Dövlət qanunların yerinə yetirilməsini tənzimləməlidir, qiymətləri yox – İQBAL AĞAZADƏ  

Amerikada baş verənlər hamını narahat edir. Çünki oradakı hadisələrin hər yerə təsiri var. Son bir neçə seçkidə demokratiya həfif zədələndi. Nəticələri şübhə altına alan tərəflər oldu, təkrar saymalara gedildi və s. Federal Təhqiqatlar Bürosunda da, ictimai rəydə də kifayət qədər Rusiyanın müdaxiləsi oldu]u fikri səsləndi.

Əslində, bütün bu olanlar demokratiyada yeni cığır açdı. Trampın özü də daha çox içəri qapanaraq, bir qədər də antidemokratik siyasət nəticəsində demokratiya yolunu qapatmışdı. Onun üçün ayrı-ayrı dövlətlərin demokratik dəyərləri yox, Amerika marağı və seçici marağı əsas idi. Təəssüf ki, indiki durumda baş verənlərə münasibətdə ironik yanaşmalar çoxdur.

Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Xural TV-nin “Siyasi meydan” verilişində deyib.

Partiya sədri bildirib ki, 6 yanvar Amerika hadisələrini şərh edərkən bildirib ki, Azərbaycanda sosial şəbəkələrdə də o ironik yanaşmaları görürük. Amma əslində, demokratiya belə olur. O demokratiyanın əleyhinə olanlar və Amerikada demokratiyanı qəbul etməyənlər bir şeyi unudurlar ki, öz ölkələrində iqtidarlar seçkini saxtalaşdırıb hakimiyyəti əldən verməmək üçün çalışırlar. Amerikada isə hakimiyyəti müxalifətə verməmək üçün iqtidar əlindəki resurslardan istifadə edə bilmir. Demokratiya batırılmış olsaydı, qalib namizəd iqtidar kimi qalardı. Amerikada demokratiya qalib gəldi. Bundan sonra demokratiyanın daha da genişləənməsi üçün yeni mərhələ başlayacaq. Amerika cəmiyyətində seçkinin nəticələrini saxtalaşdırmaq təfəkkürü heç vaxt olmayıb.  1960-cı illərdə Kaliforniyada seçkilərdə iki mafiya döyüşürdü və onlar öz qubernatorlarını seçmək istəyirdilər. Mafiyanın üzvləri məntəqənin yanında gizlənir və gələn seçicilərə silahı göstərir, deyirdi, filankəsə səs ver. Yəni birinin də ağlına gəlmirdi ki, qapıdan içəri keçib qutunu dəyişsin, bülleten atsın.

Biz demokratiyanı fərqli anlayırıq. İnsanlar əgər haqq səsini qaldırırsa və buna imkan yaradılırsa, bu, demokratiyadır. Əgər insanlar azad şəkildə hökümət binasının qarşısına yığışırsa, dağıdıcılıq olmadan sözünü deyirsə, ən əsası iqtidar seçki nəticələrini saxtalaşdırmırsa, bu, demokratiyadır.

Bu gün Amerikada baş verənlər Baydenin demokratiya yürüşünün önünü açdı. Hər kəs demokratiyanın alternativsiz olduğunu qəbul etdi.

Verilişdə Əvəz Zeynallının Amerikada andiçmədən sonra başqa dünyamı olacaq – sualına partiya sədri belə cavab verib:

“Başqa dünya üçün hələ tələsməyək. Yaxın şərqdə proses başlayacaq. Rusiyaya qarşı da proses başlayacaq. Diqqət edirsinizsə, keçmiş sovet ölkələrində müasir silahlanma prosesi gedir. Baydenin dediklərinə görə də narahatçılıqlar çox oldu. Putin ehtiyat tədbirləri gördü. Bunlar təsadüfi deyil. Rusiya çalışır ki, Türkiyə ilə münasibətləri yaxşı olsun. Türkiyə NATO ilə birləşsə, Rusiya tab gətirə bilməyəcək. Yeni dünya haqqında 4-6 aya prioritetlər müəyyən olunacaq və o zaman biləcəyik ki, yeni dünya hara gedir və yeni dünyanın getdiyi yerdə Azərbaycan hardadır. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində sazişi imzalamalıyıq. Dünyaya açıq olduğumuzu, demokratikləşməyə töhfə verəcəyimizə hazır olduğumuzu göstərməliyik. Bütün bunlar dünyada və Cənubi Qafqazdakı yerimizi və rolumuzu müəyyən edəcək. İmkan verməməliyik ki, bizi kimsə Rusiyanın yançısı hesab etsin, onun ayağına yazsın.

44 günlük müharibədən sonra üçtərəfli anlaşma nəticəsində Rusiya sülhməramlı adı ilə gəlib.  Heç birimiz Rusiyanı ölkəmizdə istəmirik. Rus qoşunları adında sülhməramlıların olmadığını da bilirik. Lakin fərqli şeylər var. Dünən Xankəndinə çox uzaqdan baxırdıqsa, indi iki kilometrlikdən baxırıq. Biz Xocalıda, Əsgəranda, Xocavənddə, Xankəndidə deyilik, amma Şuşadayıq. Dövlət sərhədlərimizi bağlamışıq. Son 200 illik tarixdə əhəmiyyətli irəliləyişimiz olub. Amma çətinliklərimiz də var. İşləməliyik. Heç kim Rusiyadan nəsə gözləməsin. Rusiya ora sülh üçün gəlməyib. Rusiya bilir ki, Ermənistan və Azərbaycan iki qonşu ölkədir, dil tapıb yaşaya bilərlər. Amma bu gün orada rus sülh üçün deyil, bir gün bizə, bir gün onlara şərait yaradacaq ki, vəziyyət gərginləşsin. Rusiya Cənubi Qafqazda qalmaq üçün bütün bunları edir. Cənubi Qafqazda bizim imkanlarımız var. Biz bu mərhələni də atlatsaq, hər şey yaxşı olacaq. Gün gələcək, Göyçə gölünün ətrafında olacağıq. Ermənilər hara gedirsə, oranı vətən sanır. Biz isə elə, obaya, dağa, daşa bağlı adamlarıq. Biz Avropa Birliyi kimi Cənubi Qafqaz Birliyi yarada bilərik. Bu xətti sonra genişləndirmək mümkündür. Biz Azərbaycan tarixinə özümüzün pəncərəmizdən bu günə yox, yüz il sonraya baxmalıyıq”.

İqbal Ağazadə prezidentin 6 yanvar 2021-ci il tarixli çıxışından danışarkən bildirdi ki, ölkə başçısı həm də mesajlarını verdi. Mesajda qeyd olunurdu ki, biz əgər rus sülhməramlılarının bəzi işlərinizə göz yumuruqsa, – hələ ki, orda yaşayanlar üçün problem olmasın deyə susuruq, – siz də sərhədləri aşmayın.

Prezident bu gün qalib prezidentin ritorikasında danışır. Deyir, cəmiyyət tərəfindən qəbul olunuram, reytinqim yüksəkdir, qılıncımın altından keçəcəksən. Çatışmayan şeylər var. Mən şəxsən o ritorikanın, o siyasətin tərəfdarı deyiləm. Digər tərəfdən, prezident Ermənistan qarşısında qalibdir, xalq qarşısında isə ona səs vermiş vətəndaşlarla, cəmiyyətlə prezident-vətəndaş münasibətlərində olsa, daha doğru olar.

Partiya sədri veriliş zamanı qiymət artımına da toxunub. İqbal Ağazadə bildirib ki, qiymət artımı dövlət tərəfindən tənzimlənirsə, bir neçə faktor nəzərə alınmalıdır. Xaricdən mal gəlirsə və xaricdə qiymət artımı olubsa, bu, başqa məsələ. Tarif Şurası qiymətləri artırmalı deyildi. Düzgün iqtisadi sistem olanda qiymət hər bir ölkədə arta da, azala da bilər. Mən isə bizdə doğru iqtisadi sistem olduğu qənaətində deyiləm. Düşünürəm ki, dövlət benzin, işıq, su satmamalıdır. Dövlət benzin satanda məsuliyyəti də öz üzərinə götürür. Bunu şirkətlər etməlidir. Dövlət şirkətlərə şərait yaratmalıdır və onlara xammal satmalıdır. Şirkətlər isə o xammaldan yüz cür məhsul hazırlayıb, bazara çıxarmalıdır. Qaynar xətt açıblar ki, kim qiymət artırsa, şikayət edin. Tutaq ki, mən çörək daşıyırdım. Əvvəl on manatlıq yanacaq işlədirdimsə, bu gün 13 manat işlədirəm. Bəs, mən o üç manatı necə edim? Məcburam ki, çörəyin qiymətini qaldırım. Sən öz satdığın malın qiymətini qaldırırsan, amma deyirsən, sən qaldırma. Bu necə olur? Bunlar yanlış şeylərdir. Dövlət qanunların yerinə yetirilməsini tənzimləməlidir, qiyməti yox.  

Qarabağda yenidənqurma işləri ilə bağlı danışan İqbal Ağazadə qeyd edib ki, hökümət Qarabağda tikililərlə bağlı ictimai müzakirələr aparmalı, ən azı bu məsələni icmalarla müzakirə etməlidir. Əhalinin köçü ilə bağlı masa üzərində böyük müzakirələr olmalıdır. Qarabağ üzrə səlahiyyətli nümayəndə təyin edilməlidir. Lazımdırsa, nümayəndə hər gün gedib o yerlərdə görüşlər keçirməli, hətta orada qalmalı, lazımı addımlar atılmalıdır.

Sözügedən verilişi oxucularımıza təqdim edirik:

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz