İqbal Ağazadə: Yenidən savaş başlayarsa…

Dekabrın 15-də Ümid Partiyasının sədri İqbal Ağazadə LAF Tv-nin canlı efirində qonaq olub.

Partiya sədri verilişdə işğaldan azad olunan ərazilərdə baş verən son hadisələr, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin səbəbləri və missiyası, gələcək problemlərin, təxribatların qarşısını almaq üçün atılacaq addımlar, Ümid Partiyasının Qarabağda təhlükəsizliyin təmin olunması, görüləcək işlərlə bağlı hakimiyyətə verdiyi təkliflər, ölkədə olan problemlər və başqa məsələlərlə bağlı Afət Telmanqızının və tamaşaçıların suallarını cavablandırıb. Umidparty.org olaraq, canlı yayının stenoqrammasını təqdim edirik:

İqbal müəllim, dünən (14.12.2020) çox gözəl bir gün yaşadıq. Hərbi əsirlərimiz, o cümlədən Dilqəm Əsgərovla, Şahbaz Quliyevin uzun illərdən sonra əsirlikdən azad olması prosesi baş tutdu. Amma başqa suallar da ortaya çıxdı ki, əsirlərin mübadiləsi zamanı biz daha çox erməni əsiri geri qaytardıq. Bu uyğunsuzluq nə ilə bağlıdır? Və birinci Qarabağ müharibəsində əsir götürülənlərin aqibəti necə olacaq? Onların dəyişdirilməsi barədə addım atılacaqmı?

Birinci Qarabağ müharibəsində əsir götürülənlərin yəqin ki, Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında dəqiq siyahısı var. Həm Qırmızı Xaç Komitəsi, həm də danışıqlar vasitəsilə o siyahıya uyğun da yəqin sorğular verilib. Onların nə qədərinin sağ olduğunu qarşı tərəfin etiraf etməsi artıq başqa məsələlərdir. Amma son savaşda bütün əsirlərin – hamının hamıya dəyişdirilməsi prinsipi var idi. Buna görə bizdə olan erməni əsirlərin sayı çox idi. Biz qələbə qazanmışdıq. Qələbə qazananda da qarşı tərəfin əsir düşmək imkanları çox olur. Bizim isə əsir düşmək imkanlarımız az idi. Son savaşda on, köhnədən isə iki əsirimiz var idi. Səhv etmirəmsə, 12 əsirimiz dəyişdirildi. Hamının hamıya prinsipi olduğuna görə, kimin əlində neçə nəfər var idisə, qaytarıldı. Əvvəllər birin birə və ya müxtəlif formalar olub. İndi hamının hamıya prinsipi olduğu üçün bu formada aparıldı.

Dəfələrlə Rusiya sülhməramlıları ilə bağlı danışılıb. Siz də çıxışlarınızda toxunmusunuz. Ciddi narazılıqlar var. Hadrutda baş verənlər, erməni silahlılarının orada qalması, başqa ərazilərdə onların olmamasından sığortalanmayıb. Başqa yerlərdə də erməni silahlıları var. Həmin sülməramlılar nəyə görə proseslərdə iştirak etmir. Onları ordan niyə çıxarmırlar? Əksinə göz yumurlar və problemlər ortaya çıxır. Müharibə bitməsinə baxmayaraq, noyabrın 26-da, dekabrın 8-də şəhidlərimiz oldu. Pisi də odur ki, ictimayyətə çox gec məlumat verildi. Ən pisi də odur ki, rus sülməramlıları nəyə və niyə göz yumublar? Bunların məqsədi nədir?

