompüter almaması səbəbindən intihara cəhd edən gəncin özünün də elmi dünyagörüşünün azlığı, psixoloji cəhətdən hazırsızlığı ortalığa çıxır ki, bunun da günahkarı təhsil aldığı məktəb, mühit və ən əsası da böyüdüyü ailədir.

Uşaqların tərbiyə olunması, dünyagörüşünün formalaşması, psixoloji cəhətdən gələcəyə hazırlığı əsasən valideynlərin və oxuduğu məktəbin üzərinə düşür. Təəssüflər olsun ki, bu gün nə uşaqların təhsil aldığı məktəblər, nə də böyüdüyü ailələrin çoxu üzərinə düşən bu vəzifəni yerinə yetirə bilmirlər. Sosial problemlər məngənəsində boğulan ailə bütün gün problemləri həll etmək yönündə çalışır, övladlarına vaxt ayırmaq yaddan çıxır, daha doğrusu, zaman qalmır. Həmçinin valideynlərin əksəriyyəti uşaq yetişdirmək üçün psixoloji cəhətdən hazırlıqlı deyillər. Uşaqlara isə valideyn nəvazişi, valideyn məsləhəti, valideyn dostluğu lazımdır.

Məktəblərimizdəki vəziyyət heç də bundan fərqlənmir. Uşaqların elmi dünyagörüşünün formalaşması, istedadlarının üzə çıxarılması, savadlandırılması, psixoloji cəhətdən hazırlığı qeyd etdiyimiz kimi həm də məktəbin üzərinə düşür. Bu işdə müəllim və valideyn birlikdə çalışmalıdır. Hər bir müəllim, hər bir sinif rəhbəri həm də psixoloq vəzifəsini yerinə yetirməlidir. Uşaqların zəif və güclü tərəflərini, qabiliyyətini üzə çıxarmaq, psixoloji cəhətdən hazırlamaq məktəb psixoloqunun və müəllimin ümdə vəzifələrindən biridir. Məktəb həm də oğlan uşaqlarını fiziki və psixoloji cəhətdən hərbi xidmətə hazırlamalıdır. Az maaşla işləyən, sosial problemlər məngənəsində sıxılan müəllimlər daha çox sosial problemlərinin həllini düşünərək, öz vəzifələrini yerinə yetirə bilmirlər. Çox zaman isə onların düşünülməmiş hərəkətləri haradasa şagirdi, mənəvi və psixoloji cəhətdən şikəst edir.
Gənclər üçün 17- 20 yaş arası həssas bir dövr sayılır. Pis vərdişlərə yiyələnməmələri üçün onlara nəzarət vacibdir. 18 yaşı tamam olan oğlanlar hərbi xidmətə çağırılması onlarda pis vərdişlərə yönəlməsinin qarşısını qismən alsa da, orada da gənclər zorakılıq, özbaşınalıq, rüşvətxorluq və digər hallarla qarşılaşır, aşağılanırsa, həmin gənc mənəvi-psixoloji sarsıntı keçirir. Bu onun həyatında psixoloji cəhətdən ciddi travmalar yaşadır. Həmin dövrdə, ya da sonrakı dövrlərdə bu, həmin gəncin həyatında mütləq özünü göstərir. Bu səbəbdən də orduda olan neqativ hallar aradan qaldırılmalı, nizam-intizama ciddi əməl edilməlidir.

Təəssüflə demək olar ki, bu gün önəmli olan psixoloq ştatları məktəblərdə çox azdır. Hər məktəbdə bir psixoloq var. Məktəblərdə isə şagirdlərin sayı fərqlidir. Təbii ki, 1000-1500 şagird olan məktəbdə bir psixoloq işinin öhdəsindən gələ bilməyəcək. Çox zaman isə həmin vəzifədə işləyən müəllimin özünün psixologiya elmi haqda anlayışı olmur.
İntiharın əsas baş vermə səbəbləri sosial – maddi vəziyyətin çətinləşməsi, dərinləşən sosial təbəqələşmə, valideyn-övlad arasında yaranan dünya görüşdə fərqlilik, sosioloji və bioloji tələblərlə milli-mənəvi dəyərlər və mentalitet arasındakı ziddiyyətlər, qloballaşma, ailə-məişət zorakılığı, ümidsizlik və s. olur.

Son bir illik pandemiya dövrü də insanların psixoloji durumuna təsirsiz ötüşmədi. İnsanların sərt karantin dövründə evlərə qapadılması, gündəlik həyat tərzinin dəyişilməsi, bir çoxlarının işini itirməsi, sosial durumun ciddi şəkildə pisləşməsi, xəstəliyə yoluxması və ya xəstəliyə yoluxmuş qohum-əqraba, dost-tanışını itirməsi insanlarda ciddi psixoloji travmalara yol açdı. “Evdə qal!” kampaniyası bütün gün evdə oturan ailə üzvləri arasında da gərginliyin artmasına səbəb oldu. Bu dövr üçün də məktəb psixoloqları öz işinin öhdəsindən gələ bilmədi. Onlayn dərslər keçirildiyi halda inanmıram ki, hansısa məktəb psixaloqu bircə dəfə də olsun şagirdinin və ya onun ailəsinin durumu ilə maraqlansın. Psixoloji cəhətdən qrup halında hansısa psixoloqun şagirdlərlə onlayn görüşməsinə təsadüf etmədik. Halbuki, bütün gün evdə oturan şagirdlərə psixoloji cəhətdən məsləhətlər verilməsinə çox böyük ehtiyac var idi. Məktəb psixoloqları sadəcə evdə oturaraq, maaşlarını almaqla öz işlərini bitmiş hesab etdilər.

44 günlük müharibədə zəfər çalınsa da, müharibənin ağrı-acısı, gənclərimizin şəhid olması, valideynin övlad, bacının qardaş, övladın ata itirmək acısı, yüzlərlə igidimizin ömürlük sağlamlığını itirməsi, bəzən şəhid ailələrinə, bəzən yaralı qazilərimizə biganəliklər insanlarımızda ciddi psixoloji travmalar yaratdı.
Biz Ümid Partiya olaraq, dəfələrlə qalib ordunun, həm də bu qalibiyyəti bizə bəxş edərək odun-alovun içindən çiyin-çiyinə keçmiş, birlikdə müharibənin bütün dəhşətlərini görmüş əsgər, gizir, zabit heyətinin müharibədən sonra birlikdə uzun müddət xidmətini davam etdirməməsini və onların müxtəlif hərbi hissələrə bölünməsini təklif etmişdik. Döyüşün dəhşətli səhnələrindən keçmiş tərxis olunan hərbçilərimizin psixoloji reabilitasiyadan keçirilməsinin vacibliyini dəfələrlə qeyd etmişdik. Nəinki döyüş yolu keçmiş hərbçilərin, həm də onların ailələrini, şəhidlərimizin ailələrini, yaxınlarını psixoloji reabilitasiyadan keçirmək lazımdır. Onsuz da indiki hakimiyyətin apardığı yarıtmaz daxili siyasət nəticəsində insan ölümünün adiləşməsi 44 günlük müharibə dövründə daha da adiləşdi. Sadaladığım və sadalamadığım bir çox amillər səbəbindən bu gün gənclik arasında intihar hadisələrinin sayı artır.

Azərbaycanda bütün sahələrdə olduğu kimi psixologiya sahəsi də bərbad vəziyyətdədir. Bu sahədə ən azı qardaş Türkiyədən nümunə götürmək lazımdır. Türkiyədə psixoloq önəmli, sayılıb-seçilən, gəlirli bir sahə hesab edilir. Bir çox ailələrin özəl psixoloqları var. İnsanlar vaxtaşırı psixoloqa müraciət edirlər. Orada sırf bu sahə üzrə ixtisaslaşmış çoxlu sayda ictimai institutlar formalaşıb.

Biz hesab edirik ki, Azərbaycanda da bu yöndə dövlət proqramı hazırlanaraq həyata keçirilməli, bu işlə məşğul olacaq ictimai institutlar formalaşmalı, məktəblərdə bu istiqamətdə islahatlar aparılmalı, psixoloqların sayının və məsuliyyətlərinin artırılması yönündə işlər görülməli, məktəb və valideynlər arasında ciddi əlaqələr qurulmalı, televiziyalarda tez-tez maarifləndirici ictimai verilişlər efirə verilməlidir.
“Düzgün tərbiyə bizim gələcək xoşbəxtliyimiz, pis tərbiyə isə gələcək bədbəxt göz yaşlarımızdır ” – bu sözlər tanınmış Ukraynalı pedaqoq Makarenkoya aiddir. Həyatının on altı ilini nəzarətsiz və cinayət yoluna düşən uşaqlarla işləyən A.S.Makarenko üç mindən artıq uşağı düzgün həyata qaytarmağa nail ola bildi.

Elman Abbasov
Ümid Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini

Şərh yaz