İqbal Ağazadə: “Cənubi Qafqaza sülh birdəfəlik gəlməlidir”

 Ümid Partiyasının sədri İqbal Ağazadə “Azad söz” kanalının qonağı olub. İ.Ağazadə gündəmlə bağlı bir sıra məsələlərə münasibət bildirib. 

Partiya sədri Rusiya helikopterinin vurulması ilə bağlı deyib: “Mən də  Rusiya helikopterinin sərhəddə vurulmasına təəssüflənirəm. Ermənistan və Azərbaycan arasında gərgin münasibətlərin olduğu, müharibə getdiyi vaxtda, Rusiya təyyarəsinin bu qədər alçaqdan uçması, öncədən xəbərdarlıq etməməsi Azərbaycan sərhəddiçlərinə fərqli nəticə çıxarmağa və atəş açmağa sövq edən addımlar sırasındadır. Azərbaycan Xarici İşlər Nazirliyi yanlışlığa görə üzr istəyib, kompensasiya ödəməyə hazır olduğunu bildirib. Amma fərqli yanaşmalar da var. Türkiyə mətbuatı helikopterin ermənilər tərəfindən vurulduğunu iddia edib. Ümumilikdə hesab edirəm ki, bu məsələ Rusiya ilə Azərbaycan arasında savaşın çıxması və hansısa gərginləşmiş münasibətlərə gətirib çıxarmayacaq”.

Partiya sədri rus helikopterinin vurulmasında təxribat amili olub-olmaması barədə bildirib ki, bunu Azərbaycan tərəfi dəyərləndirəcək. Gerçəyi daxili istintaq göstərəcək, bunları ortaya qoyacaq. Heç nə istisna deyil. Kimlərsə daha ciddi addımlar atmaq istəyər. Məsələ araşdırılmalı və həqiqət ortaya çıxarılmalıdır. Hesab edirəm ki, bu, bir təsadüfdür – deyə, İ.Ağazadə bildirib.

Daha sonra partiya sədri bunları deyib: “Rusiya təbii ki, regiondan çıxmaq istəməz.  Krımla bağlı Türkiyənin cəsarətli mövqeyi Rusiyanın Cənubi Qafqazda dayaqlarının elə də möhkəm olmadığını göstərdi. Rusiya bu məsələlərdə ehtiyatla davranır. Açıq müharibəyə qatılacağına inanmıram”.

Partiya sədri xüsusi vurğulayıb ki, Azərbaycan tərəfi rus sülhməramlılarının gəlişi ilə razılaşmamalıdır: “Onu qeyd edim ki, ikinci Qarabağ müharibəsi başlayana qədər birlikdə yaşamağın şərtlərini müzakirə etmək mümkün idi. Ancaq bu gün birlikdə yaşamağın mümkünsüz olduğunu görürürk. Bunu isə erməni tərəfi belə vəziyyətə gətirib çıxarıb. Sülhməramlılara gəlincə, Azərbaycan bu məsələ ilə razılaşmamalıdır. Cənubi Qafqazda sülh birdəfəlik olmalıdır”.

Verilişin tam hissəsini təqdim edirik: 

 

Ümid Pariyasının Mətbuat Xidməti

Şərh yaz