Sizin efirdən də demişdim, rus sülhməramlılarının, rus qoşunlarının əvvəlinə istəyir sülhməramlı, istəyir mələk yaz, fərqi yoxdur. O, qoşun istilaçıdır, işğalçıdır. Rusiya öz maraqları çərçivəsindən çıxış edir. Rusiyaya bu konfliktin həlli maraqlı deyil. Rusiyaya maraqlı olan tərəflərin daha düşmən münasibətdə, daha çox bir-birindən aralı olması və Rusiyanın orda olan qüvvələrinin missiyasının daha parlaq gözə çarpması lazımdır. Yoxsa ki, Ermənistan Azərbaycan arasında münaqişə tez həll olsa, tərəflər barışa, sülhə getmiş olsa, Rusiyanın orada nə işi var, rus qoşunları orada niyə olmalıdır ki? Rusiya qoşunlarının xislətini bilən hər kəs bu cür hadisələrin olacağının fərqində olmalıdır. Azərbaycan cəmiyyətinin bu mənada narahatçılığı çox gözəldir. Bu, yaxşı bir mesajdır. Hər kəs bilir ki, cəmiyyət hər hansı bir torpağa güzəşt etməyəcək və yenidən savaş başlanarasa, son nəfəsinə kimi döyüşəcək, həmrəylik nümayiş etdirəcək. Azərbaycan cəmiyyətinin torpaqları güzəşt etməyəcəyi və vuruşacağı mesajları daha çoxdur. Amma qəbul etmək lazımdır ki, Rusiya bizim xoşumuzla, bizim istəyimizlə və yaxud da Türkiyənin istəyi, razılığı ilə orada yerləşməyib. Rusiya ictimai-siyasi vəziyyət, regional münasibətlər, postsovet ölkələrində olan nüfuzu və həmçinin ən başlıca qaydasız döyüşlər həyata keçirdiyi, qaydasız işğallar həyata keçirdiyi səbəbindən ordadır. Rusiya təkcə Azərbaycanda yox, Baltikyanı ölkələri xaric bütün postsavet ölkələrinin hamısında bu və ya digər şəkildə var. Birində sülhməramlı adıyla, birində zorla, birində xoşla. Təəssüflər olsun ki, hələlik hansısa bir sərhədlər çərçivəsində onu bir şəkildə durdurmaq mümkün olmayıb. Nə BMT, nə də Beynəlxalq təşkilatlar tərəfindən. 

Yaxın günlərdə BMT-in iclasında Krımdan qeyri- şərtsiz çıxmaq, Ukrayna ərazilərini boşaltmaq barədə qətnamə qəbul etdilər. Amma Rusiya bu qətnaməni sanki eşitmədi. Sanki ona aid deyilməmiş kimi davarndı. Rusiyanın mahiyyəti budur və biz də bunu gözəl bilirik. Bildiyimiz üçün də regionda baş verən bütün prosesləri maraqlarımıza uyğun yönləndirməyi bacarmalıyıq. Rusiyanın maraqları bəllidir və ictimai-siyasi vəziyyət, Rusiyanın regionda rolu və yeri tərəfləri məcbur edir ki, ən azı bu varianta razılaşsınlar. Əvvəllər də qeyd etmişdim ki, biz dayanmadan sonsuza qədər işləməliyik. Çünki Rusiya bundan sonra çalışacaq ki, onun varlığı burada daha çox gözə çarpsın, tərəflərin hər birinin həyatında bilavasitə görünsün. Hadrutda baş verən hadisələr sabah Xocavəndin başqa bölgələrində, Ağdamda, Laçında, Kəlbəcərdə də baş verə bilər. Niyə baş verə bilər? Çünki qonşumuz olan ermənilərin mahiyyətini, xislətini bilirik. Rusların mahiyyətini bilirik və niyə, nə üçün və necə gəldiklərini də bilirik. Biz bunu bildiyimiz üçün, bunun qarşısını almaq üçün dayanmadan mübarizə aparmalıyıq, dayanmadan addımlar atmalıyıq, sistemli və ardıcıl işləməyi bacarmalıyıq.

Hansı addımları atmalıyıq?

Əvvəla mən hesab edirəm ki, inzibati idarəetmə sisteminə tam keçid təmin olunmadığına görə, prezidentin köməkçisi və ya səlahiyyətli nümayəndəsi şəklində ora komissar və ya prezidentin şəxsi nümayəndəsi təyin olunmalıdır. Səlahiyyət verilmiş bir nəfər bu məsələ ilə mütamadi, sistemli və ardıcıl məşğul olmalıdır. Elə adam olmalıdır ki, oradakı bütün sahələr üzrə problemləri bilsin, məhdud problemləri yox və dərhal Prezidentə məruzə edə bilsin. Nəhayət bütün problemləri birləşdirib vahid siyasət yürütməyin zamanıdır. O adam danışıqları prosesində iştirak etsin, həm təmas xəttinin doğru-dürüst müəyyənləşməsində, həm sərhədlərin müəyyənləşməsi, həm də demoqrafik vəziyyətin hansı şəkildə keçirələcəyini müəyyən edə bilsin, Xankəndində və digər ərazilərdə sülhməramlıların komandanı Ruslan Muradaovla görüşsün. Xocalıya və digər ərazilərə köçürülmənin tələbləri bir vahid mərkəzi orqan vasitəsi ilə həyata keçirilməlidir. 

Biz artıq bu gün təkliflərimizi hakimiyyətə təqdim etdik. Çox istərdim ki, hakimiyyət özü qiymət versin. Bəzi detalları efir vasitəsi ilə buradan da demək istəyirəm. Rus qoşunlarının yerləşdiyi ərazilərdə necə ki, onlar gözətçi məntəqələri düzəldiblər, həmin sülməramlılarının yerləşdiyi bütün gözətçi məntəqələr olan yerlərlə üzbəüz pozisiyalarda Azərbaycan əsgəri yerləşdirilməlidir. İstisnasız halda. Post patrul məntəqələri şəklində deyil, artıq səngərlərdə Azərbaycan əsgərləri yerləşməlidir. Bu gün hələ qış dönəmidir, dağlar çılpaqdır, meşələr çılpaqdır. Sabah yaşıllaşma, keçilməz meşəliklər olandan sonra gözdən sapan da olacaq, əraziyə keçib terror, təxribat törətmək istəyən də. Düşmən yatmayıb. Bu proseslər həll olana qədər düşmən olaraq da qalacaq. Orada elə təhlükəsizlik v müdafiə sistemi qurulmalıdır ki, quş da quşluğu ilə ordan uça bilməsin. Rus da sülhməramlı kimi gəlibsə, orada qalmağa çalışacaq. Çalışacaq ki, o əraziləri Azərbaycan və Ermənistandan çox öz nəzarətinə alsın, ordakı prosesləri özü idarə etsin, prosesə hər zaman özünün müdaxiləsi olsun. Ona görə də üzbəüz səngərdə mütləq Azərbaycan əsgəri dayanmalıdır. Hamı Azərbaycan əsgərinin nəfəsini orada hiss etməlidir. Çox istərdik ki, Azərbaycan əsgəri ilə bərabər orada Türkiyə əsgəri də dayansın ki, psixoloji cəhətdən daha çox üstünlüyə malik olunsun.

Təkliflərimizdən biri də insanların qeydə alınması və köç prosesinin artıq yaza doğru başlanması ilə bağlıdır. Əhalinin hansı hissəsinin Şuşaya, birinci mərhələdə Kəlbəcərə, Zəngilana, Qubadlıya və Laçına, mümkün olan kəndlərə ilk mərhələdə köçürüləcəksə, artıq yavaş-yavaş onlar siyahıya alınsın, evlər inventarlaşdırılsın. Hansı evlərin təmirə ehtiyacı var, hansıların yenidən tikilməyə ehtiyacı var, araşdırılsın. İnfrastrukturlar hansı formada olacaq, layihələşdirilsin. Bunlar hamısı mərkəzləşmiş, vahid formada aparılmalıdır. Çox təkliflərimiz var. Hökumət nümayəndələri baxdıqdan sonra təbii, biz onların bəzi hissələrini açıqlayacağıq. Elə hissələr var ki, orada dövlət maraqları olduğu üçün cəmiyyətə açıqlamayacağıq.

İqbal bəy, siz köçdən, köç prosesindən danışdınız. Maraqlıdır ki, bəs, Xocalıya, Xankəndinə, Xocavəndə, Əsgarana, Ağdəriyə köç necə olacaq?

Siyasi komissar və ya prezidentin şəxsi nümayəndəsi artıq gedib o ərazilərdə baxış keçirməlidir. Sülhməramlılarla danışmalıdır. Təbii ki, oraların çoxu dağıdılmış və ya zəbt edilmiş ərazilərdir. Məsələn Kərkicahan kəndi ermənilər tərəfindən zəbt olunmuş və dağıdılmış ərazidir. Onların oradan çıxarılmasında səlahiyyətli nümayəndə bilavasitə danışıqlarda iştirak etməli, orada tikinti işlərinin hansı formada aparılması, insanların köçürülməsi, təhlükəsizliyi, infrastruktur, sülməramlıların rolu necə olacağı danışılmalıdır. Bir daha deyirəm, bu, ayrı-ayrı strukturların danışacağı və yaxud da prezidentin danışacağı bir məsələ deyil. Bunu Vahid Mərkəzdən prezidentin səlahiyyətli nümayəndəsi aparmalı və danışıqlar masasına çıxarılmalıdır. İşğaldan azad olmuş ərazilərlə bağlı vahid siyasət həyata keçirilməlidir.

Minalardan təmizlənmə işi ilə da bağlı bizim təkliflərimiz də var. Dünyanın müxtəlif ölkələrində qeyri-hökumət təşkilatı və ya müstəqil şirkət kimi fəaliyyət göstərən minatəmizləmə qurumları var. Azərbaycan hökuməti onları minatəmizləmə işinə cəlb etməlidir. Bunlar o qədər də böyük vəsait tələb edən məsələlər deyil. Çox cüzi vəsait hesabına bunu həll etmək mümkündür. İnsanımızın taleyindən qiymətli olmadığına görə, Azərbaycan büdcəsindən buna bəlli vəsait ayırmaq olar. Ərazilər sürətlə minalardan təmizlənməlidir. Həm də dövlətlərin bu cür şirkətlərinin təbliğat üçün də yararı var. Çünki, onlar təmizlədikləri ərazilərin dünyada reklam olunması işinə gedirlər. Həm özlərini, həm də gördükləri işi reklam edirlər. Buna görə də, o, ərazilərin hansı vəziyyətə salındığını, necə dağıdıldığını onlar da təbliğatçı kimi dünyaya çatdıracaqlar.

İqbal bəy müharibə yenidən başlaya bilərmi?

Yox, hələlik hesab etmirəm ki, Ermənistanda buna özündə güc tapan olsun. Masada Türkiyənin olması faktı, Türkiyənin bu müharibədə aktiv mövqe nümayiş etdirməsinə görə, inanmıram ki, Ermənistanda müharibə yükünü, müharibə məsuliyyətini öz üzərinə götürən bir siyasi insititut və ya hakimiyyət olsun. Bu məsələ müəyyən dövr üçün artıq gündəmdən çıxmış hesab olunur. Müharibəni başlamaq üçün Rusiyanın Ermənistandakı iradəsi olmamalıdır, həm məsuliyyət üzərinə götürəcək, həm də hərbi qüvvələri vahid mərkəzdə toplaya biləcək adam lazımdır. Bu partizan müharibəsi deyilən şeylər içəridə oynanılan xırda-para oyunlardır. Həm daha çox şey əldə etmək, həm də məğlubiyyətlərinin acısını fərqli şəkildə yaşayıb milləti ayaqda saxlamaq üçün yenə öz adamlarını güdaza verəcəklər. Artıq bilirsiniz ki, o təxribatçılardan neçəsi öldürüldü, neçəsi girov götürüldü. Zaman-zaman başa düşəcəklər ki, bunların heç bir əhəmiyyəti yoxdur.

Daha nələr olmalıdır ki, Azərbaycan tərəfi konkret rus sülhməramlılarının buradan çıxması üçün addım atsın? Yeni xəritə tətbiq edirllər, manipuliyasiyaya yol verirlər, Azərbaycana ərazi iddiaları var. Ordan Erməniləri gətirib yerləşdirirlər. Artıq Rusiya Müdafiə naziri açıqlama verib ki, 34 min ermənini gətirib Xankəndində və digər ərazilərdə yerləşdirmişik. Erməni yaraqlılarının orda qalmasına göz yumurlar. Hətta oranı nəzarətsiz bir zonaya çeviriblər. Hansı krminal ünsürlərin gəlib-getməsindən xəbərimiz yoxdur. Daha nələr etməlidirlər ki, Azərbaycan kəskin mövqe qoysun ki, bunlardan sülhməramlı olmayacaq?

Rusiya sülhməramlılaraın gəlişi günü də hər kəsə bəlli idi. Hətta hökumətə də, İlham Əliyevin özünə də bəlli idi. Ərdoğana da bəlli idi ki, gələnlərin məramı sülh deyil. Siz elə bilirdiniz ki, heç kim bunun məramının sülh olmadığını bilmirdi? Hamı bilirdi.

Hamı bilirdi, onların gəlişinə də etiraz edirdi.

Demək ki, gəlişinə də etiraz edirdinsə, məramının da nə olduğunu bilirdinsə, lakin gəlişinə həm də izin verirdinsə, deməli, ortada daha ağır şeylərin olmaması üçün addımlar atılıb. Bəzən sosial şəbəkələrdə də rast gəlirəm, çıxışların altında da yazırlar, “rus qorxulu deyil”. Biz heç kimdən qorxmuruq, rus qorxulu deyil. Amma dövlətlərin gücü məsələsi var. Bu gün bizim Rusiya ilə döyüşmək gücümüz yoxdur. Biz hələ Ermənistanla döyüşüb bəlli problemi axıra çatdıra bilməmişik. Arxasında rus, Fransa kimi başqa ölkələr dayandığına görə bu gün hamı deyir ki, qalxaq ayağa, deyək, rus çıxsın. Mən də rusun çıxmasının tərəfdarıyam. Amma sizcə BMT deyir, Rusiya Ukraynadan, Abxaziyadan, Suriyadan çıxırmı? Yox. Zaman-zaman necə təhlükəsizliyi təmin etmək və baş verə biləcəkləri əngəlləmək, proseslərin zamanında necə öz xeyrinə dəyişəcəyini gözləmək üçün siyasət yürütmək lazımdır. Siyasət hamının düşündüyü kimi saz yaradıcılığı deyil ki, hərə əlinə bir saz götürüb oxuya, qarşısındakı da feyziyyab ola. Bəs, real güc, real fakt? Bizim dostumuz, canbir qardaşımız Türkiyə Suriyada Rusiya ilə bəlli bir məsafədə üz-üzə dayanıb. Rusiyanı çıxarmaq bu qədər asandırsa, basıb Suriyadan çıxarardı. Deyərdi ki, terrorçular da burdan təmizləndi, Bəşər Əsəd də getdi. İndi Türkiyə öz qonşusu ilə yaxın münasibətlər sistemində olur. Görürsünüz ki, orda da qoşunlar bəlli bir yerdə dayanıb. Hər kəs zamanı gözləyir.

Türkiyə demişkən, Azərbaycan tərəfi Türkiyəni rəsmən Azərbaycana dəvət edə bilərmi?

Məncə etməlidir. Biz bunun tərəfindəyik. Türkiyə-Azərbaycanın müttəfiqliyində yeni mərhələnin açılışına getməlidir. Sərhədlərin birgə qorunması istiqamətində Azərbaycan Türkiyə ilə saziş bağlamalıdır. Sərhədlər birgə qorunmalıdır. Azərbaycanın təhlükəsizliyi məsələsində istənilən an Türkiyənin iştirakı müqavilə ilə təsbit olunmalıdır. 

Yenə bayaq dediyiniz məsələyə dönürəm. Siz elə bilirsiniz ki, heç kim Rusiyanın kim olduğunu bilmirdi? Müqavilə imzalayanlar bilmirdi, ya onu dəvət edənlər, ya məcbur olub gecə saat 2-də, 3 də olanları edənlər bilmirdi ki, proses hara gedir? Niyə biz elə bilirik ki, bir jurnalist, bir siyasətçi, sıradan bir Azərbaycan vətəndaşı, bir içtimai fəal, siyasi prosesləri izləyən adamlar hamı bu təhlükəni bilirmiş, bircə sən demə onu imzalayanlar bilmirmiş. Onu imzalayanlar bizdən daha çox nə olduğunu, daha ağır olduğunu, həm də hansı təzyiqlər olduğunu daha yaxşı bilirdi. Rusiyanın da mahiyyətini çox gözəl bilir və anlayırlar. Fərz edək ki, çoxlarımızın dediyi kimi Azərbaycan iqtidarı milli mövqeyləri nəzərə almayan, Rusiyanın mənafeyinə işləyən, Rusiyanın təsirindən çıxa bilməyən bir iqtidardır. Bəs Türkiyə? Türkiyə, niyə razı oldu? Niyə Türkiyə də deyir ki, Azərbaycan qalib gəldi, bu mərhələdə uğurlu və ciddi addım atdı və bundan sonrasına baxmaq lazımdır. Türkiyə də, Ərdoğan da bizi istəmir? Ordakıların da hamısımı bizi satdı? Onlar da Rusiyadanmı qorxurlar? Bunların hamısını ölçüb-biçmək lazımdır. Bəli, cəmiyyət müxtəlif fikirli, rəngarəng olmalıdır. Heç kimin üzərinə getmək lazım deyil. İqtidar nümayəndələri də kimsənin üzərinə getməməlidir ki, Rusiyanın əleyhinə danışmayın, Rusiyanı pisləməyin. Cəmiyyətin Rusiyanı istəməyən böyük təbəqəsi var. Bu müharibədə ən çox uduzan Rusiya oldu. Rusiya Ermənistanı uduzdu. Ermənistanın ictimai-siyasi fikrində, psixologiyasında hər kəs, hər bir erməni qəbul etdi ki, Rusiya satqındır, öz mənafeyi üçün istənilən vaxt onu sata bilər, maraqları təmin olmayanda o dövləti cəzalandıra bilər və s. İndi məğlubiyyətdən dolayı, sülhməramıların yerləşməsindən dolayı bəzi qüvvələr susur. Amma bir neçə aydan sonra orada ruslara qarşı daha ciddi proseslər gedəcək.

Bu müharibə Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi, hətta rus dilində düşünən, rus dilində danışan, övladı rus dilində təhsil alan, hər bir azərbaycanlının evindən Rusiya çıxdı, onun yerinə Türkiyə girdi. Rusiya Azərbaycanı da, Ermənistanı da uduzdu. Biz zamanı gözləməliyik. Xeyrimizə olacaq şeyləri vaxtından əvvəl addım ataraq, əleyhimizə çevirməməliyik.

Zaman indi bizim ziyanımıza işləmir?

Yox, Qətiyyən, heç kim belə düşünməsin. Sentyabrın 27-nə qədər biz Zəngilanda, Qubadlıda, Şuşada Ağdamda, Füzulidə, Cəbrayılda, Talışda, Suqovuşanda yox idik. Bizim qarşımızda hələ onları tikmək, insanlarımızı oraya yerləşdirmək, ondan sonrakı mərhələyə başlamaq kimi bir vəzifə dayanır. Hər şey birdən həll olunmur ki. Hər şeyi birdən həll etmiş olsaydılar, böyük dünya dövlətləri böyük problemləri niyə mərhələ ilə həll edirdilər? Bu mərhələdə udmuş tərəfsən. Dünya sənin qalibiyyətindən danışır, Bizimkilər də burda iki erməninin Hadrut meşəsində əlində silah olmasından qorxur. Dünya Azərbaycan ordusunun zəfərindən danışır. Narahatçılıq, nigarançılıq həmişə olmalıdır. Bu narahatçılıq, bu nigarançılıq bizim tonusumuzu həmişə ayaqda saxlamalıdır. Çünki qonşumuz ermənidir və orda ermənini himayə edən rus yerləşib. Amma daha bundan faciə düzəltmək, yas düzəltmək, ay, qoymayın, dövlət batdı demək lazım deyil. Dövlət indi-indi ayağa durur.

İlham Əliyevə, Azərbaycan iqtidarına müxalifət olmaq üçün mənim çoxsaylı səbəblərim var. Mən bu gün də müxalifətəm, problemlər olduğu müddətdə sabah da müxalifətçiliyim davam edəcək. Pandemiya dövründə insanların dərman problemi, xəstəxana problemi, insanların müalicə almaq imkanlarının olmaması, sabah pandemiya dövründə imkansız, evində ac qalan nə qədər Azərbaycan vətəndaşının olması, hətta evlərdə fərdi qaydada işlə məşğul olan insanların işləyə bilməməsi bu günün müxalifətçiliyidir. Sabahın azad seçkisinin olmaması. Mən bilmirəm ki, sabah Azərbaycan hakimiyyəti, mövcud iqtidar azad seçki keçirməyəcək?! Mən bilmirəm, mövcud hakimiyyət insan haqlarını sabah yenə pozacaq?! Mən bilmirəm, korrupsiya-rüşvətxorluq yenə də davam edəcək?! Bu sahədə müxalifətəm özü də sonuna qədər. Heç bir qəlibiyyət hakimiyyəti günahlarından, cinayətlərindən, digər səhvlərindən və yanlış addımlarından sığortalamır. Qarabağ zəfəri rüşvət və korrupsiyanın, insan haqlarının pozulmasının, qeyri-azad seçkilərin keçirilməsinin, pandemiya dönəmində insanların tibbi və sosial vəziyyətinin ağırlaşmasının, tələbatlarının ödənilməməsinin sığortası deyil! Hakimiyyət də onun arxasında gizlənməsin. Müxalifət olaraq, biz də ona Qarabağ qələbəsinin arxasında gizlənməsinə imkan verməyəcəyik. Qarabağ hamımızın ağrılı yerimizdir. Qarabağ işinə görə Ali Baş Komandandan tutmuş sıravi əsgərə qədər hər kəsə minətdarlığımızı elədik. Onlara minnətdarlıq borcumuzun olduğunu dedik. Bu gün də edirik. Biz bilik göstərdik. Onların da bir müxalifət camiəsinə, fərqli fikir adamlarına bir minnətdarlıq borcu var idi. Çünki milli birliyi sona qədər qorudular. Xalqımızın problemi idi və xalqımızın problemi olduğu üçün də bir yerdə idik .Bu qələbədə Ali Baş komondandan əsgərə qədər hər kəs qazandı. Bu qələbəni kimsə kiçiltməsin. Bu böyük zəfərdir. Lakin böyük zəfərin arxasında heç kim korrupsiya və rüşvətxorluq düşünməsin. Necə ki, Cəlilabadda icra başçısı camaat şəhid olanda, torpaq qoruyanda şəhid ailəsindən rüşvət alırdı. Heç kim düşünməsin ki, Azərbaycan cəmiyyəti də Qarabağda baş verənlərdən, qalibiyyətdən sonra niyə bunlar oldu deyə susub, danışmamalıdır. 

Çörçil ikinci dünya müharibəsini uddu, müharibədən sonra getdi. Şarl De Qoll Avropa Birliyi kimi bir ideyanın əsasını qoydu, xalq qalxdı, meydanlara çıxdı və yola saldı. Helmut Kol Almaniyanı birləşdirdi, amma rüşvət ittihamı ilə getdi. Heç uzağa getməyək. Ter-Petrosiyan bu gün bizim də işğaldan azad etdiyimiz əraziləri işğal edən prezident idi. 1997-ci ildə istefaya göndərildi. Köçəryan və Sarkisyan da əlində silah Azərbaycana qarşı döyüşən hərbi səhra komandiri, bəzən əsgər funksiyasını yerinə yetirən, sonra prezident olmuş adamlar idi. Hər ikisi istefaya getdi. Buna görə də Azərbaycanda bəzən müxalifətçiliyin mahiyyətinin itməsi haqqında düşünən bəzi adamlar Qarabağ məsələsinin üzərindən müxalifətçiliyə gedirlər. Müxalifət olmaq üçün kifayət qədər yer, əsas var və Qarabağ, o torpaqların işğaldan azad olunması digər problemlərin həll olunmamasının qalxanı deyil. Bunu hər kəs-hakimiyyət də, digərləri də bilsin.

Problemlərimiz də var və davam edəcək, Amma Ermənistan-Azərbaycan və xüsusilə Qarabağ məsələsində, işğaldan azad olmuş ərazilərimizlə bağlı məsələlərdə heç kim bədgüman olmasın. Hər gün savaşdır, davadır orada. Müharibə bitməyib və biz də ayaqda olmalıyıq. Masada da ayaqda olmalıyıq. Problemlərimiz çoxdur. Ermənistan nə qədər ki, qonşumuzdur, bitməyəcək də. Biz az qala 70 il “Qardaş olub Hayastan-Azərbaycan” oxumuşuq. 70 ildən sonra yenə də biz müharibəyə getmişik. Bu da fürsəti düşmənə verməmək üçün hər zaman ayaqda olmağımız üçün ən böyük arqumentlərdən biridir.

Verilişin video formatı:

 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz