İtkilərimiz olmasa da, çətinliklərimiz oldu – FAİQ ƏLİYEV

Ümid Partiyası Naxçıvan MR Təşkilatının sədri Faiq Əliyev Umidparty.org saytının suallarını cavablandırıb. Müsahibəni oxuculara təqdim edirik:

Faiq bəy, ötən ilin əvvəllərində Azərbaycanda da Covid-19 virusuna yoluxma qeydə alındı və mart ayında artıq pandemiya elan olundu, sərt karantin rejimi tətbiq edildi. Virusa yoluxanlar, itkilərimiz oldu. Bu zamana qədər Naxçıvan pandemiyanı necə keçirdi?

İlk olaraq onu qeyd edim ki, Naxçıvan Muxtar Respublikasında da mərkəzdən və digər rayonlardan fərqli olaraq, koronavirusla bağlı hər hansı bir sərtləşdirilmiş karantin rejimi olmadı və ya Operativ Qərargah yaradılması üçün addım atılmadı. Bu işi yalnız Səhiyyə Nazirliyi öz üzərinə götürdü. Bu mövzuya mən bir dəfə də münasibət bildirmişəm, yenə də öz fikrimdə qalıram. Naxçıvan səhiyyəsinin atdığı addımlar, gördüyü işlər daha çox məntiqəuyğun idi. Mərkəzdə verilən qərarların bəzilərinin bir tərəfi siyasətə bağlı olan lazımsız qərarlar idi.

Muxtar Respublika əhalisi pandemiyadan yaranan sosial vəziyyətin ağırlığını hiss etdimi?

Muxtar Respublikada sərt karantin rejimi tətbiq olunmasa da, aprel – may ayları üçün sosial durumu ağır olan, işləri dayanan vətəndaşlara 190 manat verildi. Təbii ki, ayrı-seçkiliklər olmadı. Partiya üzvlərimizdən də sosial vəziyyəti ağır olanlardan bəziləri bu yardımı ala bildilər. Aydın məsələdir ki, bu yardım bütün işsizləri, yardım almağa sosial statusu düşən bütün vətəndaşlarımızı əhatə etmədi. Narazı qalanlar da oldu. Partiyamızın sıralarında da belələri oldu. Sosial vəziyyəti ağır olan bəzi gənc üzvlərimiz əsassız olaraq, yardımla təmin olunmadılar.

Sosial şəbəkələrdə Naxçıvanda sərt karantin rejiminə əməl edilməsi, çoxlu sayda xəstələnənlərin və ölənlərin olması, yerli hakimiyyətin faktları gizlətməsi və açıqlamalar verməməsi ilə iddialara da rast gəlindi. Hətta yas mərasimlərinin, toyların keçirilməsi ilə bağlı məlumatlar da oldu. Bunlar nə dərəcədə doğru idi?

Təbii ki, Naxçıvan dünyanın bir parçasıdır və baş verən qlobal problemlərdən qaça bilməz. Burada da virusa yoluxanlar, hətta ölənlər də oldu. Lakin iddia olunanlar doğru deyil. Əvvəla, əhalinin sıxlığına görə Muxtar Respublikada sərt karantin rejimi tətbiq etməyə zərurət yox idi. Karantinə alınmış hər bir evin qapısında polis işçilərindən ibarət xüsusi növbətçilər qoyulurdu, virusa yoluxmuş insanlar tam sağalana qədər həkim nəzarətində olurdu və cəmiyyətdən təcrid edilirdi. Covid-19-a yoluxub xəstəxanaya yerləşdirilən şəxslərdən aldığımız məlumata görə, Səhiyyə Nazirliyi məsələyə birbaşa nəzarət edirmiş. Hətta Səhiyyə naziri müavinlərlə birgə hər gün bir neçə dəfə xəstəxananı gəzir və xəstələrlə maraqlanırmışlar. Vəfat edənlər üçün şəhərdənkənar xüsusi məzarlıq da ayrılıb. Toy şənlikləri karantin rejiminin şərtlərini saxlamaqla qismən keçirilsə də, yas mərasimlərinə də nəzarət olunurdu. Vəfat edən şəxsin yaxın qohumlarının 4- 5 saat ərzində dar çərçivədə yığışmasına imkan verilirdi. Yaslarda və fəaliyyətini dayandırmayan bəzi iaşə obyektlərində şərtlərə əməl edilir, dezinfeksiyaedici məhlullardan istifadə olunurdu. Bu, indi də davam edir. Ümumiyyətlə, apardığım müşahidələr məni qane edir.

Partiya olaraq itkilər oldumu?

