İlahə Sadıqova: “Kimsə bizə demokratiyanı qızıl teştdə verməyəcək”

“Siyasi statuslar” rubrikasında Ümid Partiyasının sədr müavini İlahə Sadıqovanın Facebook səhifəsindəki paylaşımını təqdim edirik:

Bu dəqiqələrdə dünyanın gözü Rusiyadadır. Səbəb, bir müddət əvvəl zəhərlənərək 4 aydır Almaniyada müalicə alan, barəsində cinayət işi açılmasına baxmayaraq ölkəsinə geri qayıdan Aleksey Navalnıyın aeroportda enər-enməz həbs olunmasıdır. Navalnıyın təyyarəsinin Moskvanın Vnukovo aeroportuna eniş edəcəyi deyilsə də, rus polisi təyyarəni Şeremetyevoda eniş etməyə məcbur edib. Beləcə, tərəfdarlarından qaçırmaqla, rahat şəkildə həbsini həyata keçirib, eyni zamanda tərəfdaşlarından 50-yə yaxın insanı da həbs edib.  

Təbii ki, bu cür davranış diktatorlara xas davranışdır. Bu heç kimi təəccübləndirmir. 

Bu gün Navalnıy dünyanın ən avtoritar ölkələrinin birindəki sistemlə təkbaşına savaşır. Xalq bu adamın arxasınca gedəcəkmi, bu başqa məsələdir. Faktiki olan göz önündədir. Bu həbs əslində bu tip sistemlə təkbaşına savaşmağın çətin olduğunu göstərsə də, bu məsələdə prinsipiallığın, fədakarlığın, cəsarətin olmasının da vacib elementlər olduğunu göstərdi. Artıq Rusiyada fərqli proseslərin getdiyini daha aydın görmək olur. İqtidar oyun qurmur, oyuna gəlir. (Burada oyunu quraların daxildən və ya xaricdən olanların olduğu müzakirə mövzusu ola bilər) Avtoritar sistemlərdə bəzən belə kazuslar yaşanır və onların da nəticəsi sistemlər üçün qaçılmaz olur. Çünki nəticəsi hesablanmamış bir proses başlanır. 

Rusiya tipli ölkələrdə – “derjava”da, sistem asanlıqla dəyişməz, tezliklə də sistemin dəyişməyini gözləmək də hələ tezdir, lakin hər zaman Rusiyanın heç bir xarici faktorla deyil də, içdən dağılacağı fikri öz yerini tapır. Təbii ki, bu dəyişikliklərin bizə də təsiri olacaq. Mütləq olacaq! Azad, demokratik cəmiyyət quruculağında ən vacib stimulyatorlardan biri olacaq. 

Amerikada demokratların, Co Baydenin bu dönəmdə hakimiyyətə gəlməsi, son illərdə respublikaçıların, daha doğrusu Trampın hakimiyyətdə olması ilə antidemokratik ölkələrin “çiçəklənməsi” prosesinin önünə keçəcək.

Artıq dünya siyasəti fərqli axardadır. Biz də bu axında öz yerimizi sağlama almalıyıq. Azad və demokratik cəmiyyət quruculuğundakı işləri doğru dəyərləndirməliyik. Söz və ifadə azadlığı, demokratik seçki institutlarımızı müsbətə doğru inkişaf etdirməliyik. Lakin bir şeyi unutmamalıyıq. Kimsə bizə demokratiyanı qızıl teştdə verməyəcək, biz özümüz onu qazanmalıyıq. Əvvəlcə şüurumuzda, sonra də cəmiyyətdə. Siyasiləşmiş toplumun qarşısını heç kim ala bilməz. Özümüzə ÜMİDlə…

İlahə Sadıqova 

Ümid Partiyasının sədr müavini

 

 

 

 

Şərh yaz