Ermənistanın tikinti işləri apardığı Azərbaycan əraziləri dərhal bombalansın!

Ermənistanın işğal etdiyi Zəngilan rayonu ərazisindən Dağlıq Qarabağa üçüncü yol çəkməsi Azərbaycanda işğal faktına qarşı haqlı narazılıqları daha da artırıb. Hətta bu ərazilərin bombalanmasını təklif edənlər də az deyil. Belə bir təklifi irəli sürənlərdən biri də Ümid Partiyasının sədri İqbal Ağazadədir.

İ. Ağazadə deyib ki, aparılan bütün tikinti sahələrini bombalamaqla düşmənə bu torpaqlardan vaz keçilmədiyini göstərmək lazımdır.

Partiya sədrinin sözlərinə görə, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tikinti işləri aparması beynəlxalq hüquq normalarına da ziddir.

İ. Ağazadə qeyd edib ki, Ermənistan işğal etdiyi Azərbaycan əraziləri ilə əlaqə üçün Zəngilan ərazisindən üçüncü yol çəkməsinin qarşısını almaq üçün ya aktiv müharibəyə başlayıb torpaqlarımızı işğaldan azad etməliyik, ya da aparılan bütün tikinti sahələri havadan bombalanmalıdır.

Partiya sədri xatırladıb ki, Ermənistan bundan əvvəl işğaldakı Laçın və Kəlbəcər ərazisindən də analoji yol salıb:

“Salınan yolla bağlı Avropa Birliyindən də etirazlar eşidilir və Ermənistanın atdığı qeyri-qanuni addım qınanılır.

Hələ xeyli əvvəl bəyan etmişdim ki, Azərbaycan işğal olunmuş ərazilərdə tikinti aparan Ermənistan tərəfini durdurmalıdır. Biz torpaqlarımızı kimsəyə güzəştə getməyəcəyik. İndi azad edə bilmirsinizsə, gələcəkdə problem yaranmasına imkan verməyin”.

İ. Ağazadə vurğulayıb ki, Zəngilandan çəkilən yolun böyük strateji əhəmiyyəti var: “Ərazini tanıyanlar bilir ki, biz hərbi əməliyyatlara başlayanda Zabux keçid məntəqəsi separatçılara dəstək üçün yetərli olmayacaq. O cümlədən, Kəlbəcərdən də məsafə və keçid imkanları əlverişli deyil. Durdurun bu tikintiləri! Onların kommunikasiya imkanlarının genişlənməsi sabahkı savaşda daha çox insanımızın itkisi ilə nəticələnəcək. Heç olmasa, buna imkan verməyin ki, sizin həll etmədiklərinizi biz həll edəndə müşküllərimiz az olsun! Biz onsuz da torpaqlarımızı işğaldan azad edəcəyik, işimizi çətinə salmayın”.

Şərh yaz