İqbal Ağazadədən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə VİDEO TƏBRİK

Ümid Partiyasının sədri İqbal Ağazadə 1 iyun  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik etdi:

İlk növbədə Beynəlxalq Uşaq hüquqlarının Müdafiəsi Günü münasibətilə bütün insanlığı xilas edəcək, insanlığa sahib çıxacaq uşaqları, bəşər övladının hamısını təbrik edirəm. Çox istərdim ki, dinindən, dilindən, məzhəbindən, irqindən asılı olmayaraq, hər bir uşaq xoşbəxt, azad, firəvan, sülh içində böyüsün.

Heç bir uşaq aclıqdan, yoxsulluqdan, imkansızlıqdan, müharibədən, savaşdan əziyyət çəkməsin. Amma təəssüflər olsun ki, dünyamız biz istədiyimiz səviyyədə deyil. Dünyamızın hər köşəsində uşaq ağlayır, dünya adlı evimizin hər köşəsində ac-yalavac, yoxsul, qaçqın, didərgin uşaqlar var.

Təəssüflər olsun ki, bizim də ölkəmizin taleyinə bu acılardan az yazılmayıb. Bizim də bu gün torpaqlarının böyük bir hissəsini görməyən xeyli sayda uşaqlarımız var. Onlar valideynlərindən, yaxınlarından, doğmalarından hər gün öz ata-baba yurdlarının adlarını eşitsələr də, təəssüf ki, oranın necə yurd olduğunu, o hissin nə olduğunu hələ də anlamırlar, hələlik görməyiblər, duymayıblar və özlərini bir az yurdsuz, vətənsiz, evsiz-eşiksiz hiss edirlər. Yaşadıqları hər yer onlar üçün kirayə evi, müvəqqəti sığınacağı xatırladır, hətta onlara nə qədər yaxşı şərait yaradılsa, nə qədər xoş gün-güzəran keçsə belə, valideynlərinin içindən gələn o nisgil hökmən onların da həyatına təsir edir.

O müharibə uşaqlarının çoxu böyüdü, amma yaddaşlarında elə bir izlər qaldı ki, hökmən o psixoloji travmalar onların övladlarına da sirayət etdi.

Çox istərdik ki, vətənimizin ərazisini işğaldan azad edək və övladlarımız, uşaqlarımız, balalarımız gələcəkdə bir daha müharibə görməsinlər. Həm də torpaqlarımızı ona görə azad etməliyik ki, müharibəni o uşaqlara buraxmayaq. Çünki işğaldan azad olunmayan torpaqlarımız varsa, müharibə qaçılmazdır. Müharibə mütləq olacaq, çünki Ermənistan sülh yolu ilə torpaqlarımızı qaytarmaq istəmir, biz də torpaqlarımızı kimsəyə güzəştə gedən deyilik. Ona görə də bu gün bizim üzərimizə düşənləri həll etməliyik ki, gələcəkdə övladlar, fidanlar o müharibənin nə olduğunu hiss etməsinlər.

Çox istərdim ki, Azərbaycanda uşaqlara təkcə valideynlər atalıq, babalıq etməsinlər, dövlət uşaqlara babalıq etsin. Hər bir uşaq, hətta hər bir valideyn düşünmədən, qorxmadan, çəkinmədən onun övladlarının Dövlət adlı bir babasının olduğunu düşünsün. Maddi vəziyyətinin yaxşı və ya pis olmağından asılı olmayaraq, hər bir uşağın özünün büdcəsi olsun, o büdcəni dövlət ayırsın. 18 yaşına çatan hər bir uşağa o yaşa qədər dövlət mütləq vəsait ayırsın və mütləq o uşaqlar doğulandan bu vəsaitlə böyüyüb bu dövlətin babalığını görsünlər.

Onlara elə bir dövlət ərməğan edək ki, elə bir sistem, elə bir idarəetmə metodu bəxş edək ki, onlar bizim çəkdiklərimizi və bizim düşündüklərimizi heç zaman ağıllarına belə gətirməsinlər.

Mən istəmirəm övladlarımızın sədası müharibə meydanlarındakı qəhrəmanlıqlardan, savaşlardan, döyüşlərdən gəlsin. İstəyirəm ki, övladlarımızı Nobel mükafatı laureatları kimi, dünyanın ən yeni texnologiyalarını mənimsəyən  və dünyaya yeni texnologiyalar təqdim edən, sağalmayan xəstəlikləri müalicə edən tibbi preparatları kəşf edən insanlar kimi tərbiyə edək, böyüdək. Bunun üçün əlimzdən gələn hər şeyi edəcəyik!

Peyğəmbər Rəsuli-Əkrəmin gözəl bir sözü var. Deyir ki, uşaq qoxusu cənnət qoxusudur. Heç birinizin evinizdən cənnət qoxusu əskik olmasın. Uşaqları təbrik edirəm!

 

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009