Doğru yoldayıq!

İnsan övladının ən böyük neməti ruhi azadlıq və əqli öhdəliklərdən asılılıqdır. 28 may – Azərbaycan adlı qartal vücudlu, azad ruhlu, mühafizəkar düşüncəli dövlətin dünya tarixinə qədəm qoyduğu tarixdir.

Təsadüflərə inanmıram. Xəzər adlı mirvarinin qızıldan torpağı olan Azərbaycanın Yer Kürəsində müstəqil dövlət olmaq taleyi beşiyində boğulsa da, bu toxum ürəklərdə arzu olub cücərdi. İndi qəlblərdə gizli yaşayan xəyallar gerçəyə dönüb, ana sözü dövlət dili, hər rəngində kimliyimizi daşıyan bayrağa sahib müstəqil dövlətin vətəndaşı olmaq qürurunu övladlarımıza, nəvələrimizə miras qoymaq kimi fəxarətli vəzifəmiz var.

Azad azərbaycanlı olmağın bir də öhdəliyi var – hüququn aliliyini dövlətimizin bütün qanuni ərazilərində bərqərar etmək, tarixən babalarımıza məxsus torpaqlarımızı yurdumuzun ulu sərhədlərinə kimi böyütmək və türk olmağın müstəsna aliliyini xalq olaraq dərk etmək.

Qurtuluşumuz – özümüzə qayıtmaq, özümüzə inanmaq, gücümüzün fərqinə varmaqdır!

Zəfərimiz – bütün qorxularımızı yenib, gələcək nəsillərə bütöv, böyük, azad Azərbaycan bəxş etməkdir.

Bir ömrə sığmayan xəyalları nəsildən nəslə ötürməklə nail olacağıq buna.

Bu gün ömründə Qarabağı görməyən yeniyetmə Şuşa deyəndə nəfəsi daralır, gözləri dolursa – doğru yoldayıq.

Ölkədə Qarabağın, Borçalının, Göyçənin, Xankəndinin, Təbrizin, Ərdəbilin yenidən Böyük Azərbaycan adı altında birləşəcəyinə inanan bircə xəyalpərəst varsa – doğru yoldayıq!

Bu gün xalqın rifahını, səadətini düşünən bunun üçün mübarizə aparan bircə insan varsa – doğru yoldayıq!

Mən Ümid Partiyasının sıralarında ulu məmləkətin hər bir qarışı düşmən tapdağından xilas olunca savaş ruhumu canımda saxlayacağam!

Sən də öz səngərini seç və əsrlərlə parçalanmağa məruz qalan vətəninin keşiyində dur, azərbaycanlı!

Yolumuz bəlli, əzmimiz sonsuzdur, uca Yaradan, bizi yenilmişlər tilsimindən çıxar və tarixinə şanlı zəfərlər yazan xalq olmağı nəsib et!

Dünya durduqca dayan, Azərbaycan!

 

Günel İbadova

Ümid Partiyası Ali Məclisinin sədr müavini

Şərh yaz