İqbal Ağazadə: “Əziz qəhrəmanlarımız, qəlbimizdə hamınızın heykəli var, kimsə o heykəli yıxa bilməz!”

“Mən bu müharibədə bir azərbaycanlı olaraq hər kəsi- bütöv Azərbaycan xalqını, müharibədə iştirak edəndən şəhid olana qədər hər birini qəhrəman hesab edirəm. Çünki hər birinin taleyinə şəhidlik, qazilik yazıla bilərdi, hər biri də bu müharibədə bir addım belə geriyə atmayıblar, sona qədər də hamısı bütün gücünü və bütün imkanlarını səfərbər ediblər. Demək ki, hamının bu müharibədə qələbənin əldə olunmasında kifayət qədər zəhməti var. Amma xüsusi fərqləndirilənlər sizdən və məndən asılı deyil.”

Bu sözləri 24 dekabr 2020-ci il Qarabağ qazisi, Ümid Partiyasının sədri İqbal Ağazadə Zaur Qəriboğlunun təqdimatında Reaksiya Tv-nin efirində canlı yayında qonaq olarkən deyib.

Partiya sədri bildirib ki, adları çıxmayanlar, adları təltif olunanlar sırasında olmayanlar, orden və medallarla xüsusi fərqləndirilməyənlər, əlinizi ürəyinizin üstünə qoyun, rahatlıqla düşünün ki, sizin hamınız bu xalqın gözündə VƏTƏN QƏHRƏMANlarısınız, siz hamınız bu xalqın gözündə vətənini çox sevən ən ləyaqətli övladlarsınız. Sizin valideynləriniz sizi tərbiyə edərkən Azərbaycanın ən gözəl, ən layiqli, ən fədakar övladlarını tərbiyə ediblər. Onların hamısının valideynlərinin qarşısında baş əyirik. Onların hamısının qəlbimizdə bir heykəli var və o heykəlləri kimsə yıxa bilməz. Adınız olsa da, olmasa da bizim qəlbimizdə hamınız qəhrəmansınız.

Bir daha deyirəm, fərqləndirilmək, nominal olan bir şeydir. Torpağı işğaldan azad olunmuş bir xalqın övladı olmağın özü belə böyük xoşbəxtlikdir. Siz isə ikiqat xoşbəxtsiniz. Çünki siz bu yolda zəhmət çəkmisiniz, o torpaqların hər qarışını soyuqda, istidə, yağışda tapdayaraq keçmisiniz. Hər bir şəhidimizin qanı axıb orada, onlar öz qanları ilə o torpaqları suvarıb. Məşhur bir şeirdə deyildiyi kimi:

“Bayrakları bayrak yapan üstündeki kandır;

Toprak, eğer uğrunda ölen varsa vatandır.”

Bizdən 27 il ayrı düşmüş torpaq, Qarabağ  şəhidlərin hər damla axan qanıyla, sizlərin alın təri ilə yenidən vətənləşdi. Ona görə də heykəlləriniz hər birimizin qəlbində qurulub. Adı olmayanların adı da içimizə əbədi həkk olunub. Kimsə bundan narahat olmasın. Yetər ki, kimsə bilsin ki, siz o torpaqlar uğrundakı savaşda əlinizə silah alıb orada olmusunuz. 

 

Şərh yaz