Şükürlər olsun ki, itkilərimiz olmadı. Amma çətinliklərimiz oldu. Şərtlər fəaliyyətimizdə məhdudiyyətlər yaratdı. Amma buna baxmayaraq, işimizi karantin şərtlərinə əməl etməklə davam etdirdik. Yeni üzvlər qəbul etdik, sıralarımızı genişləndirdik, üzvlərlə əlaqə saxladıq. Hər hansı bir geniş şəkildə yığıncaqlar keçirməsək də, həftəiçi qərargahda görüşlərimiz oldu. İstər pandemiya dönəmində, istərsə də 44 günlük İkinci Qarabağ Savaşında partiyamızın sədri İqbal Ağazadənin mətbuatda açıqlamaları və Ümid Partiyasının sərgilədiyi siyasi xətt əhalinin bizə qarşı rəğbətini artırdı. İqbal bəyin hər hansı bir çıxışları və ya iştirak etdiyi siyasi debatları nəinki xalq arasında, eşidirdik ki, hakimiyyəti təmsil edən yüksək vəzifəli məmurların da müzakirəsi olur, hətta təqdir edilirdi. Çünki sədrimiz bütün dönəmlərdə hadisələrə, proseslərə ən düzgün, ən obyektiv yanaşma sərgiləyir. Partiyamız illərdir fərqli siyasi kurs yürüdür. Proseslərə obyektiv şəkildə yanaşır, tənqid edir, problemlərdən çıxış yolları göstərir. 44 günlük İkinci Qarabağ Savaşında sədrimizin milli həmrəylik istiqamətində çəkinmədən verdiyi bəyanat ümumiyyətlə əhali arasında müsbət reaksiyaların daha da artmasına səbəb oldu. Partiya sədrimizin mövqeyinə görə şəxsimə həm vətəndaşlar, həm də vəzifəli şəxslər tərəfindən dəfələrlə təşəkkürlər edilib.

44 günlük müharibədə Azərbaycan Ordusu xalqımıza tarixi bir zəfər sevinci yaşatdı. Torpaqlarımız işğaldan azad edildi. Təbii, itkilərimiz də var. Şəhidlər verdik, yaralanlarımız oldu. Bu müharibədə Naxçıvan igidlərinin də böyük şücaətləri oldu. Bəzən sosial şəbəkələrdə şəhid ailələrinə, qazilərimizə qarşı haqsızlıqlara, onların problemlərinin çözülməsinə biganə yanaşılmasına rast gəlinir. Muxtar Respublikada vəziyyət necədir?

Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa, qazilərimizə can sağlığı arzulayıram. Bizdə olan məlumata görə, şəhid ailələrinə dövlət tərəfindən ayrılmış vəsaitlərdən əlavə yerli rəhbərliyin özünün də dəstəyi olub. Qazilərimiz də diqqətdən kənar deyil və qayğılar davam edir. Hər hansı bir problemləri olarsa, mütləq şəkildə həll olunması yönündə üzərimizə düşən nədirsə, ediləcək. Partiya olaraq, imkanımız qədər qazilərimizin qarşılanmasında, şəhidlərimizin dəfnlərində iştirak etdik. Onların valideynləri ilə görüşdük. Allah şəhidlərimizin ruhlarını şad etsin! Haqları ödənməz! Biz hər zaman şəhidlərimizə və qazilərimizə borcluyuq. Az qala 200 ilə yaxın bir müddətdən sonra onlar qanları və canları bahasına bizə qələbə sevinci bəxş etdilər, torpaqlarımızı işğaldan azad etdilər, şanlı bir tarix yazdılar. Torpaqlarımızın işğaldan azad olunması, ordumuzun qələbəsinə hər kəs kimi çox sevindik, lakin rus qoşunlarının bölgəyə gəlməsi bizi də məyus etdi. İnanırıq ki, bundan sonrakı proseslər masa üzərində aparılacaq və tezliklə Azərbaycanın bütün ərazilərində bayrağımız dalğalanacaq.

Şikayətlərə və çatışmazlıqlara rast gəlirsiniz? Gəlirsinizsə, hansı sahədir?

Əlbəttə ki, çatışmazlıqlar istisna deyil. Yuxarıda pandemiyadan zərərçəkməyə görə əhaliyə veriləcək 190 manatla bağlı problemləri vurğuladım. Məlumatımız var ki, bəzi kiçik sahibkarlara da pandemiyadan zərərə görə ayrılan 250 manatın hər hansı bir yardım fonduna keçirilməsi təklif olunub. Bundan başqa bizə edilən şikayətlərdən, bizdən kömək istənilən məsələlərdən biri də 2019-cu ildə əhalinin siyahıya alınmasında iştirak edən yüzlərlə insanın hələ də maaşlarını almamasıdır. Məlumata görə, digər regionlarda bunlar ödənilib. Mən özüm də bununla bağlı məsul olan bir neçə səlahiyyətli şəxsə müraciət etsəm də, hələlik, bir nəticə yoxdur.

Şərh yaz