İnsanlar həqiqətin yanında yer almağı bacarmalıdırlar – İqbal Ağazadə (VİDEO)

UMID MEDIA-nın “Sual-cavab” rubrikasında “Otuz il sonra Azərbaycanın gələcəyini necə görürsünüz?” sualına Ümid Partiyasının sədri İqbal Ağazadə cavab verib. umidparty.org həmin cavabı izləyicilərə təqdim edir:

Bir gün bir kufəli minir erkək dəvəsinə, gəlir Şama. O zaman Kufə Həzrəti Əlinin idarəçiliyində, Şam isə Müaviyənin idarəçiliyində idi. Bu kufəli Şama girəndə bir şamlı yapışır bunun dəvəsinin noxtasından deyir ki, bu dişi dəvə mənim dəvəmdir və sən bunu oğurlamısan. Kufəli gülür və deyir ki. sən görmürsənmi bu dəvə erkək dəvədir?

Şamlı deyir, yox, bu dəvə dişidir, özü də mənim dəvəmdir. Mübahisə böyüyür, o dövrün həll yollarına uyğun olaraq, Müaviyəyə şikayət gedib çatır, insanlar meydana toplaşır, şikayəti dinləyirlər. Kufəli deyir ki, bu adam mənim erkək dəvəmə dişi deyir və dəvənin onun olduğunu iddia edir. Müaviyə kufəlidən soruşur ki, sən deyirsən bu dişi dəvə sənindir şamlının deyil? Kufəli deyir, axı, bu erkək dəvədir. Müaviyə meydanda toplaşan kütləyə müraciət edir və soruşur: “Bu dəvə erkəkdir, ya dişi?” Hamı deyir ki, dəvə dişidir.

Kufəli çaşıb qalır və dırnaqarası ədalət şamlının xeyrinə təcəlli edir. Dəvəni kufəlidən alıb verirlər şamlıya. Hamı dağılıb gedəndən sonra Müaviyə kufəlini yanına çağırıb deyir ki, mən də bilirəm o dəvə erkək dəvədir, amma biz Həzrəti Əliylə müharibə aparırıq. Sən get, Həzrəti Əliyə de ki, Müaviyənin erkək dəvəyə dişi deyən onminlərlə insanı var., mübarizəsini buna uyğun qursun.

Sual verdiniz ki, 30 il sonra Azərbaycan necə görünəcək. əgər cəhalət hökm sürəcəksə, iqtidarın yanlışlarına doğru deyən Azərbaycan vətəndaşlarının sayı bu qədər çox olacaqsa, ölkədə baş verən neqativləri söyləməyə cəsarət etməyən bu qədər elm, sənət adamları ortada olacaqsa, 10 il, 30 il sonra da vəziyyətimiz dəyişməyəcək. Mən hakimiyyətlər dəyişməyəcək demədim, vəziyyətimiz dəyişməyəcək dedim. Hakimiyyət dəyişə bilər, amma bizim vəziyyətimizin dəyişməsinin hakimiyyətin dəyişməsi şərtləndirməyəcək. Bizim vəziyyətimizi düşüncəmizin, məfkurəmizin, təfəkkürümüzün dəyişməsi şərtləndirəcək, gələcəyimizi o müəyyən edəcək. Çox təəssüf ki, biz hələlik bu yöndə, bu istiqamətdə çox az çaba sərf edən insanlarıq.

Böyük əksəriyyət hakimiyyətin yanında yer almağa çalışır. Aşırı asi düşən, narazı olan da müxalifətin yanında yer almaq istəyir. Həqiqətin yanında yer almaq istəyən çox az adam var. İnsanlar həqiqətin yanında yer almağı bacarmalıdırlar, xüsusən ziyalı dediyimiz insanlar. Mənim o kateqoriyaya fərqli münasibətim var, amma bizdən asılı olmayaraq cəmiyyətin bu bölgüsü var. O həqiqətin kimin deməyinin heç bir əhəmiyyəti yoxdur. Mövqelərini həqiqətlə müəyyən edən çox az adam var. Azərbaycanda böyük əksəriyyət ziyalımız siyasətə qarışmır kimi görünürlər və o, sanki, onların sığortasıdır. “Biz siyasətə qarışmırıq, bizim siyasətə münasibətimiz yoxdur” deyirlər. Əslində, siyasətə deyil, insanlar cəmiyyətin gələcəyinə münasibətdə susurlar. Yeri gəlmişkən deyim, məsələn, baxmayaraq ki, ictimai-siyasi statusu var, tanınmış vəkildir, Aslan İsmayılov son dövrlərin ən yaxşı blogeri kimi çalışır ki, həqiqətləri, doğruları desin. O, mənim kimi siyasi institut, siyasi maraqları olan adam deyil ki, hər şeyə siyasi maraqları çərçivəsindən baxsın, amma doğrularıın pəncərəsindən baxa bilir. Mən də səhv edəndə deyir, hakimiyyət də səhv edəndə. Dedikləri cəmiyyətin bir dəfə bir kəsiminin xoşuna gəlmir, bir dəfə başqasının, amma, əslində, cəmiyyət buna alışmalıdır.

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009