Faiq Əliyev: “Yumşalma prosesini Naxçıvanda hiss etmədik”

“Artıq ölkədə pandemiya dövrünün yumşaldılması prosesi gedir, bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadi vəziyyət ürəkaçan deyil. Sizcə, bu dönəmdə bizim ən böyük sosial problemimiz nədir və bundan hansı çıxış yolları vardır?” – sualına Ümid Partiyasının sədr müavini, Naxçıvan MR təşkilatının sədri Faiq Əliyev belə cavab verib:

“Bu mövzu ilə bağlı dəfələrlə ölkənin müxalifyönlü partiya sədrləri, ictimai fəallar, ekspertlər və s. öz çıxışlarında insanları məlumatlandırmış və tövsiyələrini vermişlər. Daha dolğun şərhləri və təklifləri isə Ümid Partiyasının sədri İ.Ağazadənin dilindən dəfələrlə eşitmişik.

Biz Naxçıvanda istər bundan qabaq, istərsə də bu günlərdə yumşalma prosesini heç bir halda hiss etməmişik. Hətta buna görə “siz xoşbəxt insanlarsınız” deyənlər də var. Ona görə məsələyə bu cür yanaşıram, Naxçıvanda Covid-19 ilə bağlı nə sərt karantin rejimi, nə də ki, hər hansı bir yumşalmadan söhbət gedə bilməz.

Mənə elə gəlir ki, Azərbaycanın siyasi rəhbərliyindən fərqli olaraq, Naxçıvan rəhbərliyi daha düzgün addım atdı və bu xəstəlik az ölümlə, xəstələrin sayının minimum olması ilə müşahidə olundu.

Əhalinin müəyyən hissəsinə 190 manat yardım verildi. Əlavə olaraq, Bakı şəhərində yaşayan iş adamları və Naxçıvan rəhbərliyi tərəfindən bir neçə dəfə yoxsul ailələrə ərzaq paylanıldı. Aydın məsələdir ki, bu edilənlər yoxsulluğun qarşısını ala bilməzdi. Yəni pandemiyadan qabaq nə cür idisə, pandemiya dövründə də bu vəziyyət dəyişmədi.

 

İqtisadi duruma gəldikdə isə, dünyaya baxanda Azərbaycanda bu vəziyyət daha acınacaqlı hal alıb. Təkcə sosial problem deyil, bütün sahələrdə problemlərimiz görünməkdədir.

Dövlətlərin bir neçəsini çıxmaq şərtilə (az bir qismini) hər birindən geridə qalırıq. Əsas problemimiz isə siyasi problemlərdir. Ölkədə siyasi rəhbərlik yerində olmayanda və ya düzgün işləməyəndə bütün sahələr iflic olur. Necə ki Azərbaycanın Qarabağ adlı böyük bir yarası sağalmayıb, demokratiya bərqərar olmayıb, azad seçki, müstəqil məhkəmələr yoxdur yuxarıda sadaladığım problemlərin heç biri həllini tapmayacaq. Çıxış yolları isə bunların həllindən keçir. Bunun üçün həm siyasi iradə, həm də istək olmalıdır. Bu hakimiyyətin isə nə siyasi iradəsi, nə də ki, dediyimiz bu istəkləri var. Əgər varsa, bunu bu millətə sübut etsinlər, biz də əhsən deyək”.

 

Ümid Partiyasının Mətbuat Xidməti

 

Şərh yaz