Biz torpaqlarımızı əsarətdən birlikdə azad edəcəyik – İQBAL AĞAZADƏ

83

Azərbaycan Ordusu 102 yaşını qeyd edir

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

umidparty.org xəbər verir ki, Qarabağ qazisi, Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanın zabit və əsgər heyətini təbrik edib. Təbriki izləyicilərimizin diqqətinə çatdırırıq:

Əziz Vətən övladları – igid əsgərlər, hərbçi bəylər və xanımlar!

Silahlı Qüvvələr Günü münasibətilə sizləri təbrik edirəm!

Kaş sizlərlə birlikdə mən də o səngərlərdə olaydım. Heç olmazsa, işğal olunmuş Şuşamızın ətrini o səngərlərə gətirən küləklər mənim də üzümü, ruhumu oxşaya biləydi.

Siz xoşbəxtsiniz… Həm Vətəni qorumaq kimi bir şərəfli işi yerinə yetirdiyiniz üçün, həm də Qarabağa bizdən daha yaxın olduğunuz üçün.

Bağrıma basıram hər birinizi…

P.S. Heç bir əsgər səngərdən qaçmayıb. Bizim səngərdən Azərbaycan siyasətçiləri qaçıblar. Əsgəri səngərdə saxlayan onlara komanda verənin bacarıq və qabiliyyətidir. Və təəssüf ki, siyasətçilərin səngərdən qaçmağının bədəlini ağır ödəmişik – işğal altında olan torpaqlarımız var…

P.P.S. Əziz zabit və əsgər heyətimiz!

İnanın və ümidinizi itirməyin. Biz torpaqlarımızı əsarətdən birlikdə azad edəcəyik. Üçrəngli müqəddəs bayrağımızı Şuşa qalasından birlikdə sancacağıq!

Tanrı sizləri qorusun!

Sevgi və sayğılarla

Qarabağ qazisi, Ümid Partiyasının sədri

İqbal Ağazadə

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz