İqbal Ağazadə: “Tofiq Yaqublunun günahsız olduğuna əminəm”

“Mən heç vaxt Ramiz Mehdiyevin üzünü görməmişəm, kəlmə kəsməmişəm, mənə mandatı o yox, seçicim verib”
Ümid Partiyasının sədri İqbal Ağazadə Azerfreedom internet kanalında Qurban Məmmədovun qonağı olub. Canlı yayımlanan verilişdə iqtidar-müxalifət münasibətlərindən, Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun həbsindən, Ramiz Mehdiyevin nəvəsinə toy etməsindən sonrakı proseslərdən və gündəmdə dayanan bir neçə məsələdən danışılıb.
İ. Ağazadə T. Yaqublunun həbsindən danışarkən hakimiyyətə səslənib: “Təəssüf ki, Tofiq Yaqublu ölüm aclığına başlayıb. Mən hakimiyyətə səslənirəm, dayandırın bunu. Heç kim bu cür addımlarla barış, dialoq yarada bilməz. Cəmiyyət də məhkəmənin qərarına inanmır. Mən də Tofiq Yaqublunun günahsız olduğuna əminəm”.
Ramiz Mehdiyevlə bağlı verilən suallara İ. Ağazadə belə cavab verib: “Ramiz Mehdiyevin 30 ildə xalqa xeyri dəyməyib. Mənim deputat olmağımda onun heç bir rolu olmayıb. Mən seçicilərimin səsi ilə deputat seçilmişəm. Heç kim deyə bilməz ki, deputat olduğum 15 ildə bir-birinə zidd çıxış etmişəm. Digər tərəfdən, Ramiz Mehdiyevin heç vaxt üzünü görməmişəm, amma illərdir ki, onun yazdığı bütün yazılara mətbuatda cavab vermişəm. Bu gün o, vəzifədə deyil, mənim üçün maraqlı deyil. Mən vəzifəsini doğru yerinə yetirməyən insanların vəzifəsinə müxalifəm, özlərinə yox”.
Partiya sədri onu da bildirib ki, Ramiz Mehdiyev və toy hadisələrindən öncə cəmiyyət Qarabağ məsələsini, Türkiyə ilə Azərbaycanın hərbi ittifaqını, Zahir Həsənovla Nəcməddin Sadıqovun həbsini, istefasını danışırdısa, bu gün bunlar sanki unutduruldu. Buna görə də biz Ümid Partiyası olaraq cəmiyyətə, dövlətə heç bir xeyir verməyəcək bu kimi hadisələrin müzakirə olunmasının, gündəmi zəbt etməsinin tərəfdarı deyilik. Hər bir xalq öz taleyini özü yazmalı və yaşamalıdır. Xalqın taleyini hansısa gündəm məsələsi ilə dəyişməyin axırı yaxşı olmayacaq.
Sözügedən verilişi təqdim edirik:
Ümid Partiyasının Mətbuat Xidməti
Şərh yaz