Dövlətin idarə üsulu ailəyə təsir edir – İLAHƏ SADIQOVA

Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavini İlahə Sadıqova Kim TV-nin canlı efirində aparıcı Abid Qafarovun cəmiyyətimizdə ailə problemləri, pandemiyadan öncə, pandemiya dövründə ailə institunun vəziyyəti, uşaqpulu, boşanmaların sayının artması, boşanmalara səbəb olan məsələlərin kökündə dayanan səbəblər, dövlətin ailə institutu ilə bağlı yürütdüyü siyasət, sosial problemlər, bu sahələrdəki Ümid Partiyasının proqramları və s. ilə bağlı suallarını cavablandırıb.

Abid Qafarovun Azərbaycanda pandemiyanın gəlişi ilə bağlı ailə institutunun vəziyyətinin dəyişib-dəyişməməsi ilə bağlı sualını cavabandırarkən İlahə Sadıqova deyib ki, son zamanlar ailə institutundakı transformasiyalar, buna səbəb olan ölkənin siyasi sistemi və dövlətin ailə institutuna olan münasibəti bu sosial institutun məhvinə yol açacaq bir xətt üzrə inkişaf edir. Biz bunun nəticəsində xalq olaraq da, cəmiyyət olaraq da əziyyət çəkirik. Pandemiya dövründə insanların qapalı şəraitdə qalması, yaranmış işsizlik problemləri ailədaxili münaqişələrə səbəb oldu.
Partiyanın sədr müavini daha sonra əlavə edib ki, ailə dövlətin kiçik modelidir. Dövlətdə idarəetmə modeli hansı formadadırsa, bu, dolayısı ilə ailəyə də yansıyır. Təbii ki, istisnalar var, lakin bütövlükdə cəmiyyətin halını qiymətləndirərək demək istəyirəm ki, dövlət avtoritar və ya demokratik üsulla idarə olunursa, bu, mütləq ailədə də özünü göstərir. Ailənin başçısı avtomatik olaraq, o idarəetmə üsulunu ailədə də tətbiq etmiş olur. Ölkədə son 10 ildə boşanmaların sayı get-gedə artır. Bu cəmiyyət üçün, ailə institutu üçün böyük faciədir. Təəssüflər olsun ki, boşanmalara səbəb də məhz cəmiyyətdəki proseslərdir. Problemləri bir neçə qruplara bölsək, buraya sosial sahədəki problemləri, narkomaniyanın artmasını, səlahiyyətli qurumların ailə məsələlərinə biganə yanaşmasını, hüquq sistemimizin qeyri-şəffaf olmasını daxil edə bilərik.

Bu gün ölkədə hökm sürən işsizlik də boşanmalarda katalizator rolunu oynayır. Çünki ölkədə işləyənlərin böyük əksəriyyəti günəmuzd işləyən insanlardır və pandemiya şəraitində qeyri-dövlət müəssisələrinin böyük əksəriyyəti bağlandığı üçün bu insanlar işsiz qaldılar, ailələrinə çörəkpulu apara bilmədilər, nəticədə ailəiçi münasibət və ünsiyyət pozğunluğu yarandı, insanlar arasındakı konfliktlərin böyüməsinin nəticəsində şiddət, fiziki və mənəvi-psixoloji zorakılıq artdı, çox hallarda da boşanmalarla nəticələndi.

Daha sonra qloballaşan dünyada sivilizasiyaların toqquşması və mədəniyyətlərin inteqrasiyası məsələlərinə, onların Azərbaycan, eləcə də dünya siyasətinə təsirinə toxunan İlahə Sadıqova qeyd edib ki, müasirləşmək öz köklərindən qopmaq, cəmiyyət dəyərlərindən qopmaq demək deyil. Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması” konsepsiyasında qeyd olunur ki, 50-70 il sonra dünyadakı münaqişələr ideologiyaların fonunda yox, məhz mədəniyyətlərin və dinlərin fonunda yaranacaq. Dövrümüzdə dünyada baş verən münaqişələrə nəzər yetirsək, bu konsepsiyanın nə qədər özünü doğrultduğunu görmüş olarıq. Bu konfliktlərin aradan qalxmasının yeganə yolu mədəniyyətlərin inteqrasiyası, konfessiyalara qarşı tolerantlıq nümayiş etdirmək və bu yöndə siyasət yürütməkdir. Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti dünyəviləşmiş bir xalq, bir cəmiyyətdir. Bu cəmiyyətə verə biləcəyin düzgün şablon sağlam cəmiyyətin formalaşmasına gətirib çıxaracaq. Yəni, hüququn aliliyi prinsipi təmin olunacaqsa, Azərbaycanda demokratik mühit formalaşacaq və insanlar daha özgüvənli və təhlükəsiz hiss edəcəklər.

Son dövrdə gündəmi zəbt edən mövzu, Novxanıda 1 saylı orta məktəbin direktorunun hicablı şagirdlərin başından hicablarını çıxarıb yerə tullaması ilə bağlı aparıcının sualını cavablandıran İlahə Sadıqova qeyd edib ki, Ümid Partiyasının bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. İnsanların dini etiqad azadlıqlarına qarışmaq olmaz. Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapır. Konstitusiyanın 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir – 25-ci Maddənin 3-cü bəndinə əsasən, dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İnsanların dini azadlıqlarını pozmaq birbaşa cinayət əməli daşıyır və bu hal qanunla cəzalandırılmadır.

Verilişin linkini oxuculara təqdim edirik:

 

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009