İqbal Ağazadə 20 Yanvar faciəsiylə əlaqədar Azərbaycan xalqına başsağlığı verdi

Ümid Partiyasının sədri İqbal Ağazadə öz sosial media hesabından 20 Yanvar faciəsiylə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Başsağlığını izləyicilərə təqdim edirik:
Tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 32 il keçir.
Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün xalqımıza qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qaldı. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.
Bu gün ŞƏHİDLƏR XİYABANInda vətənimizin övladları uyuyur. O övladlar ki, sayələrində başımızın üstündə üçrəngli bayrağımız dalğalanır, o övladlar ki, sayələrində 18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşdu.
İllərdir, ölkəmiz çətin sınaqlardan keçir. Təəssüflər olsun ki, Azərbaycan dövləti, xalqımız mənfur qonşularımız – Rusiya, Ermənistan tərəfindən törədilən təcavüzlərin izlərini hələ də daşıyır.
Bütün bunlarla yanaşı öz hökümətimiz Azərbaycan insanının haqq və hüquqlarını layiqincə müdafiə etmir.
Diləyirik ki, tezliklə Azərbaycan insanı öz yaşamaq hüququndan istifadə edə bilsin.
Diləyirik ki, bizim bu gün müstəqil, sovetin köləliyindən azad olmuş bir ölkədə yaşamağımızın böyük səbəbkarları olan ŞƏHİDlərimizin qanı yerdə qalmasın, yüksək mərtəbəyə çatdıqları yerdə rahat uyusunlar. Bu ölkə, bu ölkənin insanları gün gələcək sözün əsl mənasında müstəqilliyin, azadlığın nə demək olduğunu dadaraq, yaşayacaq.
Vətənin azadlığı uğrunda fədakarcasına canından keçmiş bütün şəhidlərimizə Allah rəhmət etsin deyir, yaxınlarına baş sağlığı diləyirik…
ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN SAĞ OLSUN…
ŞƏHİDlərimizə qürur və ehtiramla
Şərh yaz