Bu cəmiyyətin başına sığalını çox görmə, Dövlət Baba! – TAMİLLA QULAMİ yazır…

Şəhidlərimizdən birinin anası haqqında yazırlar ki, bütün rayonu boğaza yığıb…
Ən ağrılı hallardan biri də budur ki, Şəhidimizin və anasının şəklini yanaşı qoyub, başlığa da “ŞƏHİDİN ANASI BOĞAZA YIĞIB” yazırlar. (Ad və bölgəni yazmıram) İnsafınız olsun, heç olmazsa, bundan reytinq toplamağa çalışmayın.
Ən pis olduğum şərhlərdən biri də bu idi…Bizim də oğlumuz Şəhid olub, amma bizimkiləri Xudayar kimi reklam etmədilər. Ona görə də onun anası indi qudurub((
Və…cəmiyyət yenə ikiyə bölünür… Biri deyir, Şəhid anasına belə söz demək olmaz, o biri deyir, Şəhid anasıdır deyə nə istəyir edə bilər?…
Beləcə, biz yenə də əsas problemdən qaçırıq…
Çünki əsas məsələ nə həmin qadındır, nə də onu tənqid edənlər. Əsas məsələ bizim cəmiyyət olaraq niyə bu vəziyyətə gəlib çıxmağımızdır. Çünki burada bir həqiqəti nə qədər tez qəbul etsək, o qədər yaxşıdır.
Əvvəla, Şəhid anası, ailəsi olmaq böyük şərəfdir, amma toxunulmazlıq deyil. Şəhidin anası da insandır, o da səhv edə bilər, aqressiv, hətta haqsız da ola bilər, həəətta başqasını da incidə bilər. Bəli, səhvləri tənqid etmək olar, amma əsla təhqir olmaz, kimsəni… “Qudurub”, “özünü reklam edir”, “şəhidinə layiq deyil” kimi ifadələr isə tənqid deyil. Bu, təhqirdir.
Əlbəttə ki, paralel olaraq, eyni zamanda, “şəhid anasıdır, nə etsə də, susun” məntiqi də doğru deyil. Çünki şəhidlik kimsəyə başqasının hüququnu tapdamaq, insanları alçaltmaq, cəmiyyətdə özünü qanundan üstün görmək imkanı vermir.
Şəhidin adı insanı ucalda bilər, amma onun adına sığınaraq, edilən yanlış hərəkəti doğruya çevirmir.
Bu yanaşma eynilə qazilərə də aiddir.
Qazi olmaq böyük fədakarlığın nəticəsidir. Qaziyə hörmət etmək hər birimizin borcudur.
Amma qazi olmaq da kiməsə özbaşınalıq etmək, qaydanı pozmaq, başqasını təhqir etmək və “mən qaziyəm” deyərək, məsuliyyətdən yayınmaq hüququ vermir. Əksinə. Böyük fədakarlıq böyük məsuliyyət də gətirir.
Ən qorxulu tendensiya bilirsiniz nədir?
Əcəba, bütün bunlar cəmiyyətdə nədən bu qədər qıcıq yaradır?
Bax, əsl müzakirə buradan başlamalıdır.
Çünki bu gün sıravi vətəndaşın da ciddi sosial problemləri var.
İnsan evinin, kirayəsinin, kreditinin, övladının təhsilinin, işinin, maaşının, müalicəsinin, sabahının qayğısını çəkir.
Sonra həmin insan dövlət tərəfindən şəhid ailəsinə, qaziyə verilən hansısa güzəşti görür. Əlbəttə ki, kimsə xüsusi imtiyazlılara qayğı varsa, gözünü ona dikmir, lakin bir sual yaranır içində ki, bu imtiyazlardan sui-istifadə edənlər niyə öz doğmasının ruhuna hörmət etmir… Bu sualın yaranması o demək deyil ki, həmin adam şəhid ailəsinə hörmətsiz davranır. Bu, çox vaxt o deməkdir ki, həmin adamın öz problemi vaxtında həll edilməyib.
Burada dövlətin böyük məsuliyyəti var.
İmtiyazlı ailə ona verilən imtiyazdan sui-istifadə edirsə, bunun üçün sıravi vətəndaşın da özünü dövlət tərəfindən unudulmuş hiss etməməsi gərəkdir.
Dövlət şəhid ailəsinə və qaziyə xüsusi qayğı göstərməlidir – bu, müzakirə mövzusu belə deyil, ola da bilməz… Amma DÖVLƏT BABA paralel olaraq, ümumvətəndaşın sosial-iqtisadi problemlərini də elə səviyyədə həll etməlidir ki, birinə verilən haqq digərinin gözündə haqsızlıq kimi görünməsin.
Ədalət bir qrupdan alıb, digərinə vermək deyil. Ədalət hamının haqqını öz yerinə qoymaqdır.
Əgər sən bir şəhid ailəsinə ev verirsənsə, çox doğru edirsən.
Amma minlərlə ailənin niyə ev ala bilmədiyini də düşünməlisən.
Qaziyə güzəşt verirsənsə, verməlisən.
Amma digər vətəndaşın da niyə illərlə sosial problemdən çıxa bilmədiyini həll etməlisən.
Çünki dövlətin vəzifəsi cəmiyyətdə imtiyaz qısqanclığı yaratmaq yox, ədalət hissini möhkəmləndirməkdir.
Yuxarıda qeyd etdiyim kimi, bir Şəhidin də anasının öz Şəhidi ilə digər Şəhidin adını qarşı-qarşıya qoymuşdu…Bizim oğlumuz da şəhid olub, amma onu Xudayar kimi tanımadılar… Bu nədir əcəba? Əslində bu cümlənin altında bir ana ağrısı var, bunu da görmək lazımdır. Heç bir ana ŞƏHİD balasının daha az xatırlanmasını istəməz… Təəssüflər olsun ki, bizdə bu nümunələr çoxdur. Ta 20 yanvar hadisələrindən bugünədək…
Amma və lakin…çıxış yolu başqa şəhidin adını kiçiltmək deyil.
Bir Şəhidin daha çox tanınması digər Şəhidin daha az qiymətli olması demək deyil.
Şəhidlərin arasında şöhrət yarışı aparmaq ən yanlış yarışdır.
(Bir zamanlar şəxsimə aid yazı yazmışdım… Təəssüf ki, hökümətin yerli idarəetmə orqanlarından biri Şəhidin övladı müxalifətçi olduğu üçün onun barelyefinə də fərqli mövqedən yanaşıb, qoyulduğu yerdən qaldırmışdı… Bu gün də o məsələ öz həllini tapmır. Mövzudan yayınmayım…)
Dediyim kimi, Şəhidlərin arasında şöhrət yarışı aparmaq yanlışdır…
Biri xalqın yaddaşında mahnı ilə qalır, biri şəkli ilə, biri videosu ilə, biri özü ilə, digəri haqqında yazılan kitablarla, birisi də ailəsinin yaddaşında… Vətən üçün verilən canın qiyməti isə bunlarla ölçülmür. Şəhidin müqəddəs dəyəri onun nə qədər reklam olunması ilə müəyyən edilmir.
ŞƏHİDİN QİYMƏTİ ONUN UCA MƏQAMDA OLMASIDIR!
Biz nə edirik bəs? Ən təhlükəlisi də bizim etdiyimizdir… Biz şəhidin adına hörmət etməli olduğumuz halda şəhid ailələrini bir-birinə qarşı qoyur, qazini qorumaq əvəzinə qaziləri öz aralarında müqayisə edir, sonrada sıravi vətəndaşı onların qarşısına çıxarırıq. Bax, beləcə də cəmiyyət üç yerə bölünür. Şəhid ailəsi, qazi, sıravi vətəndaş… Halbuki biz hamımız eyni dövlətin, eyni cəmiyyətin övladlarıyıq və hər birimiz öz bacardığımız qədər vətənimizin ərazi bütövlüyü, suverenliyi üçün addımlar atırıq…
Hamımız bu cəmiyyətin övladlarıyıq, kimsəni başqa dövlətdən, başqa ölkədən gətirməyiblər… Bu gün birinin dərdini digərinin dərdinə qarşı qoymaqla, kimsənin yarası sağalmır.
Açıq deyəcəyəm… Şəhid ailəsi də öz hərəkətlərinə diqqət etməlidir.
Onların da məqamı, yeri Şəhidinə uyğun olmalı, hərəkətləri, addımları ona görə ölçməlidir. Əgər yanlış edirlərsə, Şəhidi var deyə alqışlanmamalıdır. Əgər onların hərələti ictimai davranışı ilə kimlərisə narahat edirsə, bunu onların özü ilə danışmaq lazımdır.
Çünki Şəhid atanın, qardaşın, babanın, həyat yoldaşın adı o davranışlarda da görünür, onlara layiq olmaq lazım… Burada məqsəd insanı əzmək deyil, ona məsuliyyətini xatırlatmaqdır. Eyni söz qaziyə də deyilməlidir ki, siz bu ölkə üçün fədakarlıq etmisiniz. Elə buna görə də davranışınız başqalarına nümunə olmalıdır. Bu, qaziyə hörmətsizlik deyil, əksinə, qaziyə olan hörmətin ən yüksək formasıdır.
SIRAVİ VƏTƏNDAŞA İSƏ SÖZÜM BUDUR:
Şəhid ailəsinin üstünə bu qədər getməyin, bir-iki qaziyə görə bütün qaziləri ittiham etməyin, bir nəfərin səhvinə görə bütöv bir təbəqəni ləkələməyin, kiminsə bir problemi varsa, onun səbəbi bu təbəqələrdə deyil. Çünki hər kəsin özünə aid haqqı var və bu haqqı başqasının əlindən almaq lazım deyil.
Bizim haqqımızı dövlət təmin etməlidir. Ona görə də narazılığımızı doğru ünvana yönəltməliyik.
Tələbi dövlətdən etmək lazımdır!
Daha ədalətli sistem!
Daha yaxşı sosial siyasət!
Amma bunu edərkən də öz vicdanımızı itirməməliyik…
SEVGİLİ DÖVLƏT BABA!
Bu gün cəmiyyətdə yaranan bir çox gərginliyin kökündə təkcə insanların xarakteri dayanmır. Düzgün tənzimlənməyən sosial siyasət dayanır. Şəhid ailələrinə və qazilərə verilən güzəştlər şəffaf, aydın və ədalətli mexanizmlərlə qurulmalıdır. Ümumvətəndaşın sosial problemləri də paralel şəkildə həll edilməlidir. Çünki sosial ədalət zəiflədikcə, insanlar bir-birinin haqqına göz dikməyə başlayır. Birinin aldığı güzəşt digərinin qəzəbinə çevrilir, digərinin aldığı yardım bir başqasına haqsızlıq kimi görünür. Və nəticədə dövlətin həll etməli olduğu problem vətəndaşların bir-biri ilə davasına çevrilir. Bu isə ən pis nəticədir, çox pis tendensiyadır, SOS Siqnalının çalınma zamanıdır…
Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə bu istiqamətdə dəfələrlə hökümətə müraciət edib, təkliflər verib. Sözügedən kəsimin avtomatik olaraq, sistemdə imtiyazları tənzimlənməli, kimsənin qapısı döyülməməli, aidiyyəti qurumlar bu məsələlər ilə məşğul olmalıdırlar!
Şəhidlərimiz bu xalqın arasına nifaq salmaq üçün can vermədilər, qazilərimiz bunun üçün can verməyə hazır olmadılar…
Onların bizə qoyduğu ən böyük miras torpaqdan da əvvəl birlik, ləyaqət və Vətən hissidir.
Ona görə o ailələrdən birinin səhvini görürüksə, onu təhqir etmədən deməliyik. Çünki ən böyük hörmətsizlik Şəhidin adına sığınaraq, cəmiyyəti bir-birinə düşmən etməkdir. Və ən böyük hörmət də yalnız “Allah rəhmət eləsin” demək deyil.
Hörmət, sevgi, minnətdarlıq Onların uğrunda can verdiyi ölkədə bir-birimizə insan kimi davranmağı bacarmaqdır!
Sən də duy, DÖVLƏT BABA!
Bu qarmaşa dünyada bizim bizdən başqa kimsəmiz yoxdur, bütün çətinliklərdə, bütün ağrılarda, bütün faciələrdə sənin yanında dayanan bu cəmiyyətdir. Nə qədər onu incitsən belə… Sən də bu cəmiyyətə bir sığalı çox görmə…
Bütün Şəhidlərimizin ruhu şad, qazilərimizin canı sağlam olsun!
YAŞASIN AZƏRBAYCAN!
Şərh yaz