Elman Abbasov Fəzail Ağamalı və Səyavuş Novruzova cavab verdi

Milli Məclisin bəzi deputatları karantin şərtlərinin sərtləşməsi ilə bağlı çıxış ediblər. Hətta, bəzi şəhərlərdə fövqəladə vəziyyətin elan olunması da təklif olunur.

Siyavuş Novruzov: “Bu, milli təhlükəsizlik, dövlət təhlükəsizliyi, ailə təhlükəsizliyi məsələsidir. Hər bir ailənin dövlətin əsasını qoyduğunu nəzərə alsaq, hər bir məhv olan ailənin dövlətin sütunlarını sarsıtdığını da nəzərə almalıyıq. Təkcə cərimə ilə deyil, digər inzibati metodlarla da biz bunun qarşısını almağa çalışmalıyıq”.

F.Ağamalı: İcazə həftədə 2 dəfə olmaqla, ailə üzvlərindən birinə verilməlidir. Ailədə 5 nəfər var, hamısı vaxt müəyyən edir, hamısı icazə ilə küçələrdədir, heç biri də iş dalınca çıxmır. Sadəcə virus daşıyıcılarına çevirilirlər. Qonşu Gürcüstan, Türkiyə, Avropa təcrübələri var. Hətta düşünürəm ki, lazım gələrsə, 8 rayon və şəhərdə fövqəladə vəziyyət, komendant saatı müəyyənləşdirilsin. Artıq cərimə yoxdur, küçəyə çıxan dərhal həbsxanaya gedr. Bu cür addımlarla məsuliyyətsizliyin qarşısını almaq olar. Yoxsa , “yaydır, hamı hava almaq istəyir” yanaşmaları ilə heç bir mübarizə effektli olmayacaq”

Hə,  sizinlə razı, virusun yayılması təhlükəli həddə çatır. Məsuliyyətsizlik, maska taxmamaq, iki saatlıq icazədən sui-istifadə halları da var. COVİD-19-un qarşısını almaq üçün ciddi tədbirlər görmək mütləq lazımdır. Amma bu deputatlardan kimisə sərt karantin dövründə, sərt tədbirlər görüləcəyi dönəmdə vətəndaşa nə veriləcəyindən, vətəndaşın nə yeyib, nə içəcəyindən, gündəlik tələb olunan ehtiyaclarını necə ödəyəcəklərindən danışmır. Vətəndaşlara veriləcək 190 manat doğru-dürüst çatdırılmadı. Minlərlə ehtiyacı olanlar bu yardımdan istifadə edə bilmədi. İş yerləri bağlanıb, işsizlik artıb, ictimai iaşə müəssisələri işləmir, istehsalat müəssisələrində belə ənənəvi iş qrafiki pozulub, ərzaq qiymətləri od tutub yanır, əhalinin sosial vəziyyəti günü-gündən pisləşir. Proseslərin bu şəkildə davam etməsi ciddi sosial problemlərə gətirib çıxara bilər. Hakimiyyət bu barədə ciddi düşünməlidir.

Koronaviruslu xəstələrin sayı artıqca başqa bir problem yaranıb. Xəstəxanalar artıq dolub, ancaq koronaviruslu xəstələri qəbul edir. Buradan da yeni sual ortaya çıxır. Bəs ürək xəstələri, insult xəstələri və başqa ağır xəstələr necə etsinlər, kimə və hara müraciət etsinlər? Bunlar xəstə deyillərmi?

Bacarmırsınızsa, bu işi bacaranlara həvalə edin, verilən səmərəli təklifləri nəzərə alın.

Ümid Partiyasınının təklifləri var. Karantin dövründə adambaşına 50 manat çörəkpulu verilməsi, məcburi köçkünlərin çörəkpulunun artırılması, karantin dönəmində əhalini daha çox narahat edən kommunal ödənişlərin edilməsi, tələbələrə təqaüdlərin verilməsi və s. Heç olmasa, vətəndaş üçün bunları edin və sonra evə qapadın.

Bir çox vətəndaş bilirsiniz niyə pandemiyanın olmasına inanmır? Çünki vətəndaşa efirlərdən o qədər yalanlar deyib, yalanlar göstərib, əhəmiyyətsiz təbliğatlar aparmısınız ki, vətəndaş artıq sizlərin həqiqətlərinizə də inanmır. Həm də COVİD-19-la bağlı təbliğatı da qeyri-ciddi, ictimai nüfuzu olmayanlar, insanların gözündə yalançı olanlar aparır.

Həm də çarəsiz vətəndaş üçün artıq ya koronavirusdan, ya acından ölməsi fərq etmir…

İnsanları koronavirusdan xilas etmək üçün evə qapadıb acındanmı öldürmək istəyirsiniz ?

P.S.  Qorxu ilə, basqı ilə, həbs etməklə, təhdidlə problemi çözmək olmaz. Bu vətəndaşda qıcıq yaratmağa səbəb olur. Problemi sevgi ilə, qayğı ilə, nəvazişlə, şəfqətlə, doğru-düzgün təbliğat və maarifçiliklə daha asan həll etmək olar.

 

Elman Abbasov

Ümid Partiyası sədrinin  Mətbuat və İnformasiya üzrə müavini

 

 

Şərh yaz