İqbal Ağazadə: “Siyasətçilər və maraqları, hakimiyyətlərin mahiyyəti Rusiyanın regiondan çıxmasına imkan vermir”

Ümid Partiyasının sədri İqbal Ağazadə Yeni Avazın “Günün ekranı” verilişinin qonağı olub, verilişdə Rusiyada, dünyada və ölkəmizdə baş verən proseslərlə bağlı sualları cavablandırıb. Umidparty.org həmin verilişin mətnini ixtisarla oxuculara təqdim edir:

İqbal bəy, sizi burada görməyə çox şadam. Siz verdiyiniz proqnozlar yüz faiz də olmasa 97% düz çıxır. Əslində strateji baxanda elə 3%-in özü də düz çıxır, amma bir az gec yerini tutur. Siz proqramlarımızın birində demişdiniz ki, Rusiyada vəziyyət elə dəyişəcək ki, Azərbaycanda biz düşündüyümüz problemlər kölgədə qalacaq. Həqiqətən də Rusiyada problem lazımı istiqamətdə inkişaf edərsə, həqiqətən də problemlərimiz asanlıqla həll ola bilər. Bu gün Rusiyada çox qəribə bir məqamdır ki, sizin proqnozlarınıza uyğun olaraq, maraqlı hadisələr cərəyan edir. Əslində Navalnı çox böyük cəsarət göstərir. Dünya tarixində belə cəsarətli adamlar çox azdır. O, təkcə həbsini yox, ölümünü də gözə alıb. Bununla da Putin çıxılmaz vəziyyətə düşüb, ya Navalnını məhv etməlidir, öldürməlidir, ya da Rusiyada vəziyyət çox ağır olacaq. Bütün bu baş verən proseslər bizim xeyrimizədirmi və sonda nə ola bilər?

Rusiyada demokratikləşməyə doğru baş verən proseslər ümumilikdə bütün postsovet ölkələrinin xeyrinədir. Çünki postsovet məkanında demokratikləşməyə və inkişafa mane olan birinci şərt təbii ki, Rusiyadır. Rusiya çalışır ki, postsovet ölkələrindən demokratiya öz ölkəsinə keçməsin. Demokratiya içəri keçərsə, Rusiyanın dağılma prosesi başlayacaq. Ona görə yox ki, demokratiya bu qədər qorxuludur və dağıdıcı prosesdir. Yox, ona görə ki, sadəcə Rusiya xalqlar həbsxanasıdır və demokratiyanın daxilə keçməməsi üçün postsovet ölkələrindən bufer zona kimi istifadə etməyə çalışır.  Rusiya xalqlar həbsxanası olduğuna görə, demokratiyanın azacıq işartısı olanda və hakimiyyətdən mərkəzdənqaçmalar baş verəndə, xalqlar öz azadlıqlarını istəyir. Biz bunun timsalında Çeçenistanın azadlıq mübarizəsini görmüşük, Osetiyanı, İnquşetiyanı, Tatarıstan və Başqırdıstandakı dəyişmələri və sairəni görmüşük. Sonralar mərkəzləşmə formasında idarə olunan Putin hakimiyyəti bütün bunların hamısını bu və ya digər formada – ya qan yolu ilə, ya şirnikləndirmə, ya milli adamları hakimiyyətdən uzalaşdırmaqla, ya da iqtisadi və digər təzyiqlərlə, konstitutsiyaya əlavə olunan dəyişikliklərlə mərkəzə tabe etdirməyi bacardı.

Sibirin özündə də xalqlar öz qubernatorluğu uğrunda, öz bayraqları ilə mübarizə aparır. Ümumiyyətlə, imperializmin xüsusiyyətləri budur. Bu tale onları gözləyir. Bu tale İranı da, Rusiyanı da gözləyir. Hətta adını çəkmədiyim demokratik ölkələrin özü də zaman gələcək, əlli ilmi, yüz ilmi keçəcək, xalqlara və yaxud ayrı-ayrı etnik qruplara parçalanacaq.

Rusiyada bu proses təbiidir və bu bizim çox xeyrimizədir. Amma proses təkcə Rusiyada getməməlidir, proses Ukraynada, Belarusiyada getməlidir, Gürcüstanda yeni mərhələyə qədəm qoymalıdır – Ermənistanda, Azərbaycanda, Orta Asiyada getməlidir.

Hamı gözləmə mövqeyindədir. Sanki bir loto oyunudur. Hamı son rəqəmin çıxmasını gözləyir. Lakin son rəqəmin çıxmasını gözləməklə yanaşı bir az da hərəkət etmək lazımdır. Ukraynada artıq bu proseslər gedir, hərəkətlənmə var. İstər Şərqi Ukrayna məsələsində, istər Krım məsələsində beynəlxalq təzyiqlərin artırılması, istər rus dilinin qadağan olunması, insanların anti-Rusiya mövqeyinə hazırlanması, o cümlədən Belarusiya yaza doğru –  havalar bir az isinən kimi, şaxtanın buzu sınan kimi  proseslərə başlayacaq. Orada da proseslər gedəcək. Ermənistan da fərqli mövqe qoyacaq ortaya.

Əslində, Ermənistan ilk dəfə olaraq həqiqətləri dərk etdi ki, Rusiya onun müttəfiqi ola bilməz. Rusiya heç Qarabağın da ona verilməsində xristian təəssübkeşliyinə, Ermənistan Rusiya ilə KTM-in üzvü olmasına görə və s. ona yardım etməyəcək. O hakimiyyətlər Rusiyanın yanında olacaqmı, onun mövqeyini müdafiə edəcəkmi sualına doğru cavab veriləndə, o zaman Rusiya öz mövqeyini qoyur. Paşinyan hakimiyyəti maraqlarını gözləmədiyi üçün Rusiya bu məsələdə geri durdu. Necə ki, 1992-ci ilin iyun ayının 12-də Azərbaycan ordusu hücuma keçəndə Petrosyan Paşinyanın eyni mövqeyini ortalığa qoymuşdu. Lakin Petrosyan Azərbaycan Ordusunun Ağdərə ətrafında apardığı uğurlu əməliyyatlardan dərhal sonra, iyun ayının 13-də Moskvaya getdi. Onda bilirsiniz ki, Rusiya qoşunları hələ Ermənistanda yerləşməmişdi. Bu səfərdən sonra avqust ayının 21-də rus qoşunlarının Gümrüdə yerləşməsilə bağlı birillik saziş bağlandı.

Ordu orada idi, İqbal bəy.

Doğrudur, ordu orada idi. Azərbaycandan da may ayının 25-də çıxdı. Ordunun statusu yox idi. Sovet dövründən qalmış ordu idi. Status verdi birillik. Qayıdıb gəldi və Azərbaycana yavaş-yavaş təzyiqlər artdı. Həm hərbi müxalifət, həm siyasi müxalifət ortalığa çıxdı. 1993-cü il yanvar ayının  12-də Ter-Petrosyan Moskvaya ikinci səfərini etdi. Artıq imzalanan müqavilə 1995-ci ilə qədər nəzərdə tutuldu və Azərbaycanda ondan sonra hakimiyyət də dəyişdi, Kəlbəcər də işğal olundu. Sonrakı mərhələdə daha 7 rayon da işğal edildi və Rusiya tamamilə Ermənistanın yanında oldu.

İqbal bəy, biz Qarabağ mövzusuna gəlmişkən Rusiyanı da müzakirə edək. Ermənilər həqiqətənmi Rusiyanın regiondan çıxmasını istəyir?

Rusiyanın regiondan çıxmasını uzun müddətdir ki, xalqlar dartışır – Gürcü xalqı, Ermənistan xalqı, Azərbaycan xalqı. Siyasətçilər və maraqları, hakimiyyətlərin mahiyyəti Rusiyanın regiondan çıxmasına imkan vermir. Əgər Gürcüstanda Saakaşvili dövründə gedən proseslər hər üç respublikada getsə idi, təbii ki, indi Rusiya regionda yox idi və biz konfliktləri həll etmişdik.

Mən 2006-cı ildə Harvard  Universitetində çıxışım zamanı yeni bir ideya təklif etmişdim. Saakaşvili də orada idi, Gürcüstanın xarici işlər naziri də. Cənubi Qafqaz Birliyi – Avropa Birliyinin mini modelini və bunun üçün İctimai Parlament yaradılmasını təklif etmişdim. Əvvəlcə, 45 nəfərlik bir İctimai Parlament yaradılır. O parlamentdə bizi ayıran yox, birləşdirən məsələlər müzakirələrə çıxarılır. Biz dünyaya Avropa Birliyinin Cənubi Qafqaz modelini təqdim edirik. Düzdür, bizə qədər Qafqaz Evi ideyası olmuşdu, amma Qafqaz Evi ideyası parlamentarizm ənənəsinə söykənir, amma onu idarə etmək, oradan etnik-milli konfliktləri çıxarmaq çox rahatdır. Çünki, parlamentarizm elədir ki, etnik-milli qurumların hamısı orada təmsil olunur və sonra hər kəs başlayır müstəqillik uğrunda mübarizə aparmağa. Ərazi bütövlüyü təhlükədə qalır. Lakin Cənubi Qafqaz ideyasındakı birlik  tanınmış sərhədlər çərçivəsində 3 Cənubi Qafqaz ölkəsində gedir. Bu söhbətlər uzun müddət davam etdi. Hətta parlamentin tərkibinə qədər irəliləyişlər oldu. Çox təəssüflər olsun ki, Avropa Birliyi sonda donor təşkilatçılıqdan imtina etdi. Biz onu bəlli bir yerə qədər gətirmişdik, Ermənistanda kifayət qədər qüvvələrlə görüşülmüşdü.

Dünya İqtisadi forumunda mən də iştirak edirdim. Gürcüstandan kifayət qədər nümayəndələr iştirak edirdi. Hətta bir dəfə Avropa Birliyinin sədrinin iştirakı ilə biz 4 saatlıq uzun-uzadı danışıqlar aparmışdıq.

Amma biz xalq olaraq buna hazır deyildik. Ola bilsin ki, siz siyasi olaraq buna hazır idiniz.

Əslində biz təqdim etməliyik. Mən onda gördüm ki, xalqlar-erməni xalqının özü də çox rahatca bu proseslərə hazırdır. Konfliktsiz bölgədə yaşamaq istəyirlər. Mən orada rahatca ifadə etdim ki, biz demoqrafik üstünlüklərimizi sizin üzərinizdə tətbiq etmirik. Gürcü və erməni xalqından demoqrafik üstünlüklərimiz 2 dəfə çoxdur. Üstəlik, biz sürətlə artan, siz isə azalan tərəfsiniz. Müharibə başlayanda Ermənistanda 3.5 milyon əhali yaşayırdı. Hazırda 2.8 milyondur. 700 min azalıb.

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

 

 

 

Şərh yaz