Azərbaycan və Ermənistan dövlət müstəqilliyini və ərazi bütövlüyünü tanımaq barədə sənədə imza atmalıdır – İQBAL AĞAZADƏ

Noyabrın 9-dan 10-na keçən gecə bağlanılan sazişdə məsuliyyətli olan Türkiyə, Rusiya və Ermənistan tərafdarlarının, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə dövlət müstəqilliyini və ərazi bütövlüyünü tanımaq barədə sənədə imza atmalıdırlar. Azərbaycan bunu etsə,  Ermənistanın iddiaları avtomatik olaraq sıradan çıxacaq.

Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə  APA TV-nin canlı efirində qonaq olarkən deyib. Partiya sədri “10 noyabrdan sonrakı Qarabağda hadisələr hansı istiqamətdə cərəyan edir?”, “Bu istiqamətdən bizim gözləntilərimiz nədir?”, “Burada hökümətin, müxalifətin mövqeyi nədir?” və s. kimi sualları cavablandırıb.

Partiya sədri bildirib ki, 27 sentyabrdan öncə hansı siyasətçiyə, hansı siyasi xadimə, hansı vətəndaş cəmiyyətinin nümayəndəsinə və ya sıravi azərbaycanlıya Qarabağla bağlı sual versəydin, ilk cümləsi belə olardı – Şuşasız, Laçınsız, Kəlbəcərsiz Qarabağ yoxdur deyərdilər. Və haqlı idilər. Çünki həm Şuşa, həm Laçın, həm də Kəlbəcər haqqında uzun illərin danışıqlarında qarşı tərəfin də, danışıq aparan tərəfin də mövqeyi bəlli idi. Həmişə bu rayonların bizə verilməsini şübhə altında saxlayırdılar və əhali də bunun üzərində köklənmişdi. 44 günlük müharibə gətirib elə bir situasiya yaratdı ki, cəmiyyət olaraq, Şuşaya çıxdıq və Xankəndini ayaqlarımız altında gördük. Kəlbəcərə çıxdıq, Ağdərəni ayaqlarımız altında gördük. Arzular da təbii ki, dəyişir. Haqlı olaraq, dəyişir. Çünki o torpaqlar bizimdir. Şuşadan sonra diqqətlərin təbii ki, Xankəndinə, Xocavəndə, Əsgərana istiqamətlənməsi çox normaldır. Arzuların həyata keçməsi insanın istək və düşüncələrinin məhsuludur. Azərbaycan haqlıdır, Azərbaycan insanı da bütün bu sualları verməkdə haqlıdır. Çünki pillə-pillə bu məsələlərdə arzularını, dövlətinin marağını, həm də haqqı olan məsələlərin yerinə yetirilməsini istəyir. Biz indi Şuşadan Xankəndini görürük və Xankəndinin bizim olması üçün bütün hüquqi imkanların, dövlətin, cəmiyyətin imkanlarının səfərbər olması istiqamətində “PR” aparır, mövqe ifadə edir, düşüncələrimizi qoyuruq.

Azərbaycan hökuməti də, danışıq aparan tərəflər də bunu nəzərə almalıdır. 10 noyabrdan sonra Azərbaycandan Qarabağ necə görünür? 10 noyabr bizim nəzarətimizdə olmayan və yaxud faktiki nəzarət edə bilmədiyimiz ərazilər baxımından bizim üçün çox qiymətlidir. Azərbaycan hökuməti ilk növbədə danışıqları işçi qrupundan kənar səlahiyyətli nümayəndə kimi aparmaq üçün prezidentin köməkçilərindən birini bu məsələlər üzrə səlahiyyətli nümayəndə təyin etməli idi. Xarici İşlər Nazirliyindən və yaxud da İşçi Qrupunun tərkibində Şahin Mustafayevdən kənar. Təəssüf ki, bu olmadı, deyə partiya sədri qeyd edib.

Çıxışının davamında İqbal Ağazadə əlavə edib ki, işğaldan azad olunmuş ərazilər üzrə səlahiyyətli nümayəndə danışıqlarda iştirak etməliydi, Azərbaycanın tələblərini qoymaq, sülhməramlı missiyanın rəhbəri, yerli sakinlərlə görüşmək, ortaya çıxan problemlərin hamısına, əsirlərlə və girovlarla bağlı məsələlərə reaksiya vermək və s. onun işi olmalı idi. Hərbi cinayətlərlə bağlı, Respublika Prokurorluğu tərəfindən axtarışa verilənlərə qarşı iddia irəli sürməli, Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşları ilə birbaşa təmasa keçməli idi. Təəssüf ki, bunu hakimiyyət etmədi.

İndi işçi qrupu səviyyəsində danışıqlar gedir. Orada kommunikasiya sistemlərinin  açılması, əlaqələrin bərpası və s. müzakirə olunur. Ümid Partiyası olaraq bunu da təklif etmişdik, bir daha sizin efir vasitəsi ilə də təklif edirəm. Hökümət bunu mütləq nəzərə almalıdır və mütləq oradan başlamalıdır. Başqa halda bizim uduş və haqqımızı bərpa etmək imkanlarımız çox aşağıdır – deyə I Qarabağ savaşının qazisi bildirib. 

İqbal Ağazadə Azərbaycan-Ermənistan məsələsi ilə bağlı hökumətə təklif də verib: Azərbaycan  müharibənin bu mərhələsində 44 günlük savaşdan sonra, masa ətrafında gedən müharibədə Ermənistan və Azərbaycan üçün qarşılıqlı sənəd hazırlamalıdır: Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi sənədlər çərçivəsində ərazi bütövlüyünü və dövlət suverenliyini tanımaqla bağlı. Bu sənəd masaya qoyulmalıdır. 9-dan 10-na keçən gecə bağlanılan sazişdə məsuliyyətli olan Türkiyə, Rusiya və Ermənistan tərafdarlarının, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə dövlət müstəqilliyini və ərazi bütövlüyünü tanımaq barədə sənədə imza atmalıdırlar. Azərbaycan bunu etsə,  Ermənistanın iddiaları avtomatik olaraq, sıradan çıxacaq. Hətta Ermənistan tərəfdən növbəti hər hansı bir iddia beynəlxalq qarşıdurmaya səbəb ola bilər. Böyük ehtimalla Ermənistan bu sənədi imzalamayacaq, imtina edəcək və Azərbaycanın beynəlxalq aləmdə çox böyük imkanları yaranacaq.

Sözügedən efiri izləyicilərə təqdim edirik:
10 noyabrdan sonrakı Qarabağ – İqbal Ağazadə | APAralel

Şərh yaz