Həmrəy Azərbaycanlılar, 31 dekabr, 27 sentyabr – GÜNEL İBADOVA

Məzlumluq hissi ilk zəfərə qədərdir. İnsan bir dəfə qalib gələndə, qorxusunu yenir və bundan sonra özünə yeni həyat tərzi, yeni ömür yolu cızır. Özünə daha yaxşı olanı rəva bilir, onunla daha hörmətlə davranılmağını tələb edir, qəhrəmanlığının dəyəri biçilməz şəninə yaraşan davranış tələb edir. 

Biz 200 il zəfər hissinin tamını bilmədik. Biz məğlub olmağa vərdiş elədik. Biz iki miqyasca bizdən dəfələrlə böyük dövlətin arasında sağ qalmaq üçün savaşdıq, dilimizi, adətlərimizi qorumaq üçün vuruşduq. Gah şimal qonşunun cırmağı bağrımızı yaraladı, gah cənub qonşunun. Ocağımız sönməsin, yurdun adı tarix səhifələrindən itməsin, oğuz türkcəsi daim balalarımızın könül, düşüncə səsi olsun deyə dirəndik, yola verdik, hiylə işlətdik, boyun əydik…

Onsuz da bildiyiniz tarixi sizə yenidən danışmaq istəmirəm. Həyatı boyu tarixə marağı olmayanlar da, 44 günlük savaş ərzində kim dostdur kim düşmən, bineyi-qədimdən kim harada yaşayıb, ana yurdun sərhədləri haraları əhatə edib, deyə maraqlandı, oxudu, öyrəndi, bildiyini dost-tanışla paylaşdı. Zəfər çalan, qalib olan həm də bilgili olandır – xalq bunu duydu. 

İkinci Qarabağ müharibəsində hamımız savaşdıq: səngərdə, odlu savaş bölgələrinin sərhəddində, bölgələrdə, paytaxtda, qürbətdə, sosial şəbəkədə… Bir adamın əzaları tək, bir ağacın hüceyrələri tək – bir olduq, vahid olduq, həmrəy olduq… Başqa cür ola da bilməzdik, çünki Qarabağı nə vaxtsa itirməyimizin əsas səbəblərindən biri zamanında xalq kimi birlik ola bilməməyimiz idi…

Amma bizi birləşdirən daha bir səbəb vardı – müxalifət liderinin savaş başlayan gün, öz müsahibəsində Ali Baş Komandanın yanında durduğunu elan etməsi. Bu addıma heyrət edən də oldu, tərif deyən də, amma heç kimin xalqın ən yaralı dərdinin həlli məqamında birliyə səsləyən fikri qınamağa ürəyi gəlmədi, vicdanlar ədavətdən doğan haqsız ittihamları dinməyə qoymadı. 

Beləcə, kiçik bir təkan, əzəmətli bir çağırışla Qarabağ savaşı Azərbaycan adlı diyarda yaşayan millətlərin fikrini, arzusunu, xəyalını, duasını bir məcraya yönəltdi – Zəfərə. 

Bütün dünyanı heyrət içində qoyduq. Avropa ölkələri apardığımız savaşı film kimi həyəcanla izlədi, ölkə başçısının xarici mətbuata verdiyi müsahibələr beynəlxalq mediada əks-səda yaratdı, müxalifət liderləri, xaricdə yaşayan iqtidarı kəskin tənqid edən qəriblər belə dövləti və onun başçısının addımlarını qorudu, haqq qazandırdı. Dünya bir xalqın birlik səlnaməsinə heyranlıqla tamaşa elədi.

Nələr yaşadıq biz bu 44 yuxusuz gündə… İnterneti məhdud, informasiya blokadasında, çaşmış, həyəcanlı, sevincli, daim nigaran halımızla savaşdan məsafəcə uzaq mülki əhalinin bombalanması xəbərinə qəzəbdən hayqırdıq, səhəri gün “bombalardan korkmuyoruz, naaborot qızışıyoruz” deyən gəncəli igidin fəhminə güldük, sinəmiz qürrələndi, əyilmiş qəddimiz düzəldi, qolumuza güc-qüvvət gəldi. Bircə kəlməylə…bircə cümləylə… 

Sosial şəbəkərlərdə qruplar yarandı, anti-təbliğatla bağlı bir cümlə, vətənə şər atan bir fikir oldumu, minlərlə qrup üzvləri bir ovuc ermənini ingilis, rus, bəzən elə erməni dilində o məhdud internetlə darmadağın elədi…

 Şəhidlərimizin acı xəbəri bağrımızı qan elədi. Atasını, anasını itiriən balaların, anaların, ataların, bacıların, həyat yoldaşlarının fotoları, cümlələri çiyinlərimizə dağ boyda dərd endirdi. 

İnsan övladı nə boyda kədərə tab gərirə bilərmiş… 

Ordunun irəli attığı hər addımda məhlə xoru ilə balkonlardan himnizmizi oxuduq. Əlimizdə bayraq, qəlbimizdə şəhid yanğısı ilə şadlanmağı da bildik. 

İnsan ürəyi nə boyda sevincə dözə bilərmiş… 

Kədəri sevincinə, acısı fəsxrinə dolaşmış bir xalq necə şax dayanıb savaşa bilərmiş…

Həmişə yaşıdlarıma deyərdim ki, biz 80-lər ən bədbəxt nəsilik. Məktəbə gedəndə vətəniniz Sovetdir dedilər, dünən şəninə şeir əzbərlətdirən müəllimlər bu gün “Lenin baba”qatı düşməndir, söylədilər, oxumağı təzə öyrənmişdik əlifbanı da dəyişdilər, vətənin adını da. 20 yanvar kimi xalqın qəhrəmanlıq nümunəsinin adını illərlə matəm deyib, hər il bağrımız yarıla-yarıla əlimizə qərənfil verib, bizi öz vətənimizdə rusların necə məhv etdiyini göstərdilər, bizə aid olanı bizdən sayca, boyca kiçik bir tayfanın aldığını dedilər, Xocalıda erməni vəhşiliklərini görüb necə bir ağlasığmaz dərəcədə vəhşi bir qonşuyla yaşamağa məhkumuq qorxusunu, nifrət, qəzəb və çarəsizlik kimi hisləri könlümüzə dağ kimi basdılar, işğal olunmuş torpaqların tarixlərini gündəliklərin ilk səhifələrində acı gerçək kimi sərgilədilər – bax belə məğlub, məzlub, yazıqsınız deyə… Və nifrət, çarəsizlik və sınmış xalq fərdi kimi büyüdük biz 80-lər…

İndi isə deyirəm ki, biz 80-lər və bu Zəfərə canlı şahid olan hər kəs ən xoşbəxt nəsildir. Yuxudan oyanmış xalqın əl-ələ verib Vətən qurmağının şahidi olmaq və bəlkə sənin də bunda zərrə qədər payının var, deyə düşünmək ən böyük sevincdir. Öz xalqının həmrəylik tarixinin başlanğıcında dayananlardan olmaq fövqəl-bəşər səadətdir. 

Amma…ammaların olmasını istəmirəm. Bu həmrəyliyə heç bir vəzifə hərisliyi, heç bir maddiyyat, heç bir qorxu, heç bir təhdid kölgə salmasın. Azərbaycan xalqının hər fərdi anlasın ki, savaş dönəmində olan birliyin verdiyi zövqü, mərdlik, fəxr və qalibiyyət duyğusunun əvəzsiz tamını heç bir şey verə bilməz. Tarixdə, insanların yaddaşında nəfsinə əsir biri kimi yox, ali ruhlu, insan adına, azərbaycanlı namına yaraşanlardan olaq. Olaq ki, tarix də, bizi tanıyanlar da adımızla öyünsün, övladlarımız, gələcək nəsillərimiz fəxrlə sinəsinə döyüb mən filankəsin nəslindənəm desin. 

Həmrəyliyi dildə yox, əməldə də dünyaya səs salan azərbaycanlılarım, el-obamın igidləri, xatunları, bayramımız mübarək! Tanrı bizim birliyimizi daimi, vətənimizi bütöv, gələcəyimizi əbədi etsin! 

Biz elə bir xalq olaq ki, şəhidlərimizlə fəxr etdiyimiz kimi, onlar da öz dünyalarından baxıb bizimlə öyünsün…

Sonda sizinlə bir arzumu paylaşıram: Həmrəylik gününmüzün qeyd olunma tarixinin dəyişməyini istərdim, məsələn, 27 sentyabra.

Günel İbadova

Ümid Partiyası Ali Məclisinin sədr müavini

 

Şərh yaz