Bu həbslər Azərbaycan hakimiyyətinə heç də başucalığı gətirmir – Elman Abbasov

Elman Abbasov
Elman Abbasov

Elman Abbasov: “Ölkəni idarə edənlər nəhayət qəbul etməlidirlər ki, bu cür həbslər, repressiv metodlar artıq insanları qorxutmur, əksinə, insanları onlara qarşı daha da aqressivləşdirir.”

Son günlər ölkə gündəmində baş verən bəzi proseslərlə bağlı Ümid Partiyası sədrinin mətbuat və informasiya üzrə müavini Elman Abbasova suallar ünvanlamışıq. Suallara cavabı oxuculara təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və  səlahiyyətli səfiri Nikolas Piperiqkosun etimadnaməsini qəbul edərkən kifayət qədər açıq söhbət etdi. Bir sıra iradalar bildirdi. Bunlardan biri də Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Görüşdə açıq şəkildə Türkiyəni dəstəklədiyimiz bəyan edildi. Buna necə baxırsınız?

Bildiyimiz kimi, Türkiyə və Yunanıstan arasında tarixən çox mürəkkəb münasibətlər mövcud olub. Yalnız XIX-XX əsrdə bu iki ölkə dəfələrlə müharibə edib və ya müharibənin astanasından dönüb. Son olaraq Türkiyə ölkənin cənub sahilindəki Yunan adasına yaxın sularda qazma işləri aparmaq üçün gəmi göndərəcəyini açıqladıqdan sonra münasibətlər çox gərgin vəziyyət alıb. Şərqi Aralıq dənizində yaranan hazırki gərgin durumda birmənalı şəkildə bizə qardaş və strateji müttəfiq olan Türkiyəni dəstəkləməliyik. Qardaş ölkə olaraq biz hər zaman bir-birimizi dəstəkləmişik və dəstəkləməliyik də. Dünyada baş verən qlobal siyasi hadisələrin fonunda bu mütləq lazımdır. Elə zaman-zaman beynəlxalq tədbirlərdə məqamı gəldikdə Tükiyə və Azərbaycan dövlətinin təmsilçiləri müxtəlif strateji əhəmiyyətli məsələlərdə bir-birinə dəstək verib. Ermənilərin Tovuz istiqamətində təxribatı zamanı da qardaş Türkiyə və Ərdoğan hakimiyyəti qəti şəkildə Azərbaycanın yanında olduğunu bildirərək dəstək olub.

Strateji tərəfdaşlıq və hərbi əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Bu işlərdə Orta Asiyada yerləşən türk dövlətləri də fəal olmalıdır. Bir daha təkrar edirəm, dünyada baş verən qlobal siyasi proseslər də bunu diktə edir. Bu səbəbdən, ölkə başçısının bu açıqlamasını təqdirəlayiq hesab etmək olar.

Son günlər həbslər davam edir. Tofiq Yaqublu yenidən şərlənərək həbs olundu. Məhkəmə onun haqqında 4,3 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxardı. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.

Artıq Partiyamızın sədri İqbal Ağazadə bununla bağlı öz mövqeyini sərt şəkildə bildirib. Ümumiyyətlə biz insanların söz, fikir ayrılığına, fərqli düşüncəsinə görə təqib olunmasının, həbs edilməsinin əleyhinəyik. Tofiq Yaqublunun, digər siyasi fəalların və jurnalistlərin həbsini qətiyyətlə qınayırıq. Tofiq Yaqublu ikinci dəfədir ki, şərlənərək həbs olunur. Bu həbsin siyasi sifarişlə həyata keçirildiyi heç kəsə sirr deyil və məhkəmə şousu bunu bir daha təsdiq etdi. Bu, sadəcə biabırçılıqdır və bu həbslər Azərbaycan hakimiyyətinə heç də başucalığı gətirmir. Bu insanları həbs edərkən də prosessual qaydalar pozulur.

“Orduya dəstək” aksiyası zamanı və sonradan həbs olunan fəallarla bağlı da çox ciddi məlumatlar və iddialar var. Vəkillə təmin olunmamaları, ailə ilə görüşə qadağalar və onlara işgəncələrin verilməsi ilə bağlı iddialar səslənir. Hakimiyyət tərəfdən isə bununla bağlı heç bir əsaslı açıqlama yoxdur. Bu səbəbdən, həbsdə olanların yaxınları da, ictimayyət də onların taleyindən çox narahatdırlar.

Necə olur ki, dövlətin milyonlarla vəsaitini mənimsəyənlərin cinayət işi aparılarkən onların ev dustaqlığı ilə bağlı qərar verilir, siyasilərin istintaqı aparılarkən həbs-qətimkan tədbiri dəyişdirilmir? Bunun özü də hakimiyyətin  siyasilərə, jurnalistlərə  və fərqli düşüncə sahiblərinə qarşı aqressiv olduğunu sübut edir. Hakimiyyət öz ömrünü uzatmaq üçün onu sərt şəkildə tənqid edənlərə qarşı repressiv üsullardan istifadə edir. Baş verənlər ölkənin beynəlxalq imicinə ciddi ziyan vurur, daxildə onsuz da sosial-iqtisadi-psixoloji vəziyyətin ağır olduğu bir zamanda ictimai narazılığı daha da artırır. Həmçinin Qarabağ məsələsinin həlli istiqamətində də dövlətin imicinə zərər verir. Digər tərəfdən də hakimiyyətin islahatlarla bağlı açıqlamasında, müxalifətlə dialoq çağırışında səmimi olmadığını göstərir. Ölkəni idarə edənlər nəhayət qəbul etməlidirlər ki, bu cür həbslər, repressiv metodlar artıq insanları qorxutmur, əksinə insanları onlara qarşı daha da aqressivləşdirir.

Biz hakimiyyətdən Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbusları dərhal azad etməyi tələb edirik!

 

Ümid Partiyasının Mətbuat Xidməti

 

 

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009