İlahə Sadıqova: “Pandemiya dönəmində qadın zorakılığı artıb”

41

“Hazırda ölkədə və dünyada həssas dönəmdir, pandemiya dövrünün təsiri, ölkələrin bir-birinə qarşı xoş olmayan münasibətləri, mitinqlər, müharibələr. Bütün bu məsələlərin fonunda qadın azadlığı, qadın hüquqları harada dayanır? Qoruna bilirmi?” – sualına Ümid Partiyasının ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə sədr müavini İlahə Sadıqova belə cavab verib:

“Pandemiya bütün dövlətlərdə olduğu kimi bizdə də problemli olan sahələrin daha da gərginləşməsinə səbəb olub. Siyasi-iqtisadi və digər sahələr kimi insan haqları, bu fonda qadın haqları da lazımi diqqətdən kənardadır.
Deyə bilmərəm ki, ölkədə məxsusi qadın haqları tapdanır və diqqətdən kənar saxlanılır. Bizim tip ölkələrdə problemlər o qədər genişmiqyaslıdır ki, bunu konkret sahəyə yönəltmək olmur”.

İ.Sadıqova əlavə edib ki, dünya üçün həssas bir dönəmdə Azərbaycanda yenə də siyasi həbslər davam edir: “İnsanların haqları tapdanır, sosial siyasət ürəkaçan durumda deyil. Son zamanlar Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun da şərlənərək həbs olunması, bu hadisəyə beynəlxalq hüquq təşkilatlarının reaksiyası ölkədəki vəziyyətin hansı həddə olduğunu göstərir. Yeri gəlmişkən qeyd edim ki, Tofiq bəyə qarşı olan bu haqsızlığa tezliklə son verilməsini mən də öz növbəmdə tələb edirəm”.

Partiya funksioneri daha sonra əlavə edib ki, bütün bunların fonunda qadın haqlarına xüsusi diqqətin olacağını gözləmək sadəlövhlük olar: “Əksinə, pandemiya dönəmi qadınlarımıza qarşı zorakılıq faktlarının, ailədaxili şiddətin artmasına səbəb olub. İnsanların psixoloji durumunda yaranan gərginlik münasibətlər sisteminə də təsirsiz ötüşməyib. Aylarla qapalı şəraitdə, təcrid olunmuş vəziyyətdə yaşamaq, maddi sıxıntılar, sosial təminatın aşağı düşməsi bütün bunlara səbəb olub. Onsuz da yetərincə diqqət ayrılmayan qadın haqları məsələsi bütün bunların fonunda daha da ağırlaşıb”.

Daha sonra bu ağır dönəmdən çıxış yolu kimi İ.Sadıqova bildirib ki, bu sahə üzrə qanunvericiliyin yenidən işlənməsi, qadınların məşğulluğunun artırılması, uşaq pullarının verilməsi vacib məsələlərdir: “Xüsusilə bölgələrdə şiddət faktorlarının çox olduğunu nəzərə alsaq, regionlarda müxtəlif proqramların həyata keçirilməsi, bu işə siyasi institutları, vətəndaş cəmiyyətini, qadın haqlarının qorunması ilə bağlı fəaliyyət göstərən təşkilatların cəlb olunması da olduqca zəruridir”.

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz