Güney üçün qaçırılan fürsət: “Sapı özümüzdən olan baltalar o prosesi əngəllədi”

Bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Onun 10 milyonu Azərbaycan Respublikasında, 35 milyondan çoxu İranda yaşayan soydaşlarımızdır. Gürcüstanda, Rusiya və İraqda öz ata-baba yurdlarında yaşayan azərbaycanlılar var.

Qədim türk torpaqlarında qurulmuş Ermənistan Respublikasında bir nəfər də olsun azərbaycanlı yaşamır. Sonuncu azərbaycanlı 1988-ci ildə Ermənistandan zorla qovulub. 44 günlük Vətən savaşından sonra erməni işğalçıları torpaqlarımızdan qovuldu.

Hətta bu gün tarixi torpağımız olan Zəngəzurun qaytarılması məsələsi müzakirə edilir. Dövlət rəsmiləri yüksək tribunadan dəfələrlə İrəvanın tarixi Azərbaycan torpağı olduğunu bəyan edib. Hesab edilir ki, “İrəvana qayıdış” ideyası gündəmə gətirilməlidir.

Ötən həftə soydaşlarımız tərəfindən bu istiqamətdə mühüm addım atıldı. Mühacirətdə İrəvan Türk Cümhuriyyətinin yaradıldığı elan edildi. Bəs mühacirətdə Güney Azərbaycan hökuməti formalaşdırıla bilərmi?

“Güney üçün daha bir şans əldən verildi”

Ümid Partiyası sədrinin müavini Rüfət Muradlı  açıqlamasında deyib ki, bu ideyanı inkişaf etdirmək lazımdır:

“Ümumiyyətlə mühacirət hökumətləri parlamentlərinin yaradılması ötən əsrdə zülmə məruz qalan millətlərin ölkə xaricində, sürgündə formalaşdırdıqları formal dövlət qurumlarıdır. Məsələn, vaxtilə faşist işğalına məruz qalan çexlər 1939-cu ildə Londonda, 1949-cu ildə kommunist Çinin işğalına məruz qalan Tibetlilər Hindistanda mühacir hökumətləti yaratmaqla işğalda qalan dövlətlərinin varlığını bu şəkildə yaşatmağa çalışmışdılar.

Bu baxımdan ötən il may ayında İrəvan Türk Cumhuriyyətinin elan edilməsi soydaşlarımızın öz ata-baba yurdlarına qayıdış prosesinə təkan verməklə yanaşı, indiki monoetnik Ermənistanın mövcud ərazisinin həm tarixi torpaqlarımız olması, həm də bizlərin həmin ərazinin əzəli sakinləri olması fikrinin dünya ictimaiyyətinə çatdırılması baxımından atılmış önəmli addım kimi dəyərləndirilməlidir.

Güneyli soydaşlarımıza gəlincə, Güney Azərbaycan xaricində siyasi fəaliyyət göstərən fərd və qurumların təmsilçiləri 2014-cü ilin mart ayının 15-də Kopenhagendə bir araya gələrək Güney Azərbaycanın keçici Mühacirət Parlamentinin yaradılması haqda bəyannamə də imzalamışdılar. Şübhəsiz, bu heyət Güney adına bütün qrupları əhatə etməsə də, ilkin mərhələ üçün, özəlliklə incik tərəflərin əl sıxışması acısından qənaətbəxş sayıla bilərdi.

Təəsüflər olsun ki, güneyli, quzeyli soydaşlarımız arasında böyük sevinc və qürur hissilə qarşılanan bu olaya münasibət də birmənalı olmadı. Millətimiz üçün olduqca önəm kəsb edən bu taleyüklü hadisəyə qarşı hətta hücumlar da başladı. Güney Azərbaycan insanının, soydaşlarımızın böyük ümid bəslədiyi Mühacirətdə Keçici Parlamentin yaradılması əleyhinə başlanan bu hücumlar getdikcə daha da şiddətləndi.

Sonucda proses səngidi və dayandı. Halbuki o toplantıya qatılanlar yaxşı bilirdilər ki, Kopenhagen iclası Orta Doğudakı proseslərin fəallaşdığı, İraq və Suriyadakı olayların səngimədiyi bir zamanda Güney Azərbaycan üçün həyati önəmə malik toplantılardan biri idi və ilk oturumda uğurlu sonuca da varmışdı. Lakin Güney Azərbaycanla bağlı keçirilmiş əvvəlki görüşlərin, toplantıların uğurlarını əngəlləyən məlum qüvvə yenə də boş dayanmadı və öz işini gördü. Sonucda Güney üçün daha bir şans əldən verildi.

Halbuki beynəlxalq arenada, mötəbər qurumlarda Güney Azərbaycan adına təmsilçilik haqqının bir qrup, ya fərd tərəfindən irəli sürülməsi əvəzinə, bu hüququn Müvəqqəti Mühacirət Parlamenti adına təyin edilməsi daha təsirli olmazdımı?! Beynəlxalq qurumlara “Biz də 40 milyonluq Güney Azərbaycan olaraq öz dilimizdə yaşamaq, yaratmaq və dövlətimizi qurmaq haqqına malikik!” mesajının bir parlament ya məclis qrupu tərəfindən təqdim edilməsi daha effektif sonuca səbəb olmazdımı?! Təəsüf ki, bu fürsət o zaman itirildi”.

“O qurum formalaşsaydı…”

R.Muradlı hesab edir ki, həmin qurum formalaşsaydı, 2014-cü ildən ötən yeddi illik bir zaman kəsiyində Güney Azərbaycanla bağlı nə qədər təsirli addımlar ata bilərdi: “Nə yazıq ki, 40 milyon soydaşımızın taleyinə uzanan qara əllər bu dəfə də, həm də sapı özümüzdən olan baltaların köməyilə önəmli bir prosesi əngəlləməyi bacardı. Halbuki, o zaman Orta Şərqdə baş verən proseslər kontekstində soydaşlarımızın bu addımı çox vacib və önəmli idi. Necə ki, uzun illər İraq kürdləri, Türkiyədə və İrandakı soydaşları ilə koordinativ şəkildə çalışaraq, öz millətləri üçün uğura gedən yolu hamarlamışlar və bu gün artıq onun bəhrəsini görməkdədirlər”.

 

Aydın Turan

Cebhe.info

 

Şərh yaz